Bəxtiyar Məmmədov 2 milyon manatlıq maxinasiyanın üstünü açdığı üçün tutuldu
“Inamla hüquq” MMC-nin direktoru Hərbi Dəniz Qüvvələrinin komandiri Şahin Sultanovun şikayəti əsasında saxlanıldı
Dövlət Bayraq Meydanı ətrafında baş verən maxinasiyaları ictimailəşdirən “Inamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov dekabrın 30-da həbs edilib. “Azadlıq”a daxil olan məlumata görə, hüquq müdafiəçisinə qarşı cinayət işi Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandiri, vitse-admiral Şahin Sultanovun qondarma şikayətinə əsasən qaldırılıb. Onun şikayətinə əsasən B.Məmmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayel polisinə çağırılan B.Məmmədov orada saxlanılıb və Səbayel Rayon Məhkəməsinə aparılaraq barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Belə ki, Şahin Sultanov Dövlət Bayraq Meydanının ərazisinin genişləndirilməsindən sui-istifadə edərək 28 hərbçi ailəsinin evlərini qanunsuz olaraq əllərindən alır. Bunun müqabilində isə onlara naməlum mənbədən 10 min manat kompensasiya ödəyir.
Bəxtiyar Məmmədov həbsindən əvvəl mətbuata açıqlamasında Sultanovun qanunsuz əməlləri barədə Baş Prokurorluğa, Korrupsiyaya qarşı Mübarizə Idarəsinə, Səbayel Rayon Prokurorluğuna çoxsaylı şikayətlər etdiyini bildirmişdi. Onun şikayətləri baxılmamış qalıb. Ancaq məlum səbəblərdən vitse-admiralın şikayəti dərhal araşdırılmağa başlanılıb.
Məlumatlara görə, Şahin Sultanov ona və HDQ-də çalışan qızına təzyiqlər göstərib. Buna baxmayaraq hüquq müdafiəçisi geri çəkilməyib.
“Azvirt” şirkətindən “Inamla Hüquq” MMC-yə daxil olan 578 saylı məktubdan məlum olur ki, ərazidə yol tikintisinin sifarişçisi “Azəryolservis” ASC-dir. Bəxtiyar Məmmmədov yazdığı çoxsaylı məktublarında birində qeyd edir: “Podratçı təşkilat olan ”Azvirt”dən 290 min manatı Şahin Sultanovun alıb paylaşdırması qanunsuzluqdur. Həmin pul niyə Sultanova ödənməliydi? Cənablar, bina dövlət ehtiyacları üçün alınırsa, dövlət alınan mənzillərə görə sakinlərə ədalətli kompensasiya verir. Sizə nə düşüb (Sultanovu nəzərdə tutur – R.D.) 4 nəfərlik ailə tərkibi olan zabit Emil Əzizova bu vurhavurda 20 kvadrat metrlik xidməti mənzil təklif edirsiniz? Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarına əsasən, hər bir vətəndaşa 18 kvadrat metr yaşayış sahəsi verilməlidir. Məntiqlə 4 nəfərlik ailə tərkibi olan zabitə 72 kvadratlıq mənzil təklif edə bilərdiniz, bəs niyə 20 kvadrat metr verirsiz? Özü də hansı mənzil? Mənzilin əvvəlki sahibi kapitan rütbəsində olmuş zabit borc içində üzdüyünə görə özünü asıb. Bəli, cənab Şahin Sultanov, həqiqət budur”.
Hüquq müdafiəçisi həmçinin Ş.Sultanovun evləri tikinti sahəsinə düşməyən hərbçilər – Zahir Mustafayev, Rəşad Yusifov, Vüqar Hacıyev və Natiq Əmirova məxsus evləri də qanunsuz olaraq söküntü ərazisinə daxil etməsini üzə çıxarmışdı: “Bu evlərin altındakı torpaqlar dövlət ehtiyacları üçün alınmayıb. Şahin Sultanov həmin evləri söküləcək evlərin gözünə qatmaqla altındakı torpaq sahələrinə sahib çıxmaq istəyir. Arada dövlətin pulu gedir, hərbçilərdə dövlətə inamsızlıq yaranır”.
Şahin Sultanov Ilham Əliyevin müşaviri Əli Əsədovun adını çəkməklə zabitlərdən evlərindən çıxmalarını tələb edir.
Ərazidə yaşayan mülki şəxslərə 100-150 min manat kompensasiya verilməli olduğu halda 10 min manat ödənilir.
Bəxtiyar Məmmədov meydan ətrafındakı ərazinin 2 milyon manata satılmasını və hərbçi ailələrinin çirkin korrupsiya oyununun qurbanına çevrilməsini də diqqətə çatdırmışdı. Ancaq rəsmilərdən bu ittihamlara cavab verən tapılmamışdı.
Xatırladaq ki, Dövlət Bayrağı Meydanı ərazisində bir neçə 9 mərtəbəli ev sökülüb. Sakinlərin çoxu təklif edilən şərtlərlə və kompensasiya ilə razılaşmayıb, lakin köçürülüb. Sakinlərin əksəriyyəti öz hüquqlarını məhkəmədə müdafiə etmək istəsə də, nəticəsi olmayıb.
A.Quliyev küçəsi 4A və 4B ünvanında yaşayan 25 ailənin hər birinə 10 min manat verilərək binadan çıxarılıb. Ödənilən 250 min manatın mənbəyi hələ də məlum deyil.
Ramin DEKO


