Ekspert Əli Həsənovun yalanını çıxartdı

Qubad İbadoğlu: «Inflyasiya və əhalinin gəlirləri ilə bağlı deyilənlər mövcud reallığı əks etdirmir»

“Bu dövr ərzində iqtisadiyyatımız üç dəfə, dövlət büdcəsi 20 dəfə artıb, 50 milyard dollar həcmində valyuta ehtiyatımız formalaşıb. Ölkənin enerji potensialı güclənib, iqtisadiyyatı şaxələndirilib, qeyri-neft sektoru, sənaye sürətlə inkişaf edir. Ölkədə makroiqtisadi sabitlik qorunur, inflyasiya birrəqəmli səviyyədə saxlanılır. 2011-ci ilin 9 ayında inflyasiya 8,4 faiz təşkil edib, əhalinin pul gəlirləri isə 19 faiz artıb. Göründüyü kimi, əhalinin pul gəlirləri inflyasiyanı iki dəfədən çox üstələyir”.
Bunu, Prezident Administrasiyası (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ötən ilin iqtisadi yekunları ilə bağlı açıqlamasında deyib.
Iqtisadçı Qubad Ibadoğlu isə PA rəsmisinin açıqlamalarının reallığı əks etdirmədiyini deyir. Ə.Həsənovun inflyasiya ilə bağlı dediklərinə münasibət bildirən Q.Ibadoğlu inflyasiya göstəricilərinin uzun müddətdir şübhə doğurduğunu bildirdi: “Iqtisadi Tədqiqatlar Mərkəzi olaraq inflyasiyanın alternativ yolla hesablanmasını həyata keçiririk. Bu istiqamətdə peşəkar və beynəlxalq standartlara uyğun tədqiqatımız var. Bizim tədqiqatımız göstərir ki, 2011-ci ilin inflyasiyası 14 faiz olub. 14 faizlik inflyasiya 585 adda mal və xidmətin əsasında hesablanıb. Ona görə də hökumətin inflyasiya ilə bağlı dedikləri mövcud reallığı əks etdirmir və təhrif edir”.

Əhalinin gəlirlərinin artmasına gəlincə, iqtisadçı bu sahədə də vəziyyətin hökumətin təqdim etdiyi kimi olmadığını deyir: “Gəlirlərin artması o adamlara şamil olunur ki, onlar işləyirlər və rəsmi olaraq qazanc əldə edirlər. Həm müşahidələrimiz, həm də tədqiqatlarımız göstərir ki, ölkədə işsizliyin səviyyəsi ildən-ilə yüksəlir. Deyirlər ki, yüz min iş yeri açılıb. Çox istəyərdim ki, bizim rəsmilər 2011-ci ildə fəaliyyətə başlayan çox yox, 5 şirkət adı çəksinlər. Söhbət, hansısa kiçik müəssisədən yox, əmək bazarına töhfəsi olan müəssisədən gedir. Belə bir nümunəni göstərə bilməzlər. Ikincisi, orta aylıq əmək haqqı ilə bağlı rəsmi göstərici var. Bu göstərici ötən il təxminən 8.5 faiz artıb. Əvvəla, artan əhalinin nominal gəlirləridir. Nominal gəlirləri də misal gətirmək düzgün deyil. Söhbət, real gəlirlərdən getməlidir. Əhalinin nominal gəlirlərinin içərisində hökumətin aldığı vergilər də var. Bu baxımdan nominal gəlirlərlə mövcud reallığı əks etdirməyən inflyasiya göstəricisinin müqayisəsi nəticəsində fikir yürütmək düzgün deyil. Prezident elan etdi ki, 2011-ci ilin yekunlarına görə, ölkədə yoxsulluğun səviyyəsi 8 faizdir. Amma bu da mövcud reallığı əks etdirmir. Çünki yoxsulluğun hesablanması metodikası da qüsurludur. Yoxsulluğun səviyyəsi elan olunmuş səviyyədən ən azı, 2-2.5 dəfə yüksəkdir. Bunu, qlobal maliyyə böhranından əvvəl aparılan hesablamalar da təsdiq edir”.