“Dinc mitinqlərin təşkilinə görə həbs olunmuş 16 siyasi məhbusu, həmçinin qalan vicdan məhbuslarını azad edin”
ABŞ senatoru Con Makkeyn prezident İlham Əliyevə məktub göndərərək onu siyasi məhbusları azad etməyə çağırıb. Vaşinqtondakı diplomatik mənbələrdən “Turan”a məlum olub ki, məktubda sonuncu əfv sərəncamı ilə gənc fəal Cabbar Savalanlının azadlığa buraxılması müsbət qiymətləndirilib: “Mən dinc mitinqlərin təşkilinə görə həbs olunmuş digər 16 siyasi məhbusu, həmçinin qalan vicdan məhbuslarını azad etməyə çağırıram”.
Senator Fərhad və Rafiq Əliyev qardaşlarının indiyədək həbsdə saxlanmasından narahat olduğunu bildirib: “Onlar şərti olaraq və ya səhhətləri ilə əlaqədar vaxtından əvvəl azad edilə bilərdi. Bir prezident kimi Əliyev qardaşlarını və digər vicdan məhbuslarını azad etmək iqtidarına maliksiniz. Bu, ədalətli və düzgün qərar olardı, bizim ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsinə xidmət edərdi. ABŞ onunla yalnız əməkdaşlıq edən yox, həm də ümumi dəyərləri bölüşən, insan hüquqlarına, öz vətəndaşlarının azadlığına hörmət edən ölkələrlə münasibətləri qiymətləndirir”.


