Ziyalılar Forumunun son toplantısı da hakimiyyətin ünvanına sərt ittihamların səslənməsi ilə yadda qaldı. Xüsusilə tanınmış dramaturq və kinorejissor Rüstəm Ibrahimbəyovun çıxışı kifayət qədər kəskin tonda oldu. Hazırda hakimiyyətdə əyləşənləri primitiv və səviyyəsiz adlandıran R.Ibrahimbəyov vurğuladı ki, dəyişikliklər, islahatlar təkcə qanunlar üzərində yox, insanlara münasibətdə olmalıdır.
Bundan başqa, R.Ibrahimbəyov ölkə ziyalılarına çağırış da etdi: “Camaat qorxudan azad olmalıdır, danışmalıdır. Gördünüzmü Rusiyada nə baş verdi? 100 min nəfər meydana çıxdı. Mən demirəm orada nəsə dəyişəcək, amma başa düşdük ki, bunlar xalqdır. Bizimkilər daş-dəmir götürüb mağazaları sındırırlar. Bir dəfə görmədim ki, 5-6 min ziyalı meydanda yığışıb sözünü desin. Biz 5-6 nəfər bunu edəndə, üstümüzə düşürlər. Sayımız artsa, gücümüz çoxalar. Gəlin birləşək və həqiqəti danışaq”.
R.Ibrahimbəyovun çağrışına ölkənin tanınmış ziyalılarının mövqeyini öyrəndik.
Professor Əli Abbasov R.Ibrahimbəyovun çağırışının reallıqla səsləşdiyini bildirdi. Ziyalılar Forumunun tədbirinin keçirilməsinə imkan yaradılmamasının təsadüfi olmadığını vurğulayan Ə.Abbasov dedi ki, bununla iqtidar bir daha ziyalı sözünə münasibətini sərgilədi: “Ziyalılara edilən müraciət zamanın tələbidir. Düşünürəm ki, cəmiyyətin aydınlarına bu cür səslənməyə biganə qalmaq olmaz. Çünki bu müraciətə qulaq asmaq ölkənin taleyi baxımından vacibdir”.
IP Koordinasiya Şurasının üzvü, tanınmış ziyalı Mehriban Vəzir də düşünür ki, R.Ibrahimbəyovun ziyalılara müraciəti tam zamanına təsadüf edib. M.Vəzirin fikrincə, ölkədə çox ciddi proseslərin getdiyi bir zamanda ziyalıların baş verənlərə biganə qalması yolverilməzdir: “Rüstəm Ibrahimbəyovun müraciətinə lazımi reaksiya verilməlidir. Çünki ziyalı həm də ölkədə baş verənlərə görə böyük məsuliyyət deməkdir. Ziyalılar ölkənin hazırkı ağır durumunda çiyinlərinə düşən vəzifəyə uyğun olaraq əllərindən gələni etməlidirlər.
Düşünürəm ki, hazırda ölkədəki korrupsiyanın bu səviyyəyə çatmasında, dövləti rüsvayçılığın geniş vüsət almasında biz ziyalıların da böyük məsuliyyəti var. Çünki biz imkan verməsəydik hazırkı iqtidar bu qədər harınlamazdı”.
Azərbaycan Ziyalı Hərəkatının sədri Eldəniz Quliyev də artıq ziyalıların bir araya gələrək vahid mövqedən çıxış etməsinin zamanının yetişdiyini dedi. Bu baxımdan R.Ibrahimbəyovun açıqlamasını təqdir etdiyini deyən E.Quliyev vurğuladı ki, ziyalılar ölkədəki demokratikləşmə prosesinin önünə keçərək çiyinlərinə düşən məsuliyyətin öhdəsindən gəlməlidirlər: “Azərbaycanda artıq sosial ədalətsizlik əndazəni aşıb. Bu gün cəmiyyətdə ziyalı sözünə böyük ehtiyac duyulur. Ona görə ziyalıların çağırışı eşidilməli və ziyalılar çiyin-çiyinə fəaliyyət göstərməlidirlər”.
Hikmət