“Azərbaycanda rüşvət dövlət siyasətidir”

“Biz deyirik ölkədə korrupsiya olmasın, islahatlar aparılsın, demokratik seçkilər keçirilsin”

«Ziyalılar Forumu»nun üzvü, professor Cəmil Həsənli 2012-ci ildə Azərbaycan ziyalısının fəaliyyətinə dair fikirlərini “Azadlıq” radiosuna bölüşüb. “2011-ci ildə bir neçə ziyalının milli maraqlar baxımından bir araya gəlib siyasi istəklərdən kənar, çox zəruri məsələlərlə bağlı mövqe nümayiş etdirməsi məndə ümidlər yaradıb. Ümidliyəm ki, 2012-ci ildə də bu davam edəcək və prosesin genişlənməsinə şərait yaradacaq”, -deyə o, bildirib.
«Ziyalılar Forumu»nun yığıncaqlarına yaradılan əngəllərin  onun fəaliyyətinə təsiri ilə bağlı suala cavabında C.Həsənli deyib ki, “Hyatt Regensy” otelində tədbirlərinin baş tutmasına süni maneçilik yaradılıb. Onun fikrincə, belə bir dünya səviyyəli otellər şəbəkəsində bu cür hadisənin baş verməsi xoşagəlməz haldır.

Rüşvət artıq bank hesablarına köçürdülür

“Bizim istəklərimiz bu millətin maraqları ilə bağlıdır. Biz deyirik rüşvət, korrupsiya olmasın. Ölkədə islahatlar aparılsın. Azad, ədalətli, demokratik seçkilər keçirilsin. Vətəndaşların hüquqlarına hörmətlə yanaşılsın. İşğal altında olan Azərbaycan torpaqlarının azad olunması istiqamətində əməli addımlar atılsın”, – deyə professor vurğulayıb.
C.Həsənli daha sonra ölkədəki rüşvətxorluq problemi üzərində geniş dayanıb: “Bu gün Azərbaycan bəlkə də dünyanın yeganə ölkəsidir ki, artıq rüşvət bank hesablarına köçürdülür. Belə bir rüsvayçılığı təsəvvür etmək də çətindir. Rüşvət o qədər qanuniləşib, o qədər adi hal alıb ki… Vergilər Nazirliyi kiçik müəssisələrdən, iş adamlarından, biznesmenlərdən rüşvət tələb edir və onlara hesab nömrəsi verir ki, pulu ora keçirsinlər. Yəni bu artıq rüşvətin dövlət siyasəti olmasının açıq aydın təzahürüdür”.
 
Ziyalıların əlindən alına biləcək yalnız ağıllarıdır

Ziyalılara təzyiq üçün onların əlindən alına biləcək nələrinsə olub-olmadığı haqda suala cavabında C.Həsənli bunları deyib: “Bu adamların əlində elə böyük bir şey yoxdur. Onların başlarında ağılları var. Bilmirəm, əgər onu müsadirə etmək mümkün olsa, bəlkə bu yolla onların əlindən nəsə alsınlar. Bu adamların maddi cəhətdən elə böyük bir zənginliyi yoxdur. Digər tərəfdən, əgər nələrisə varsa da bunu onlar öz zəhməti, qabiliyyəti, istedadı ilə qazanıblar. Yəni onun nə rüşvətə, nə korrupsiyaya, nə dövlət büdcəsindən
mənimsəməyə, nə də mənbəyi məlum olmayan gəlirlərə hər hansı dəxli var”.   
 
Azərbaycan dəyişən dünyanın bir hissəsi olmalıdır

«Ziyalılar Forumu»nun hakimiyyətin «B» planı olduğuna dair iddialara cavab olaraq C.Həsənli bildirib ki, onların yeganə istəyi ölkədə normal hakimiyyətin olmasıdır: “Kim bizim arzuladığımız və bu millətin taleyində mühüm rol oynayacaq islahatları aparmaq, azad ədalətli, demokratik bir Azərbaycan qurmaq istəyirsə, biz onun tərəfindəyik. Bizim mübarizəmiz hakimiyyət uğrunda deyil, milli maraqlar uğrunda mübarizədir”.
2012-ci illə bağlı gözləntilərini isə professor belə ifadə edib: ”Dünya daha böyük sürətlə dəyişir, qloballaşır, demokratikləşir. Hesab edirəm ki, bu proses 2012-ci ildə daha da dərinləşəcək. Diktator rejimlərinə qarşı əvvəlki illərdə başlanmış siyasət davam etdiriləcək. Dünyanın, eləcə də ayrı-ayrı ölkələrin demokratikləşməsi istiqamətində 2012-ci ildə əhəmiyyətli addımlar atılacaq. Azərbaycan da dəyişən dünyanın bir hissəsi olmalıdır”.