Respublikaçılar Obamaya qarşı ən real namizədini seçir
ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərilə bağlı təşviqat kampaniyasının başladığı Ayova ştatında Respublikaçılar öz aralarında prezidentliyə ən real namizədi müəyyənləşdiriblər. Ilkin seçkilərdə Massaçusets ştatının keçmiş qubernatoru Mit Romni qələbə qazanıb.
Massaçusets ştatının qubernatoru olan Mit Romni əsas rəqibi Rik Santorumdan çox cüzi fərqlə çox toplayaraq qalib olub. Romni 30.015 səs, əsas rəqibi Rik Santorum isə 30.008 səs toplayıb. Respublikaçıların partiyadaxili seçkilərində əsas rəqiblər Mit Romni, Texas konqresmeni Ron Pol və Pensilvaniya ştatından sabiq senator Rik Santorum hesab edilirdi.
Növbəti praymeriz yanvarın 10-da Nyu-Hempşir ştatında keçiriləcək. Bu ştatda keçiriləcək seçkilərdə ABŞ-ın Çindəki sabiq səfiri, Yuta ştatının keçmiş qubernatoru Con Xantsmen də mübarizəyə qoşulacaq. Respublikaçıların prezidentliyə namizədi yayda Florida ştatının Tampa şəhərində keçiriləcək milli qurultayda irəli sürüləcək.
ABŞ-da prezident seçkiləri bu il noyabrın 6-da keçiriləcək.
Barak Obamanın potensial rəqiblərindən olan Mit Romni 2000-ci ildən prezident seçkilərində iştirak edən ən varlı Respublikaçı namizəddir. Romninin varidatı 250 milyon dollar dəyərləndirilir.
Informasiya şöbəsi