45 ilin neftçisi Rövnəq Abdullayevə dərs keçdi

“Nefti xammal kimi satmaq savadsızlıqdır”

«Dünyanın 100 illik emal təcrübəsi olan heç bir ölkəsi neftini xammal kimi satmazdı»

Neft sahəsi üzrə peşəkar mütəxəssis, sovetlər dönəmindən 90-cı illərin ortalarına qədər neft emalı və satışına nəzarət edən Fəraməz Məmmədov mövcud neft strategiyasının təkmilləşdirilməsi ilə bağlı ARDNŞ prezidenti Rövnaq Abdullayevə açıq məktub ünvanlayıb: Neft emalı üzrə 100 illik təcrübəsi, elmi və kadr-potensialı olan bir ölkədə nefti xammal kimi satmaq böyük səhvdir. Mən 45 il neft-kimya müəssisələrində ondan 25 ilini Bakı Şin Zavodunda və 20 ilini isə “Azərneftyağ” Istehsalat Birliyində rəhbər vəzifələrdə işləmişəm. Neft elə bir xammaldır ki, onun ən yüksək dəyərini çox mərhələli emal prosesləri tətbiq etməklə daha baha dəyərli məmulatların istehsalını təşkil etmək olar. Bununla həm də qeyri-neft sənaye sahələrini inkişaf etdirmək olar.  

Hər il milyardlar itiririk

Ölkənin müdafiəsi üçün gərəkli olan strateji məmulatlara və əhalinin bu mallara (məsələn, bütün ölçülərdə olan avtomobil, traktor, avio-moto-velo şinləri, bütün rezin-texniki məmulatlar, plastik kütlədən hazırlanan mallar, sürtgü və motor yağları və s.) olan tələbatını neftin çox da dərin olmayan emal prosesləri vasitəsilə təmin etmək olar. Yaxın keçmişdə bu ehtiyaclar respublikadakı istehsal hesabına təmin olunurdu.
Maya dəyəri satış qiymətindən 4-6 dəfə ucuz qiymətə başa gələn və ölkəmizdə tənzimlənmiş texnologiya ilə 50-ilə yaxın sənaye miqyasında – kütləvi halda istehsal olunan bu malları hazırda ölkəyə xarici bazarlardan gətiririk.
Hər il bu cür “ticarət” əməliyyatlar hesabına ölkədən 100 milyonlarla ABŞ dollarlarının getməsinə şərait yaradırıq.
Analoji vəziyyət maşınınların, kənd-təsərrüfatı texnikasının motorlarında istifadə olunan sürtgü yağlarının da xaricdən gətirilib satılması ilə təkrar olunur.  

Xam neftdən kim necə yararlanır?

Hazırda dünyada hasil edilən xam neftin təxminən 60-70 faizini ABŞ satın alır. Yəni, OPEK üzvü olan və olmayan xam neftini ixrac edən ölkələrdən alaraq onardan həm Avropada, həm Asiyada, həm Afrika-Avstraliya-Okeaniyada və Amerika qitəsində yerləşən müxtəlif təyinatlı neft-kimya müəssisələrində polimer materialları, şinlər, rezin-texniki məmulatları, plastik-elastik kütlələr, partlayıcı maddələr, yanacaq materialları  və s.kimi əvəzedilməz hərbi-strateji mallar istehsal edirlər.  
Sadə dillə desək, gündəlik həyatımızda, yəni məişətdə, hərbi sahədə, istehsal proseslərində, istifadə etdiyimiz elə bir mal, avadanlıq, texnika, maşın və mexanizm xidmət sahəsi yoxdur ki, orda neftin iştirakı olmasın.
Fikrimcə emal gücü, texnologiyası, elmi-texniki bazası,  savadlı və təcrübəli kadr potensialı və 100 ilə yaxın emal təcrübəsi olan dənizdən və qurudan minbir əziyyətlə nefti çıxarıb xammal kimi satmaq böyük səhv və savadsızlıqdır.
Nefti xammal kimi satan OPEK dövlətlərində və digərlərində neftin emalı sənayesi, texnologiyası, kadr potensialı ya tamamilə yoxdur, ya da çox zəifdir, məhz bu səbəbdən həmin ölkələr çıxarılan nefti xammal kimi satmağa məcburdular. Ancaq ərazisi neftlə zəngin olan Alyaska ştatında ABŞ dövləti neft quyularının ağzını bağlayıb gələcək nəsillər üçün saxlayır. Azərbaycanda isə indi ildə 50 milyon ton civarında neft çıxarılır. 1980-1990 illərdə bizdə illik  
14-15 milyon ton neft çıxarılırdı. Indiki Heydər Əliyev adına Bakı Neftayırma zavodu və “Azərneftyağ” 25 milyon ton nefti emal etmək gücündə idi. O zaman biz əlavə 10-11
milyon ton nefti xaricdən (Qərbi-Sibir, Qazaxstanın kükürdlü neftləri) alırdıq. Bu emal gücündən tam-maksimum istifadə etmək məqsədi ilə edilirdi. Indi isə bizdə emal gücümüzdən qat-qat artıq neft hasil edilir. Təsəvvür edin ki, 25 milyon ton emal gücü olan bir ölkə nefti xammal kimi xaricə satır.

Faktlara nəzər salaq

1953 cü ildə Sumqyıtda sintetik kauçuk kombinatı, 1959-cu ildə isə Bakı şin zavodu istismara verilmişdi. Sumqayıt SK kombinatında Bakı şin zavodu üçün əsas xammal sayılan BSK, Butil kauçukları Qaradağ rayonunda istehsal olunan soba dudası, neft ayırma zavodunda hazırlanan PN -6 yağı, Rubraks, SPP qətranları, regenerat, polad kanatlar zavodunda APL-8 markalı latunlaşdırılmış polad tellər istehsal olunurdu ki, buda 1,850 miliyon şin istehsal gücü olan Bakı şin zavodunda yük, minik, kənd təsərrüfatı texnikası və motosiklet şinləri və o qədər də rezin kamerlər istehsal edilməsini təmin edən yerli xammallar idi. Bakı şin zavodu 1959-cu ildən 1993-cü illərə gədər tam gücü ilə işləyirdi. SSRI-nin sayılıb-seçilən strateji obyektlərindən biri hesab olunurdu. Şin zavodunun tərkibində illik gücü 250 min ədəd bütün ölçülərdə yük və minik avtomobil şinlərinin təmiri sahəsi, bu sahənin ildə 50 min ədəd pakrışka təmir edən Gəncə filialı var idi. Balaxanıda RTM sexi və nəhayət Mingəçevirdə 1965-cı ildə buraxılan RTM zavodları tam istehsal proqramları ilə müvəffəqiyyətlə fəaliyyət göstərirdi.
Müstəqillik dövründə 1992-ci ildən başlayaraq bu müəsisələr  yeni yaradılan “Azərkimya” birliyinin tabeliyinə verildi. Birlikdəki, səriştəsiz rəhbərliyin sayəsində yavaş-yavaş bu strateji müəssisələrin süqutu başlandı və 8-10 il ərzində bütün obyektlərdə istehsal prosesləri tədricən  dayandırılaraq və qızıldan qiymətli qurğular, texnoloji maşın və mexanizmlər, konveyerlər, avtomatik axın xətləri və digər unikal -avadanlıqlar  qurğular metalloma çevrilərək, qarət və talan olundu.
Bu cür yanaşma ilə aparılan islahat nəticəsində 10 minlərlə strateji məhsullar istehsal edən iş yerləri qapandı.
Bunun nəticəsində respublikaya gərəkli olan strateji məhsullar-şinlər, rezin texniki məmulatlar, motor və sürtkü yağları xaricdən gətirilməklə bərabər 10-15 dəfə baha qiymətə satılmaqla respublikadan hər il 100 miliyonlarla valyuta vəsaitinin kənara çıxarılması ilə nəticələndi.

Dəyəri 0,3 dollar olan yağı 6 dollara alırıq

Başqa bir misal: Yuxarıda qeyd etmişdim ki, Azərbaycanda ildə 1,250 milyon ton sürtkü yağları istehsal edilirdi. Bunlardan avtomobil sənayesi üçün gərək olan motor yağları əsas yer tuturdu. Bizdə istehsal olunan mator yağlarının özlülük indeksi xaricdəki analoqlarından müqayisədə 5-10 vahid aşağı olmasına baxmayaraq “motor keyfiyyətləri” xarici analoqlarına nisbətən çox yüksəkdir. Mator yağlarının baza komponentlərinə müəyyən aşqarlar qatmaqla onların xarici analoqlarından yüksək keyfiyyətli yağlar almaq mümkündür. Hazırda mator yağları istehsal edən qurğuları çoxu “Azərneftyağ”da işlək vəziyyətdə deyil. Beləliklə, ölkədə 60-70 il boyunca istehsal olunan eksporta da göndərdiyimiz  mator yağlarını indi xaricdən gətirib özümüzə litrini 6-7 dollara (maya dəyəri 0,3-0,4 dollara başa gəlir) satırlar.

Xam neft satmaq üçün iki quruma ehtiyac yoxdur

Beləliklə çox qısa, kədərli və acı həqiqət budur: Ölkədə çıxarılan nefti xammal kimi satmaq üçün böyük ağıla və biliyə, ARDNŞ- SOKAR-a, Sənaye və Energetika Nazirliyinə ehtiyac yoxdur. Bu işi 10-15 nəfərlik xırda bir kantorla da aparmaq olar. Təklif edirəm;
1) Ən vacib və başlıca şərt neftin xammal qismində satılmasına qəti qadağa qoyulmalı və onun sərfəli  istiqamətli emalı prinsipini qəbul etməkdir.
2) “Azərneftyağ” və “Azərneftyanacaq” neftayırma müəssisələrində 25 milyon ton neftin ilk emalı gücünü bərpa etməli, qurğuları işlək vəziyyətə gətirmək lazımdır.
3) Bunu təmin etməklə 25 mln.ton xam neftdən 2-3 stadiyalı emal prosesi tətbiq etməklə 40% dizel yanacğı, 10-12% qədər alçaq-oktanli xammal-benzin, 6-8% qədər liqroin-kerosin-yüngül qazoyl və 36-38% -ə qədər mazut-qudron fraksiyaları-məhsulları istehsal etmək olar.
4) Dizel yanacağını BTC-boru xəttilə Ceyhan limanına xammal-benzininin bir hissəsini Sumqayıta (SK-kombinatına və Üzvü-Sintez birliyinə Sintetik Kauçuk istehsalına-Bakı-Şin-zavodunun işləməsi üçün əsas xammal) qalanından isə avtomobil yanacağı hazırlamaq, Qudrondan isə Bitum və Rubraks istehsalını təmin edəcək.
5) Ilk emal üçün vacib olan 25 mln. tondan artıq xam neft strateji ehtiyat kimi quyularda saxlanmalı,çıxarılmamalıdır.  
Yuxarıdakı fikirləri ümumiləşdirərək mübahisəsiz aşağıdakı nəticələrə gəlmək olar :
a) neftin ən yüksək dəyərini onun məqsədyönlü emalını təşkil etməklə əldə etmək (xammal dəyərindən 4-5 dəfə yüksək)  mümkündür.
b) neftin istiqamətləndirilmiş emalını bərpa etməklə ölkədə yaxın keçmişdə işləmiş indi isə dağıdılmış vəziyyətdə olan  istehsal sahələrini (şin, kauçuk, RTM, kübrə  və sürtgü yağları) yenidən qurmaq, 100-minlərlə yeni strateji iş yerləri və yüzlərlə yüksək keyfiyyətli strateji məhsullar-məmulatlar istehsal etməklə bərabər bu malların hazırda xaricdən ölkəyə gətirilməsinə sərf olunan valyuta vəsaitinə qənaət etmək mümkündür. Məlumat üçün göstərirəm:

Xaricdən nə qədər təkəri almamaq olar?

Bu gün ölkədə olan avtomobil parkında bir milyon maşının olduğunu və onlardan hər birinin gündə 40-50 km.məsafə qət etdiyini qəbul etsək, ölkəyə hər il minimum 1,3 milyon şin və 25-28 min ton motor yağları gərəkdir.
ñc) neftin emalının təşkili iqtisadiyyatın, qeyri-neft sahələrinin, kənd təsərrüfatının və digər aqrar-sənaye sahələrinin inkişafında da tramplin rolunu oynayacaq.
Daha bir vacib və həlli çox da asan olmayan problem BP şirkəti ilə şərikli çıxarılan neftin xammal kimi satılmasını yox, həmin neftin burda emal olunmasının razılaşdırılmasıdır. Dünyanın hər yerində xam nefti ancaq mərhələli və məqsədyönlü emal üçün alırlar.
BP Azərbaycanla şərikli pay neftindən müxtəlif məmulatlar istehsalı üzrə ölkəmizlə birgə-müəssisələr yaratmaqla uzun-müddətli xammalla təmin olunmuş, xammal kimi satışından götürdüyü gəlirdən 10 qat artıq qazanmış olar.
Hörmətli Rövnaq müəllim! Söylədiklərim mümkündür və realdır. Bu fikirlər 45-illik neft-kimya sənayesindəki iş (ABŞ-da, Ingiltərədə, Almaniyada, Seylonda və.s)  təcrübəmə  əsaslanır və mövqeyimə şübhəsi olanlara hər səviyyədə sübut və izah etməyə, dioloqa hazıram – səbrlə və təmənnasız.