Əsl şouya hazır olun

Azərbaycan BMT Təhlükəsizlik Şurasında müvəqqəti üzv kimi fəaliyyətə başlayır. Hakimiyyətdəkilər bunu da yeni şouya çeviriblər, guya bu saat Yer kürəsinin Günəş ətrafındakı hərəkət sürəti bizdən asılıdır, heç bir dünya ölkəsində heç heç kim bunlardan icazəsiz bir addım da atmır. Adamın yadına görməmişin oğlu olması haqqında məşhur atalar sözü düşür…
Nə isə. Qoy bunlar düşük şoularına davam etsinlər, bizsə xatırladaq ki, indilərdə despotizmin darmadağın olduğu, despotun özünün isə kanalizasiya deşiyindən tapılıb küçələrdə it sürütməsi edildiyi Liviya da iki il əvvəl Təhlükəsizlik Şurasının üzvü idi.
Məni isə başqa məsələ düşündürür. Bunlar deyildilərmi Qərbdən, Avropadan gələn demokratiya tələbləri, korrupsiya, repressiya tənqidləri qarşısında “heç kim bizim daxili işlərimizə qarışa bilməz” deyə, yeri-göyü inlədənlər? Indi özləri hansı haqla və hansı üzlə başqalarının daxili işlərinə qarışacaqlar? Məsələn, Təhlükəsizlik Şurasının iclaslarının gündəliyinə Suriyadakı siyasi qətliamların müzakirəsi daxil ediləndə bunlar nə deyəcəklər, nə danışacaqlar? Necə çıxacaqlar işin içindən? Yuxarı tüpürsələr – saqqal, aşağı tüpürsələr – bığ. Bəşər Əsədi müdafiə etsələr, rəzil günə qalacaqlar, despotizmin himayədarı, totalitarizmin dəstəkçisi olduqlarını açıq-açıq ortaya qoymuş olacaqlar.
Yox, Bəşər Əsədi müdafiə etməsələr, lap pis – onda da ikiqat rəzil olacaqlar. Həm “başqasını öz daxili işlərinizə qarışdığına görə söyüb-batırırsınız, bəs özünüz niyə başqasının daxili işinə qarışırsınız?” sualı ilə qarşı-qarşıya qalacaqlar, həm də “Bəşər Əsədi bəyənmirsiniz, bəs özünüz niyə tənqidçi səsləri, etirazçı kəsimləri zor, zopa gücünə susdurmağa çalışırsınız?” ittihamı ilə üzləşəcəklər.
Bir sözlə, hansı üzünə çevirsəniz, vəziyyətləri ağırdır. Hara barmaq qoysalar, əleyhlərinə işləyir.
Hələ başlarına gələcəklərin fərqində deyillər, xalqın ürəyinə girmək, özlərini qiymətə mindirmək üçün müvəqqəti üzvlükdən düşük təbliğat şouları düzəldirlər, oysa əsl şou, əsl həngamə qabaqdadır.
Necə var, kef edəcəyik, hazır olun.
Hacı Fazil Lalkarani üçün not
Nə vaxt ki, ya qarşısındakı qab boşaldı, ya da hakimiyyətdən umacağı artdı, köşə yazarlarına hücum çəkən, ağzının qatığını dağıdan, bununla da ağalarının xoşuna gəlmək istəyən bir deputat var – Fazil Qəzənfəroğlu, indi də oturub “Fətva” adlı geydirmə bir yazı qaralayıb.
Məşhur fətva ustası Hacı Fazi Lənkərani haqda eşitmişdik, amma bilmirdik ki, qulağımızın dibində həqiqətləri eşitmək istəməməkdən və doğruları danışa bilməməkdən əziyyət çəkən Hacı Fazil Lalkarani deyə başqa bir fətva mərəzlisi də var imiş.
Hacı Fazil Lalkaraninin son cəfəngiyyatlarına, zəvzəkliklərinə baş qoşmaq fikrim yoxdur. Sadəcə cızmaqarasında söz oyununa meylliliyini gördüm, mənə xitabən bir neçə dəfə “Ayəsiz Tullah” yazıb. Mənim söz oyunlarından xoşum gəlmir, bu, hər mənada oyunbazlığı sevən adamların işidir. Amma çiçəyi burnunda fətvaçı Hacı Fazil Lalkarani bunu bilsin və qulağında sırğa eləsin ki, lazım gəlsə, ondan da yaxşı söz oynadaram, məsələn, mən də götürüb ona “Gic Tullah” yazaram, söhbət birdəfəlik bağlanar.
Aydındımı?
Ürəkbulandıran şeylər
Bir: “Kurtlar Vadisi”nin yeni bölümündə nələr olacaq?” başlıqlı xəbərlərin istənilən xəbər portalının “Ən çox oxunanlar” siyahısına girməsi;
IKI: Hər Yeni il və Novruz ərəfəsində bazarlardan hazırlanan reportajlara sanki başqa sərlövhə yoxmuş kimi, ucdantutma “Bayram oldu, heç bilmirəm neyləyim?” başlığı qoyulması;
Üç: Metroda hələ də modası keçmiş, 90-lardan qalma, şiti-şoru çıxarılmış “Pulunu vermişəm, düşərsən” zarafatına rastlanması.
Ümidverici şeylər
Bir: Üstünə “Allah” yazılan meyvə-tərəvəz və qoyun-quzu haqda xəbərlərin yoxa çıxması;
Iki: Ilham Əliyevin Moskvada – son Qarabağ danışıqları zamanı guya Sərkisyanı döymək istəməsi barədə hakimiyyətin düzəltdiyi şounun gözlənilən effekt verməməsi, yumor və ironiya predmetinə çevrilməsi;
Üç: Xalqsız xalq yazıçısı Anar Rzayevin müsahibə verib  kitablarının heç 500 tirajla da satılmadığından şikayətləndiyi günlərdə Seymur Baycanın “18.6 sm” romanının ikinci nəşrinin işıq üzü görməsi – üstəlik, 1000 tirajla!