Çox qaynar bir ili arxada qoyduq. Inqilablar yaşadıq, diktatorlar yola saldıq. Həm də necə! Başqa bir ölkədə diktatura rejiminin çöküşünü öz doğma ölkəmizdə baş verən hadisə kimi qəbul edirdik. Bu, çılğınlığımızdan deyildi, biz dünyanı başına alan yeni dəyişikliklər dalğasının içində olduğumuzu hiss etdik. Tarixin haraya getdiyinə əmin olduq, inandıq. Inandıq ki, bizim ölkəmizə həqiqi yeni illər gələcək. Yeni Azərbaycan Partiyasının həyatımızı mənən köhnəltməsi fəaliyyətinə tezliklə son qoyulacağına şübhəmiz qalmadı. Çox sevindik, çünki Azərbaycanın da yeni dövrə çox ehtiyacı var.
Gizlinlər açılırsa…
Sıralarının və imkanlarının ciddi şəkildə seyrəlməsinə rəğmən, müstəqil media ötən il bütün janrlarda öz inadlı işini davam etdirdi, hətta az inkişaf etmiş janr olan jurnalist araşdırmalarına aid olan parlaq nümunələr də ortaya qoyuldu. Il çox ciddi jurnalist araşdırmaları ilə yadda qaldı. Ölkənin birinci şəxsinin ailə biznesi, nazirlərin iqtisadi oliqarxiyaları, qanunsuz tenderlər, böyük iqtisadi layihələrdə yeyintilər, sahibkarlara və biznes adamı olmayan vətəndaşlara qarşı mülki cinayətlər barədə bir çox gizli məlumatların üstünə işıq salındı. Il isə bir məmurun qanunsuz işıq biznesi barədə ətraflı jurnalist təhqiqatı ilə başa çatdı. Bu yazının ilin son günündə yayılması yenilik istəyən adamlara əsl yeni il hədiyyəsi idi. Müəlliflərə – Xədicə Ismayılovaya və Durna Səfərliyə bu hədiyyə üçün təşəkkür edirik.
Aşkar işıq korrupsiyasının fəlsəfəsi
“Bakıelektrikşəbəkə” ASC-nin prezidenti Baba Rzayevin dövlət vəsaitləri ilə bağlı tenderləri, yəni alqı-satğıları və sifarişləri özünün və ailə üzvlərinin adına yaratdığı firmalara ötürməsi bir mülahizə deyil. Bu cinayətin sənəd-sübutla təsviri ortadadır. Dövlət vəsaiti ilə bağlı sifarişləri yaxınlara, ortaqlara, hətta bu qurumda işləmiş yüksək vəzifəli adamlara ötürmək qanuna ziddir və bunu bilə-bilə etmək isə aşkar cinayətkarlıqdır.
Adətən korrupsiya fırıldaqlarında və digər iqtisadi, mülki cinayətlərdə iz qoymamaq və yaxud şübhə yaratmamaq üçün “proksi”lərdən istifadə edirlər. “Proksi” gerçək sahibkarlığı pərdələmək üçün istifadə edilən adamlara deyilir. Məsələn, Zülfüqarlı qardaşlarının zavodu Lerik sakini olan bir adamın adına rəsmiləşdirilib. Ad onun olsa da, dad başqasınındır. Lakin Azərbaycanda çox vaxt buna da ehtiyac duymurlar. “Bakıelektrikşəbəkə” ASC-nin prezidenti Baba Rzayev də heç nəyi, heç kimi vecinə almadan ictimai vəsaitlərlə olan sifarişləri özünün və ailə üzvlərinin adına olan şirkətlərə ötürməkdən çəkinməyib.
Deyə bilərsinizmi niyə? Bu nə fəlsəfədir? Axı korrupsiya cinayətkarlığında belə şey olmur. Səbəbi nədir bu aşkarlığın?
Cavab çox sadədədir. Ölkədə ailə hakimiyyətidir. Ailəyə yaxın ailələrin hakimiyyətidir. Onlara bağlı olmaq cəzasızlıq deməkdir. Prezident Ilham Əliyevin ailə üzvlərinin adına şirkətlər varsa, onlar bunun aşkarlanmasından çəkinmirlərsə, Baba Rzayev də çəkinmir. Çünki bu işlər bir sistemin ümumi ortaq əməlləri, bölüşdüyü işlərdir. Arxayınlıq buradandır.
Amansız mübarizə…
Ən maraqlısı odur ki, ötən ilin son günündə xalqa müraciətində Ilham Əliyev demişdi: “Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılır. Biz bu mübarizənin gözəl nəticələrini görürük”.

Ailə hakimiyyəti və ailə biznesləri
•