2010-cu ildə Almaniya tarixinin ən gənc prezidenti seçilmiş, Kristian Vulf siyasi karyerasının ən ağır günlərini yaşayır. Bəlkə də başqa ölkədə, məsələn, Litvada yaşasaydım, yəqin bu haqda yazmağa ehtiyac duymazdım, çünki oxuyardılar və klassik bir tamaşamızda olduğu kimi deyərdilər ki, “hə noolsun?”.
Amma nə etməli ki, biz istər Almaniya, istərsə də Litvadan fərqli olaraq, korrupsioner və orta əsrlər üsul-idarəsinin hakim olduğu bir cəmiyyətdə yaşayırıq və elə bu səbəbdən düşünürəm ki, müqayisəli baxış maraqlı ola bilər.
Prezident Vulfu onda günahlandırırlar ki, o, Almaniyanın ikinci ən böyük vilayəti olan Saksoniyanın baş naziri olarkən, dostunun bankından güzəştli faizlə götürdüyü 500 min avro haqqında ictimaiyyətə məlumat verməmişdi. Xatırladaq ki, o bu krediti götürəndə baş nazir kimi 4-cü il idi çalışırdı. Onu da vurğulamaq yerinə düşər ki, Saksoniya əyalətinin illik büdcəsi 55 milyad dollar, əhalisi 7,3 milyon nəfər, sahəsi isə təxminən 50 min kv.km-dir. Daha bir faktı da nəzərinizə çatdırım ki, prezident olmamışdan əvvəl o, bu şübhəli(!) krediti bağlamağa nail olmuşdu, bu dəfə başqa bir bankdan 15 illik kredit götürərək qısa müddətdə güzəştli kreditdən də imtina edərək sadə almanlar kimi qanuni haqqından yararlanmışdı.
4 yaşından atasız böyüyən Kristianın uşaqlığı çox ağır keçmişdi, 14 yaşından böyüklərlə birlikdə çalışaraq kiçik bacısına və anasına baxmaq zorunda qalmışdı. Yəni həyatda əldə etdiyi uğurlar, inanılmaz zəhmətin və iradənin məhsuludur. Lakin etdiyi bir balaca “ehtiyatsızlıq”, 52 yaşlı prezidentin siyasi karyerasına nöqtə qoya bilər…
Keçək bizim Azərbaycanımıza, heç kimə sirr deyil ki, Ilham Əliyev bir qrup podratçı-məmurla(!), ölkəni ailə şirkəti kimi idarə edir. Nazirlər, komitə sədrləri, icra başçıları, rektorlara gəlincə, Vulfun arzusunda olduğu evi tikmək üçün lazım olan 500 min avro onların cibxərxliyidir. O pulun iki dəfə artığını Vergilər Nazirliyinin iri məmuru bir ayda “qazanır”. Bakının mərkəzində sot yarım torpaq, ortabab rayona icra başçısı vəzifəsinin “şirinliyi”, iri bir klinikaya, yaxud bir özəl ali məktəbə verilən lisenziya da təxminən bu qiymətədir. Lap bu yaxınlarda adi bir fakültə dekanı 26 milyon dollarlıq (!) məhkəmə qalmaqalında “zərərçəkən” qismində zühur etdi. Azərbaycanda, məktəb direktorundan prezidentə qədər, dəbdəbə içində yaşayan, kiçik bir kəsim və səfalətə sürüklənən xalqın olduğu günümüzün acı reallığıdır və uşaqdan-böyüyə hər kəs bunun fərqindədir.
…Bir neçə gün əvvəl şəhərə yeni gətirilmiş “Daewoo” markalı avtobusun sürücüsündən soruşanda ki, avtobuslar dayananda əsəbləri korlayan bu tükürpədici səsin qarşısı niyə alınmır, heç gözləmədiyim lakonik bir cavab aldım: “Bu səs olmasa, Dubayda, Londonda villalar alına bilməz”. Sonuncu dayanacaq olduğundan, təxminən bir neçə dəqiqəyə, bu avtobusların sahibkarlara təxminən dəyərinin üç qatına sırındığını, bu səbəbdən də onun gündəlik planı – 220 manatı çıxara bilməməsini və televiziyalarda “analoqsuz inkişaf” tezis sahiblərinə ünvanladığı “ismarıc”ını sığdıra bildi, bu adi sürücü…
Bir daha əmin oldum ki, əli həsənovlara, əli əhmədovlara, rəbiyyət aslanovalara, aydın mirzəzadələrə, qüdrət həsənquliyevlərə xərclənən pullar əbəsmiş, xalq hər şeyi görür və qətiyyən nağıllara inanmır. Burada ABŞ-ın 16-cı prezideniti Avraam Linkolnun, bir müdrik kəlamını xatırlamaq yerinə düşərdi: “Xalqın bir hissəsini həmişə, bütün xalqı müəyyən müddətə aldatmaq olar, lakin bütün xalqı həmişə aldatmaq mümkün deyil!”.
Və xalq, bir gün mütləq, Ramil Usubova, “Cənab nazir, 18 ildir havada saxladığın dəyənəyi aşağı endir” deyəcək.
…Sonda Almaniya prezidenti Kristian Vulfa, bu “əngəli” aşmağı Allahdan arzu edirəm, ən azı ona görə ki, bir neçə gün əvvəl “ISLAM, ALMANIYANIN BIR PARÇASIDIR” deməklə, onu dünyəvilikdən ayıranlara da möhtəşəm bir cavab verdi.
P.S. Mən bu gün qəribə də olsa, Şaxta Babanın, bir həmkarımın təbirincə desək, “kürkünü çıxaracaqdım”, qapını qoyub, bacadan girdiyinə görə. Eybi yox, qalsın gələn dəfəyə!

Ulu öndərsiz ölkənin “əfəl” prezidenti
•