rovnaq

Rövnəq Abdullayev Bakının kəndlərini özəlləşdirir

ARDNŞ rəhbəri Bakının qəsəbələrini söküntü meydanına çevirib
 
Xüsusilə də “Binəqədi Oil” şirkətinə məxsus torpaqlarda və Bibiheybətdə tikilən evləri ARDNŞ-in qoluzorlularının dağıdılması, sakinlərə xəsarət yetirməsi böyük ajiotaj yaradır. Yəni, “Binəqədi Oil” rəhbərliyi öncə torpaqların satılmasına şərait yaradıb, indi isə ARDNŞ vasitəsilə həmin əraziləri geri almaq istəyir.
“Binəqədi Oil” barədə qısa bir arayış: 2001-ci ildə “Binəqədi Oil”in əsas səhmdarları “Azpetrol2 ilə Dövlət Neft Şirkəti idi. 2007-ci ildə (”Azpetrol”un sabiq sahibi Rafiq Əliyevin həbsindən sonra – red.) məhkəmə qərarı ilə təsisçilər dəyişdirilərək “Azpetrol”un payı “Qlobal Enerji”yə verilib. Burada ARDNŞ-in payı 25, “Qlobal Enerji”nin isə 75 faizdir. Həmin şirkət Virciniya adalarında (ABŞ) qeydiyyatdan keçib və sahibi rusiyalıdır. Bəzi məlumatlara görə, əslində bu ünvan saxtadır; “Qlobal Enerji”nin gerçək sahibi isə R.Abdullayevin yaxın dostu, “Bakı” futbol klubunun sahibi Hafiz Məmmədovdur.
“Yeni Müsavat”ın yazdığına görə, adıçəkilən ərazilərdə torpaq satışından “Binəqədi Oil” rəhbərliyi böyük pullar əldə edir: “Müqavilə ilə şirkətə 43,5 min kvadratmetr torpaq sahəsi ayrılıb. Burada torpağın sotu 8-10 min manat arasında vətəndaşlara satılıb. Üstəlik, həmin ərazidə ev tikintisinə başlamaq üçün vətəndaşlardan 5-7 min manat ”şirinlik” alınıb. Təxmini hesablamalara görə, torpaq satışından və “şirinlik” hesabına 10 milyon dollardan çox gəlir əldə edilib. Indi isə ARDNŞ-ə məxsus texnika və işçi qüvvəsi hesabına ərazi təmizlənir, vətəndaşlara məxsus yararlı tikinti materialları müsadirə edilir və satılır. Yəni R.Abdullayev və H.Məmmədov vətəndaşların faciəsindən də qazanır. Buna ad tapmaq isə çox çətindir”.
ARDNŞ əslində problemi özü yaradıb. Öncə vətəndaşlara torpağın satılmasına imkan yaradır, bu biznesdən bir neçə milyon manat gəlir əldə edir, sonra isə həmin ərazini təmizləməklə satılan torpaqları geri alırlar. Insanlar isə sadəcə Rövnəq Abdullayevin biznes imperiyasının güdazına gedir.
Halbuki, ARDNŞ prezidenti Rövnəq Abdullayev mətbuata açıqlamasında “Binəqədi Oil” şirkəti ilə bağlanan müqavilənin şərtlərinə əsasən, kontrakt sahəsi kimi müəyyənləşdirilən ərazinin 67 faizini vətəndaşların zəbt etdiyini bildirib: “Onlar yaxın bir-iki il ərzində istehsalı iki dəfə artırmalıdırlar, amma göstərilən səbəbdən heç bir iş görə bilmirlər”.
Yeni ildən isə Bakı əhli yeni söküntü bumu ilə üzləşəcək. Artıq insanlara evlərini boşaltmaları ilə bağlı arayışlar da gəlib. Yəqin ki, növbəti ildən bu işə start veriləcək.
Təkcə dekabr ayında ARDNŞ şefi Sulutəpədə və NZS-də insanların evini başına uçurtdu. Bu hələ mətbuata məlum olan olaylardır. Mediaya sızmayan onlarla belə fakt göstərmək olar ki, ARDNŞ-in “qoçu”ları insanları evlərindən didərgin salır.

Ramin DEKO