Politoloqların 2012-ci il gözləntiləri

«Siyasətin indiki kimi davamı prosesləri inqilabi məcraya çəkə bilər»

2011-ci il dünyada bir sıra ciddi dəyişikliklərlə yadda qaldı. Ərəb dünyasında baş qaldıran demokratikləşmə dalğası qısa müddət ərzində Misirdə, Tunisdə, Liviyada 30 ildən artıq hakimiyyətdə olan rejimlərin çökməsinə səbəb oldu. 2011-ci ilin sonlarında Rusiya və Qazaxıstanda da ciddi proseslər start götürdü. Eyni zamanda zaman baxımından yekunlaşmayan hadisələr sırasına Suriyada və Iran ətrafında cərəyan edən prosesləri göstərmək olar. Bəs üzümüzə gələn ildə 2011-ci ildə yekunlaşmağa imkan tapmayan hadisələri hansı perspektiv gözləyir? Bu sualla ekspertlərə müraciət etdik?

Vəfa Quluzadə: “Artıq dünyada köhnə idarəçilik üsullarına yer yoxdur”

Politoloq Vəfa Quluzadənin fikrincə, yaşadığımız dünya sürətlə inkişaf etməkdə və dəyişməkdədir. Həqiqətən də ötən ilin bir sıra ölkələr, xalqlar üçün sarsıntılarla yadda qadığını deyən V.Quluzadə vurğuladı ki, dünyadakı diktatura rejimlərinin sayının azalması buna misaldır: “Biz artıq yeni imkanlar dünyasında yaşayırıq. Artıq bu dünyada köhnə idarəçilik üsullarına yer yoxdur. Ona görə Rusiya və Iranda köhnə idarəçilik metodlarının sonu çatıb. Bir çoxları dünyadakı demokratik inqilabların müəllifi kimi ABŞ-ı göstərir. Amma bir məqam unudulmamalıdır ki, xalqlar artıq özləri köhnə rejimlərdə yaşamaq istəmədiklərini açıq formada ifadə edirlər”.

Sülhəddin Əkbər: “Azərbaycanın ətrafında demokratik inqilab rüzgarı əsməkdədir”

Avro-Atlantik Şuranın rəhbəri Sülhəddin Əkbər bildirdi ki, 2011-ci ildə başlayan və “ərəb oyanışı” adı alan və daha sonra qlobal demokratikləşmə prosesinə çevrilən proses bəşəriyyət tarixində yeni mərhələnin başlanğıcıdır. 2012-ci ildə demokratikləşmə prosesinin daha intensiv formada davam edəcəyini düşünən S.Əkbər vurğuladı ki, artıq Rusiya və Çin kimi ölkələrdə də insanlar köhnə qaydalarla yaşamaq niyyətində olmadığını açıq nümayiş etdirirlər: “Rusiyada cərəyan edən proseslər heç şübhəsiz, Kremlin nüfuzunun hələ də möhkəm olduğu Cənubi Qafqazdan və postsovet məkanından yan keçməyəcək. Artıq Azərbaycanın ətrafında demokratik inqilab rüzgarları əsməkdədir. Ona görə şübhə yoxdur ki, Rusiyada baş qaldıran demokratikləşmə prosesləri Azərbaycana da müsbət təsir edəcək”.

Zəfər Quliyev: “2012-ci il Azərbaycan üçün sınaq ili olacaq”

Siyasi ekspert Zəfər Quliyev bildirdi ki, Rusiyada, Qazaxıstanda, Suriya və Iranda cərəyan edən proseslər 2012-ci ildə daha fəal formada davam edəcək. Suriya rejiminin çökməsinin həqiqətən də zamanın məsələsi olduğunu deyən Z.Quliyev bildirdi ki, gələn il ərəb dünyasındakı hadisələr yenidən gündəmdə olacaq. Çünki yaradılan yeni demokratik quruluşlar mövqelərini möhkəmləndirmək üçün mücadilə aparmalıdırlar. Ən intriqalı proseslərin isə postsovet məkanında cərəyan edəcəyini düşünən Z.Quliyev qeyd etdi ki, Rusiyada demokratik proseslərin alovlanması keçmiş SSRI məkanını silkələyəcək: “Martda Rusiyada prezident seçkiləri keçiriləcək. Bu zaman Rusiyada siyasi proseslər, aksiyaların intensivliyi arta bilər. Çünki Rusiya artıq əvvəlki Rusiya deyil və Putinə bu ölkəni köhnə qaydalarla idarə etmək çətin olacaq”. Azərbaycan üçün də gələn ilin siyasi baxımdan mühüm əhəmiyyət kəsb edəcəyini deyən Z.Quliyev vurğuladı ki, Azərbaycanda bu il mülkiyyət, sosial və siyasi problemlərin daha da ağırlaşması diqqətdən yayınmamalıdır: “Azərbaycan dünyada gedən demokratikləşmə proseslərindən kənarda qala bilməz. 2012-ci il Azərbaycan üçün sınaq ili olacaq. Çünki bu il Azərbaycanda da seçki ilidir və hakimiyyətin siyasətini indiki kimi davam etdirməsi prosesləri inqilabi məcraya çəkə bilər. Amma iqtidarın cərəyan edən proseslərdən nəticə çıxaracağı halda yürüdülən siyasətdə müəyyən yumşalmanın olması da gözləniləndir”.

Xəyal