Parlamentin etiraz imitasiyası

Fransa Senatına cəsarətsiz müraciət ünvanlandı

Vahid Əhmədov müraciəti hazırlayan komissiyanı tərk etdi

Parlamentin dünənki iclasında Fransa Senatına “erməni soyqrımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunla bağlı etiraz olaraq müraciət ünvanlanıb. Amma etiraz çox yumşaq olub. Deputatların israrlarına baxmayaraq, müraciətdə Fransanın vasitəçilikdən kənarlaşdırılması ilə bağlı fikirlər əksini tapmayıb.
Deputat Qənirə Paşayeva təklif edib ki, müraciət kifayət qədər sərt olmalıdır: “Göndərdiyimiz müraciətdə açıq və birmənalı şəkildə qeyd etməliyik ki, ya Senat Fransa Parlamentinin aşağı palatasının qərarını ləğv etməlidir, ya da Fransa ATƏT-in Minsk Qrupu həmsədrliyindən getməlidir”.
Spiker Oqtay Əsədov parlamentin cəsarətsizliyinə aydınlıq gətirməkdənsə müstəqil mətbuatı tənqid edib. Spiker həmin qəzetlərdə Azərbaycanın Türkiyənin yanında olmaması, Fransaya etiraz etməməsi kimi fikirlərin formalaşdığını deyib.
Bu çıxışından sonra spikerin təklifi ilə müraciəti hazırlamaq üçün komissiya yaradılıb.
Vitse-spiker Bahar Muradova parlamentin sədrinə Fransa Senatına müraciət hazırlayan komissiyanın yaradılmasına görə təşəkkür edib: “Bu təqdirəlayiq haldır. Azərbaycan cəmiyyətinin rəyini nəzərə aldığı üçün sədrə təşəkkür edirik”.
Iclasın sonunda Milli Məclis adından Fransa parlamentinə müraciət göndərilib.
Müraciətdə deyilir ki, Fransa parlamentinin qəbul etdiyi qanun Azərbaycanı son dərəcə narahat edir: “Biz sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırıq. Şübhə yoxdur ki, tam qəbul ediləcəyi təqdirdə belə bir qanun demokratik quruluşun təməli olan insan hüquqları və azadlıqları sırasında əsas yer tutan söz və fikir azadlıqlarına zidd olacaq”.
Müraciətdə daha sonra qeyd olunur ki, lap yaxın keçmişdə, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərinin yüzlərlə dinc sakini yalnız azərbaycanlı olduqlarına görə Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülüb: “Bütün bunlar nəzərə alınarsa, tarixi hadisələrə birtərəfli mövqe ilə qiymət vermək cəhdləri tarixi həqiqətlərə hörmətsizliklərə gətirib çıxara bilər. Belə bir qanunun qəbulu Dağlıq Qarabağ münaqişəsinin dinc həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın obyektivliyini şübhə altına alacaq. Ona görə də Azərbaycan Milli Məclisi Fransa Senatındakı həmkarlarını məsələnin müzakirəsi zamanı diqqətli və həssas olmağa çağırır”.
Deputatların səsverməsi ilə müraciət qəbul olunsa da orada Fransaya qarşı tənqidi fikirlərin azlığı bəzi deputatları qane etməyib.
“Azadlıq”a daxil olan məlumatlara görə, müraciəti hazırlayan komissiyanın üzvü Vahid Əhmədov komissiyanı yarımçıq tərk edib. Buna səbəb isə komissiya yığışan zaman müraciətin mətninin artıq hazır olduğunu görməsi olub.
Vahid Əhmədov tələb edib ki, müraciət onların istədiyi kimi yazılsın. Ancaq komissiyanın rəhbəri Mübariz Qurbanlı buna qarşı çıxıb. Bu isə Vahid Əhmədovun komissiyanı tərk etməsilə nəticələnib.
Onu da bildirək ki, Milli Məclisin bundan əvvəlki iclasında Fransa Senatına müraciət ünvanlanması təklif olunsa da, nəticəsi olmamışdı. Görünür, hökumət Senatın bu qanunu təsdiqləməyəcəyini anladığından gözdən pərdə asmaq üçün Milli Məclisdə belə bir müraciət hazırlanması qərarına gəlib.

Azad