Şimali Koreyanın yeni liderindən sərt xəbərdarlıq

Oğul Kim atasının ölümündən sonra ölkədə dəyişiklik gözləməməyi məsləhət görür

Şimali Koreyanın yeni lideri Kim Çen In hakimiyyətə yiyələndikdən sonra ilk dəfə dünya ictimaiyyətinə müraciət edib. Atası Kim Ir Çenin ölümündən sonra Şimali Koreyanın rəhbəri postuna əyləşən oğul Kim ilk mesajıyla beynəlxalq aləmi təhdid edib.
O, atasının vəfatıyla ölkədə hansısa dəyişiklik baş verməyəcəyini dünya ictimaiyyətinə çatdırmağı lazım bilib: “Təntənəli şəkildə və əminliklə bəyan edirik ki, bütün dünyada ağılsız siyasətçilər, o cümlədən Cənubi Koreyadakı kiçik bir qrup bizdən hər hansı dəyişiklik gözləməsin”.
Kim Çen In atasının cənazə mərasiminin keçirilməsinə əngəllər yaradan Cənubi Koreyaya qarşı sərt tədbirlər görüləcəyini də əlavə edib. Yeni lider sərt tədbirlərin nədən ibarət olacağını açıqlamayıb.
Bu arada, Şimali Koreyanın Milli Müdafiə Komissiyası adından yayılan bəyanat rəsmi mediada işıqlandırılıb. Qeyd edək ki, Şimali Koreyada ən mühüm qərarları məhz bu qurum qəbul edir.
Xatırladaq ki, 1994-cü ildən Şimali Koreyanı idarə edən Kim Çen Ir dekabrın 17-də vəfat etdikdən sonra onun kiçik oğlu və varisi Kim Çen In “partiyanın, xalqın və ordunun ali rəhbəri” elan edilib.