Dünya Əsəd rejiminə niyə dözür?

Ekspertlərin fikrincə, demokratiya tərəfdarlarının mübarizəsi bir qədər vaxt aparsa da, sonda Əsəd rejiminin süqutu ilə bitəcək

Suriyada rejimin hər ötən gün aqressivliyini artırmasına baxmayaraq Əsəd rejimi gözlənilən təpki ilə hələ üz-üzə qalmayıb. Artıq Suriyada rejimin qətlə yetirdikləri insanların sayı 10 mini keçməsinə, təxminən bir o qədər insanın həbsxanalara atılmasına rəğmən Əsəd hələ də hakimiyyət başındadır. Bəs dünya birliyinin Suriya diktatoruna bu qədər dözməsini nəyələ izah etmək olar?
Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz ekspertlərin fikrincə, Suriya rejiminin aqibəti artıq həll olunub. Çünki bu qədər qan töküldükdən sonra Əsəd rejiminin hakimiyyətdə qalması imkansız görünür. Öz xalqına qarşı amansız divan tutan Bəşər Əsədin əvvəlki kimi siyasətini yürütməsi mümkün olmayacaq. Ekspertlər hesab edir ki, hazırda Əsəd zor gücünə xalqın iradəsini qırmaqla qısa müddətə özünü qalib hesab etsə də Suriyadakı durum olduqca kövrəkdir: “Əsəd rejimi vəziyyətdən çıxış yolu kimi yalnız müharibə varintını göstərir. Amma Suriyada vəziyyətin sonrakı inkişafı daha çox xalqın dözümündən asılıdır. Suriyada demokratiya tərfdarlarının qələbəsi bir qədər vaxt aparsa da, sonda Əsəd rejiminin süqutu ilə bitəcək. Çünki demokratikləşmə hazırda dünyanı ağuşuna alıb və bu prosesin qarşısını almaq mümkünsüzdür”.

Hikmət