“Bayraq mənliyimdir, bayraq kimliyim…”

Sözündən vətən yaradan şair…

Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş,
Göytürkdən qalan,
Qurdbaşlıÿbayrağın balası bayraq.
Böyük şairlər millətin bayrağını zamandan zamana daşıyan əbədiyyət yolçularıdır. Bu ölməz söz nəqqaşlarının damla-damla topladıqları mənəvi xəzinə mənsub olduqları xalqı yüz illərlə ayaqda tutar. Bəlkə bu anlamda “bir millətin taleyində dilin missiyası nəysə, şairlərin missiyası da odur”, deyə bilərik. Bu millət Füzuli şeirinin işığında beş yüz ildir yol gəlir. Beş yüz ildir könlümüzü eşq rənginə boyayan Füzuli şeirlərindən aldığımız qida ilə bəslənirik. Təbii, Füzuliyə qədər də güclü Türk şairləri vardı. Onların çoxu yaşadıqları zamanın tələbinə uyaraq əcnəbi dillərdə yazmaq zorunda qaldılar. Amma Füzuli Türk dilini şeir dili olaraq istifadə etməkdən qorxmadı və dünya şeirində bir zirvə yaratdı…
Bu yazı dahi Füzulidən ruh almış şairimiz Bəxtiyar Vahabzadə haqqındadır. Biri XVI əsrdə yaşayıb, o biri XX əsrdə. Yaşam məsafələri çox uzaq, ruh dünyaları çox yaxın. Hər ikisinin içində yaşadıqları dərdlərin acısı, könülləri qəmdən qanamış, zəmanəyə müxalif, dövrdən şikayətçi. Əvvəldən sona qədər millətin ağrıları çiyinlərinə yüklənmiş iki Türk şairi…
Bəxtiyar Vahabzadənin böyük sevdası 60-cı illərdən başlamışdı – Azərbaycanda rus imperiyasına qarşı gizli etirazların başladığı zaman… 1962-ci ildə “Gülüstan” poeması fırtına qoparmışdı. Şair Azərbaycanın zorla endirilmiş bayrağını yenidən göylərə qaldırdı bu əsəri ilə. “Millətçi” damğası vurdular, çalışdığı Bakı Dövlət Universitetindən xaric etdilər. Onda 37 yaşı vardı. O zaman Azərbaycanın ikiyə parçalanmasında Rusiyanı ittiham etmək qurd ürəyi yemək kimi bir şey idi. Bu illərdə milli ruhda yazdığı, xalqın dərdlərini anlatdığı yasaq şeirlərinin böyük qismini şair sovetlər dağıldıqdan sonra “Sandıqdan səslər” adı altında yayımladı.
Bir vahid millətə, iki hakimin
Dili doğmalaşdı… Bu lap ağ oldu.
Doğma anamızın şəkərdən şirin
Bizə öyrətdiyi dil yasaq oldu.
Bəxtiyar Vahabzadə Tanrının ona bəxş etdiyi şairlik istedadını Türk ruhu kimi qəbul etmiş bir şəxsiyyətdi. Çoxlarının “Türk” kəlməsini dilinə almağa qorxduqları zamanda, o, “mən Türk oğlu Türkəm” hayqırırdı.
“Mənə göz yaşlarıyla həbs və düşkünlük dönəmlərini anlatmışdı. Işini itirdiyi, kimsənin açıqca ziyarət edə bilmədiyi, ailəsinin durumu üzündən əzab çəkdiyi bu dönəmlərdə yaşananlar arasında onun millətinə bağlılığını dərinləşdirən önəmli örnəklər var. Bir dəfə hıçqırıqlarını zor tutaraq bunlardan birini danışmışdı: ”Həbsə atılmışdım. Ailəm pərişan oldu. Nə yeyib, nə içdiklərini bilmirdim. Amma bunu öyrəndim. Mən həbsdəykən də, çıxıb işsiz qaldığım zamanlarda da, hər gecə kimlərsə hər cür təhlükəni gözə alaraq evimin qapısına yemək-içmək qoyurdu. Onların kimlər olduğunu heç bilmədik… Mən bu milləti necə sevməyim?” (A.Yağmur Tunalı)
“Türkün türklə ədavətə haqqı yox…”
Onun qəlbi Türk dünyasının mükəmməl cızılmış xəritəsinə bənzəyirdi. Paytaxtı Istanbul olan bu xəritəni şair Kərkük, Kıbrıs, Təbriz, Qarabağ yanğısı içində sona kimi qürurla daşıdı. Bu qüruru ilə bizlərə örnək oldu, varlığı hər kəsə Türk birliyinin önəmini, Türk zamanının gələcəyini dönə-dönə anlatdı.
Tarix bizi imtahana çəkirkən,
Imdad umur hamımızdan bu Vətən,
Dünya da haqq səsimizə kar ikən,
Türkün türklə ədavətə haqqı yox.
Türk xalqları arasında onun qədər qan bağı olan ana dilinin saflığının qorunması naminə mücadilə verən ikinci şair yox, hər halda. Onun sovetlər zamanından başlayan bu mübarizəsi ömrünün sonuna kimi sürdü. 1995-ci ildə Konstitusiyada dilimizin Türk dili deyil, Azərbaycan dili yazılmasına etiraz səsini qaldıran aydınlara o, başçılıq edirdi. Ana dili şair üçün babalardan qalma müqəddəs bir əmanət idi. O, son nəfəsinə qədər bu əmanətin keşiyində ləyaqətlə dayandı.
Şair haqqında TRT üçün film hazırlayan rejissor Raşid Demirdaş: “Onunla bağlı hər kəs bir söz deyə bilər. Amma biz indi onun fərqli tərəflərini əks etdirən və onun daha çox dünyaya baxdığı pəncərəni kəşf etməyə çalışan bir film yaratmışıq… Bəxtiyar Vahabzadə fikir adamı, sevgi adamı, bir mənada ideoloq idi. Türk dünyasında bu gün müstəqil neçə respublika varsa, bunların hamısını bir araya gətirəcək, bir əlaqə yarada biləcək insan idi. Bəxtiyar Vahabzadənin fikirlərindən istifadə edərək bu ölkələr daha bir körpü yaradıblar – Bəxtiyar Vahabzadə körpüsü. Çünki onun bütün Türk dövlətlərilə əlaqəsi var idi, tanıdıqları vardı, gediş-gəlişi vardı. Bəxtiyar Vahabzadəni itirməklə biz Türk dünyasının böyük bir ədibini, fikir adamını itirdik”.
Bəxtiyar Vahabzadə sağlığında bütün yüksək dövlət mükafatlarını almışdı. Həm də ana südü kimi halallıqla, haqq edərək almışdı. Amma onun üçün ən dəyərli mükafat qanıyla-canıyla bağlı olduğu xalqından gələn sevgi idi.
Qəribə deyilmi?
Sən sirr, mən də sirr.
Bu sirri bilmirik necə çözməli?
Kimi övladının dərdini çəkmir,
Kimi də xalqının dərdindən dəli!
O, həqiqətən millətin dərdindən dəli olan bir şairdi. O, bağlı olduğu dəyərləri qorumaq üçün əlindən gəldiyi qədər savaşdı. Nə olursa-olsun, öz prinsiplərinə dönük çıxmadı. Həm də cəmiyyət həyatı ona zor şərtlər diktə edən zamanlarda.
“Cəmiyyətimiz Bəxtiyarlaşsın…”
“Amerikada, Almaniyada və başqa ölkələrdə Lütfi Zadə ilə olan söhbətlərimizdə Bəxtiyar Vahabzadə haqqında geniş danışardıq. Onun ingilis və rus dillərində çap olunmuş şeirlərini oxuyardıq, müzakirə edərdik. Zadə-Bəxtiyar, Bəxtiyar-Zadə fenomenal şəxsiyyətlər arasında gözlə görünməyən bir simmetrik sayğı münasibətləri var idi. Onlar görüşməmiş olsaydılarda da, aralarındakı bu münasibətlər böyük bir hörmət, istək körpüsü yaratmışdı. Mən qürur hissi duyuram ki, bu dünyalı, o dünyalı iki sayğılı dostumun, xalqımın, bu iki böyük oğlunun, eyni zamanda, dünya vətəndaşlarının arasında olan körpünün salınmasında mən də kərpic üstünə kərpic qoymuşam… Sözsüz ki, onlar bu baxışı, bu düşüncə tərzini yaşadığı mühitdən, şərqli qan yaddaşından götürmüş, əxz etmişlər. Qeyri-səlis məntiq şərqlə qərbin sintezində mümkün olardı. Lütfi Zadə məntiqinin də, Bəxtiyar Vahabzadə poetik fəlsəfəsinin də mayası bax bu sintezdən yaranmışdır… Bəxtiyar Vahabzadə itkisi Azərbaycan dünyası üçün epoxa itkisidir. Türk, Şərq dünyası üçün əvəzsiz bir itkidir. Lakin düşünəndə ki, Bəxtiyar Vahabzadə cismani ölümü ilə əbədi dirilik qazandı, böyük təsəlli tapıram. Adamlar var ki, diriykən ölüdürlər, adamlar var ki, öləndə də dirilirlər. Mən istərdim, mənim xalqımda ikincilər çox olsun. Cəmiyyətimiz Bəxtiyarlaşsın..” (Rafiq Əliyev, professor)
O, keçən əsrin sonlarında Türk ruhunun duası kimi səslənən şeirlərilə çevrəsini sarmış qaranlıqda bir qığılcım saçdı. Bu qığılcımın alovları çox keçmədən bütün Azərbaycanı bürüdü. Şeirlərindən bəlli olduğu kimi, o, həsrətlə gözlənilən zamanın yaxınlaşdığını duymuşdu. Qəlbi ona yeni doğacaq günəşlə başlanacaq böyük yolun müjdəsini vermişdi. Arzuları çin çıxdı. 60-cı illərdə yasaq şeirlərilə qaldırdığı bayraq 90-cı illərdə üç müqəddəs rəngə dönərək Azərbaycanın simvoluna çevrildi.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Böyük şairlərin ruhu hər zaman millətin yoluna işıq tutar. Bəxtiyar Vahabzadənin şeirləri ilə keçən əsrin qaranlıqlarından bu günə açdığı yol azadlığa, haqqa, mücadiləyə aparan yoldur. Bu yolu hələ Azərbaycanın şərəf tarixini yazacaq çox nəsillər keçəcək. Böyük şairin ölməz ruhuna sayğı və hörmətlə!..

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir