Bəli, 5 min ölü və 14 min siyasi məhbus! Pis “göstərici” deyil! Bu, Bəşər Əsədin bir il ərzində təxmin edilən cinayətləridir. Tribunal qurulsa, yəqin, bu ədədlər bir az da artar…
Mən bu adam haqda heç nə yazmayacam. Sadəcə, kiçik bir məsələni qeyd edəcəm. Bu yaxınlarda aparılan araşdırmalar nəticəsində bir xəbər açıqlandı: sən demə, dünyanın ən varlı adamı keçmiş Liviya diktatoru Müəmmər Qəzzafi imiş. Onun sərvətinin 200 milyard dollar civarında olduğu məlum olub! Bu isə, dünyanın ən varlı iş adamının malik olduğu sərvətdən təxminən üç dəfə çoxdur!..
Bəli, bir daha aydın olur ki, dünyada ən gəlirli biznes siyasət imiş. Qəribədir ki, Koreya diktatorları haqda belə təfərrüatlar hələ açıqlanmır və bu, bir qədər şübhə yaradır. Amma bir məsələ var ki, siyasətçilərin malik olduğu sərvət daha çox onlar öləndən, ya da devriləndən sonra açıqlanır. O gün yenə də Koreyadan təsvirlərə baxırdım, insanlar göz yaşı tökür və az qala özlərini daşa-torpağa çırpırdılar!.. Mən bunları niyə deyirəm? Istər bir milyon adam ağlasın, istərsə də heç kim ağlamasın, fərqi yoxdur, hamını öləndən sonra eyni aqibət gözləyir – ya beş metr parça, ya bir taxta tabut…
Indi Qəzzafinin ruhu səhralarda dolaşır. Arabir Bəşər Əsədə də bir baş çəksəydi, çox yaxşı olardı, necə deyərlər, məsləhətli don gen olar!.. Məsləhət heç kəsə artıqlıq eləmir. Koreyalılara gəldikdə isə… Doğrudanmı, sizə təəccüblü gəlir? Mən “siz” deyəndə yaşlı və orta nəsli nəzərdə tuturam. Axı bütün bu fokuslar bizə tanışdır. Bəli, minlərlə insan qəmli görkəmdə gəlib bir heykəl önündən keçir və hamısı da təzim edir… Indi xatırladınızmı? Odur ki, Asiya insanlarına o qədər də təəccüb etməyin, biz də oralıyıq. Onlar da bizim kimi çöldə başqa adam olurlar, evdə tamam başqa.
Avtoritar rejimlərdə insanlar ikiləşmədən yaşaya bilməzlər – şəxsiyyət ikiləşir… Hətta elə olur ki, insanlar evdə də özlərini təhlükəsiz hesab etmirlər. Mən bir dəfə oxumuşdum ki, çox məşhur yazıçının – A.Platonovun oğlu atası haqda təhlükəsizlik orqanlarına məlumat ötürürmüş. Bəli, bu, bizim çox da uzaq olmayan tariximizdə olub…
Axır vaxtlar bir şey haqda düşünürəm: “Bizim keçmişimiz” demək nə qədər doğrudur? “Keçmiş” o şeylərə deyilir ki, bir kitab səhifəsi tək örtülür və bir daha geri qayıtmır. Ona görə də mənə elə gəlir ki, biz bir çox şeylərə keçmiş deməyə tələsirik. Koreyalı niyə ağlayır? Ona görə ağlayır ki, əgər o, ağlamasa, bunu yaxınlığındakı adam, lap elə dostu və ya qonşusu görəcək və xəbər verəcək! Bəlkə də insanlar öz günlərinə ağlayırlar. Kim bilir?..
Elə bugünlərdə bir ziyalının müsahibəsini oxuyurdum. Deyir ki, hər gün mənə zəng edən, yanıma gələn dostum artıq nə zəng edir, nə də yanıma gəlir, elə bil məndən qaçmaq istəyir! Buyurun! Bu ki, Koreya deyil, Azərbaycandır! O saat başınızı bulayacaqsınız ki, mən, necə deyərlər, rəngləri tündləşdirirəm. Amma əsla, belə deyil. Sadəcə, gəlin, nələrəsə “keçmiş” deməyə tələsməyək… Biz keçmişdən qopmaq, təzə günə qovuşmaq istəyirdik, amma alınmadı, o, yenə də qayıtdı və yenə də bizi həmin günlərə qaytardı. Ona görə də nələrəsə tələsik “keçmişdir” deməyək, çünki “keçmiş” dediklərimizin bir qisası var…
Forum niyə alınmadı?
Eşitdim, Ziyalıların Forumu baş tutmayıb. “Azadlıq”ın tədbirinin ardınca bir tədbirin də baş tutmaması təsadüfə oxşamır. Bir dostum maraqlı bir proqnoz verdi: bundan sonra müxalifətçilərin toy məclislərində, şənliklərində işıqları söndürəcəklər! Maraqlı proqnozdur, deyilmi? Təsəvvür edin ki, toy şənliyini keçirməyə razılıq verməmişdən əvvəl şadlıq sarayının müdiri sizin müxalifət adamı olub-olmadığınızı və yaxud da hakimiyyətə münasibətinizi soruşur!
Bundan sonra biz hələ də “yaxın keçmiş” və “əski rejim” ifadələri işlədirik!.. Hə, əzizlərim, heç nə keçməyib, o rejim də köhnə-filan deyil, elə indi də bir ucdan davam edir. Nədir? Yoxsa, yenə deyəcəksiniz ki, bura Koreya deyil?! Ya da deyəcəksiniz ki, Koreyada olsaydınız, ağlamazdınız! Siz dediniz, mən də inandım?! Insanlar hər yerdə eyni cür olur – 70 faizi kompromisçi, 20 faizi prinsipial, qalan 10 faizi isə qəhrəman…

Ağlamaq tapşırılıb!
•