Serbiyanın “ləyaqətli dostu”, Türkiyənin…

Azərbaycan prezidenti Ilham Əliyevin Türkiyəyə saxta sevgisini ilk dəfə ötən ilin axırlarında WikiLeaks saytı ortaya qoydu. O zamandan, onsuz da həmişə kompleks içində görünən I.Əliyev Türkiyəyə münasibətdə daha çox diskomfort vəziyyətə düşdü. Elə WikiLeaksin məlum ifşasından sonra Türkiyə prezidenti Abdulla Güllə ilk görüşündə I.Əliyevin özünü itirmiş kimi aparması da ictimaiyyətin diqqətindən yayınmadı.
“WikiLaksin yazdığı kimi, I.Əliyevin Türkiyəni regionda lider kimi görmək istəməməsi başadüşüləndir. Axı bu, YAP hakimiyyətinin ideoloji işinə zidd olardı… Neçə illərdir bu hakimiyyət Azərbaycan türklərini inandırmağa çalışır ki, guya Azərbaycan regionda aparıcı dövlət, I.Əliyev də lider rəhbərdir. Lakin Türkiyənin artan gücü, bu qardaş ölkənin rəhbərlərinin nəinki regionun, hətta dünyanın ən nüfuzlu liderləri sırasında yer tutması YAP-ın özü kimi saxta təbliğatını puça çıxardı.
Təkcə Türkiyə prezidentinin bu il Ingiltərə kraliçası II Yelizavetanın necə yüksək səviyyədə qarşılamasını qeyd etmək kifayətdir. I.Əliyev üçün isə belə bir xoşbəxtlik ancaq arzu olaraq qalır və belə davam edərsə, həmişə qalacaqdır. Çünki, Avropa mətbuatının da yazdığı kimi, bu gün Ingiltərə krallığında Əliyevlərlə yaxınlıq artıq “imicə zərbə” kimi dəyərləndirilir…
Hələ Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bu il Ingiltərənin “The New Statesman” dərgisinin reytinq sorğusunda – “dünyanın taleyini müəyyənləşdirən 50 adam” arasında 11-ci yeri tutmasını demirik… Hələ lap yaxınlarda “Time” jurnalının R.T.Ərdoğanı “ilin adamı” elan etməsini isə heç demirik… Bəs, hanı bu nüfuzlu sorğularda “regionun lideri” Azərbaycan prezidentinin adı?!
Indi deyin, Türkiyənin regionda artan real nüfuzu I.Əliyevin saxta lider imicini darmadağın edirsə, Azərbaycan hakimiyyəti Türkiyəni necə sevsin? Qoy, onlar özlərinə təsəlli olaraq əlləri çatan dairələrdən qurama beynəlxalq ödüllər almaqda davam etsinlər… Necə ki bu günlərdə I.Əliyevi Serbiyanın (?) hansısa bir fondu 2011-ci ilin “Balkanların ləyaqətli dostu” mükafatı ilə təltif edib… Onlar hamının, hətta Serbiyanın da dostu ola bilir, hamıdan çəkinir, bircə Türkiyə ilə ləyaqətlə davranmır, ona arxa çevirməyə belə cəsarət edirlər…  

Şövkət Məmməd