Eyyub Hüseynov: «Elə oyuncaqlar var ki, uşaqların ona toxunması təhlükəlidir»
Yusif Bəkirov: “Bu problemə qarşı ciddi mübarizə aparılmır”
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü soydaşlarımız uzun müddət Yeni il kimi qeyd edib. Bu mənada hələ də 31 dekabr ərəfəsi mağaza və ticarət mərkəzlərində, daha çox isə açıq satışda küknar ağacı və bayram fişənglərinin, oyuncaqların kütləvi satışı həyata keçirilir.
Yeni il atributlarının əksər hissəsinin Çin istehsalı olması indi hamıya məlumdur. Bu baxımdan onların keyfiyyətinin hansı dərəcədə olması da kimsəyə sirr olmamalıdır. Yeni il “yolka”ları və onun bəzəklərinin böyüklərdən daha çox uşaqlara aid olmasını nəzərə alsaq, uşaqların təhlükəsizliyinin ciddi şəkildə qorunması bizi düşündürməlidir.
Bu məsələ həm uşaq hüquqları, həm də istehlakçı hüqqlarını əhatə etdiyindən məsələyə iki tərəfin də münasibətini öyrənmək istədik. AIB sədri Eyyub Hüseynovun fikrincə, sözügedən problem, demək olar, hər il yaşanır. AIB sədri bayram şənliklərində uşaqlara verilən hədiyyələrin keyfiyyəti məsələsini ön plana çəkdi: “Həmin şənliklərdə nümayiş etdirilən sovqat və hədiyyələr köhnə, keyfiyyətsiz və zərərlidir. Elə oyuncaqlar da var ki, uşaqların onlara toxunması təhlükəlidir. Valideynləri uşaqları rəngi çıxan, qırılan oyuncaqlardan qorumalıdır. Bu istiqamətdə nə qədər təbliğat aparılsa da, problem həllini tapmır”.
Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov söyləyir ki, yeni illə bağlı bütün məsələlərə nəzarət olmalıdır. Liqa sədri xüsusilə də uşaqların təhlükəsizliyi üçün kimyəvi maddələrdən hazırlanan bayram oyuncaqlarını almamağı məsləhət bilir: “Həmin oyuncaqlardan istifadə etmək uşaqların səhhətinə mənfi təsir edir. Belə məhsulların ölkəyə gətirilməsinə nəzarət yoxdur, müəyyən dairələr uşaqların tələbatından istifadə edərək hər vasitəylə bayrama aid oyuncaqların satışını təşkil edir. Əhalinin sosial vəziyyəti aşağı oduğundan daha çox Çin məhsullarına üz tutur. Həmin məhsullar bahalılara oxşar formada istehsal olunsa da keyfiyyətsizdir. Bu problemə qarşı isə ciddi mübarizə aparılmır”.
Nigar


