Rusiya XIN-in hesabatı xoşməramlı deyil

Aslan Ismayılov: «Rusiya Azərbaycanla Gürcüstan arasında nifaq salmaq istəyir və çox təhlükəli bir oyuna başlayıb»

Rusiya Xarici Işlər Nazirliyinin “Bəzi dünya ölkələrində insan haqlarının vəziyyətinə dair” hesabatının Gürcüstana aid hissəsində bu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti təhlil olunub.
Hesabatda Gürcüstan hökumətinin ölkənin ən çoxsaylı milli azlığı olan azərbaycanlılara qarşı məqsədyönlü diskriminasiya siyasəti yürütdüyü deyilir. Bunun nəticəsində isə azərbaycanlıların qonşu Azərbaycana köçü kütləvi xarakter alır.
Rusiya XIN-nin bu bəyanatı müəyyən şübhələr yaradır. Çünki şimal qonşumuzun Gürcüstanda yaşayan azərbaycanlıların taleyinə biganə qalmaması inandırıcı deyil. Heç Rusiyanın özündə də azərbaycanlılara münasibət o qədər də ürəkaçan deyil. Belə olan halda hesabatda bu məqamların yer alması hansı məqsəd daşıya bilər?
Tanınmış vəkil Aslan Ismayılov həqiqətən də Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin olduğunu deyir. Lakin bu problemlər Saakaşvili hakimiyyətindən əvvəl yaranıb. Bu da əsasən torpaq bölgüsü ilə bağlıdır. Torpaq islahatı aparılanda azərbaycanlılar ondan kənarda qalır. Təhsil sistemində də bir sıra problemlər var. Amma bu, üçüncü dövləti maraqlandırmamalıdır. Çünki həmin problemlər Azərbaycan və Gürcüstan hakimiyyəti arasında həll olunmalıdır.
A.Ismayılovun fikrincə, Rusiya XIN-nin hesabatı xoşməramlı deyil. Çünki Rusiyanı heç vaxt azərbaycanlıların Gürcüstandakı vəziyyəti maraqlandırmaz. Sadəcə Rusiya Azərbaycanla Gürcüstan arasında nifaq salmaq istəyir və çox təhlükəli bir oyuna başlayıb. Bu məsələdə həm qeyri-hökumət təşkilatları, həm mətbuat çox həssas olmalıdır: “Gürcüstanda kimin nə deməsindən asılı olmayaraq, həqiqətən demokratik bir dövlət qurulur. Istər-istəməz azərbaycanlılar bu quruluşa inteqrasiya olunacaq. Ancaq özümüzdə bir sıra nöqsanlar var. Aktiv deyilik, qeyri-hökumət sektorlarında mövqeyimiz çox passivdir. Gürcüstanda yaşayan ermənilərin yüzlərlə qeyri-hökumət təşkilatı var. Azərbaycanlılarda isə azdı, onlar da bir-biri ilə rəqabət aparır”.
A.Ismayılovun sözlərinə görə, Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasət yanlışdı. Hakimiyyət Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarını qorumaqdan çox onların Azərbaycan iqtidarını tərifləməsini istəyir. Fəaliyyətini də bu istiqamətə yönəldib. Hüquqşnas hesab edir ki, Rusiyanın başladığı bu təhlükəli oyunda həm hakimiyyət nümayəndələri, həm vətəndaş cəmiyyəti çox ehtiyatlı olmalıdır. Azərbaycanla Gürcüstan arasında olan münasibətlərə üçüncü qüvvələrin qarışmasına imkan verilməməlidir.
Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Gürcüstanla Azərbaycan arasında əlaqələrin əvvəlki kimi inkişaf etdiyini, iki ölkə arasında olan məsələlərin isə ikitərəfli əsasda müzakirə olunduğunu deyir: “Üçüncü dövlətin hər hansı hesabatı isə bu münasibətlərə təsir edə bilməz”.

Fizzə