Medvedevlə Putin toqquşur

Rusiya hakimiyyətində ciddi fikir ayrılığı yaranıb

Rusiyada dekabrın 4-də keçirilmiş parlament seçkilərinin nəticələrinə kütləvi etirazlar hakim elitada da parçalanmaya yol açıb. Medvedev və Putin hakimiyyət daxilində parçalanma olmadığı görüntüsü yaratsa da rusiyalı eskpertlər bunun əksini söyləyir. Tanınmış siyası analitik Qleb Pavlovskinin sözlərinə görə, Rusiya hökumətinin kadr dəyişikliyi və son islahat xarakterli addımların atılması əslində prezident Medvedevlə baş nazir Putin arasında ciddi fikir ayrılıqlarının yarandığını göstərir.
Politoloqun fikrincə, Medvedevin siyasi sistemdə köklü islahatların aparılması və ölkədə liberallaşmanın sürətləndirilməsi haqda qərarını açıqlaması Putinlə razılaşdırılmayıb. Bu isə baş nazirin hiddətinə səbəb olub. Pavlovksi qeyd edib ki, prezidentin liberallaşma kursu Putini ciddi narahat edir. Baş nazir 2012-ci ildə keçiriləcək prezident seçkiləriylə bağlı ssenarisinin pozulacağından ehtiyatlanır.
Vladimir Surkovun baş nazirin müavini postuna təyin olunmasına münasibət bildirən Pavlovski deyib ki, bu fakt da hakim tandem arasında çat yarandığına işarədir. Çünki Surkovun Prezident Administrasiyası (PA) rəhbərinin müavini postundan uzaqlaşdırılması baş nazirə hava, su kimi lazım idi. Ona görə ki, Putin Surkova və ümumiyyətlə, son 4 ildir ki, Medvedevin özünə də güvənmir. Belə olan halda Surkovun PA-da qalması Putinin maraqlarına uyğun deyildi. Qleb Pavlovskinin sözlərinə görə, baş nazir Surkovu PA-dan uzaqlaşdırmaqla Medvedevin gücünü daha da azaldıb. Putin Surkovun zərərsizləşdirilməsi ilə özünə zərbə gözlədiyi dairələrdə təhlükəsiz zona yaradıb.
Pavlovski bu kimi faktları sadalayaraq bildirib ki, Rusiya hakimiyyətinin ən yuxarı təbəqəsində baş verənlər hakim elitada sabitliyin pozulduğuna işarədir. Politoloq prezident seçkiləri öncəsi hakimiyyət daxilində vəziyyətin daha da mürəkkəb olduğunu bildirib. Pavlovski hesab edir ki, hakimiyyət daxilində baş verənlər tezliklə açıq müstəviyə keçə bilər: “Hakim elita daxilində qruplaşmalar yaranacaq. Sonra isə həmin qruplaşmalar bir-birinə qarşı mübarizəyə başlayacaqlar”. Hakim elitada yaranacaq yeni qruplaşmalara gəlincə, Qleb Pavlovski bildirib ki, Rusiya cəmiyyətində və hakimiyyət sturukturlarında heç zaman monolitlik olmayıb. Bu dairələrdə həmişə müəyyən qrupların maraqları öndə olub.
Rusiyanın müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarında əsas tənqid hədəfinə çevrilən və istefası tələb olunan baş nazir Vladimir Putin müxalifətlə dialoqa hazır olduğunu bildirib. Putin müxalifətlə dialoqdan qaçmadığını, amma əleyhdarlarının mümkünsüz olanları istədiyini vurğulayıb: “Istənilən qüvvə ilə dialoqa hazıram. Heç kimdən qorxmuram. Ancaq müxalifət birgə əməkdaşlıq əvəzində mümkünsüz olmayan şeyləri istəyir. Mən hər zaman ifrata qarşı olmuşam. Bu gün də o qənatdəyəm ki, iffrata varma ən sərt şəkildə önlənməlidir”.
Bu arada Rusiya Xarici Işlər Nazirliyi ABŞ-ı həm ölkə daxilində, həm də xaricdə insan hüquqlarına riayət etməməkdə günahlandırıb. Rusiyanın dünyada insan hüquqlarının vəziyyətinə dair ilk hesabatında ABŞ-ın Quntanamo hərbi həbsxanasında əməliyyatlarını davam etdirdiyi, Ağ evin rəsmilər və Mərkəzi Kəşfiyyat Idarəsinin işçilərini mühakimələrdən qoruduğu bildirilir. Hesabatda deyilir ki, ABŞ vətəndaşlarının özəl həyatlarına qarışır və bu ölkədə vəziyyət idealdan çox-çox uzaqdır.