Rəşid Hacılı: «Siyasi iradə olmadan heç bir «fəaliyyət planı» problemi həll edə bilməz»
Leyla Yunus: “Belə sənədlər ancaq avtoritar rejimlərdə qəbul olunur”
Bir neçə gün əvvəl prezident Ilham Əliyev Insan hüquqlarının və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırılmaq sahəsində Milli Fəaliyyət Proqramını təsdiq edib. Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, bu proqram ölkədə insan hüquqlarının müdafiəsi sahəsində aparılan davamlı tədbirlərin tərkib hissəsidir.
Sənəd həmçinin insan hüquqlarının müdafiəsinin I.Əliyev üçün prioritet olduğunu göstərir. F.Ələsgərov deyib ki, Milli Fəaliyyət Proqramında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmin edilməsi istiqamətində konkret tədbirlər nəzərdə tutulub: “Proqramda qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, ölkədə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi ehtiva olunur”.
Media Hüquqları Institutunun direktoru Rəşid Hacılı isə sənədi deklarativ xarakter daşıdığını bildirir. Onun sözlərinə görə, bu sənəddən əsaslı dəyişikliklər gözləməyə dəyməz: “Qanunvericilik onsuz da insan hüquq və azadlıqlarına geniş şəkildə zəmanət verir, lakin problem onların tətbiqindədir. Məsələn, Konstitusiya və qanun toplaşmaq azadlığına zəmanət verir, amma hakimiyyət ona əməl etmir və siyasi iradə olmadan heç bir ”fəaliyyət planı” problemi həll edə bilməz. Hacılı xatırladıb ki, əvvəllər də insan hüquqları sahəsində belə dövlət proqramları qəbul edilirdi, lakin onlar elə kağız üzərindəcə qaldı”.
Hüquq müdafiəçisi Leyla Yunus deyir ki, bu cür sənədlər avtoritar rejimlərdə qəbul olunur: “O ölkələrdə ki, qanun işləmir və sadəcə sözbazlıq etmək istəyirlər. Belə sənədləri nə Fransada, nə Almaniyada, nə Çexiyada qəbul etməzlər. Çünki demokratik, hüquqi dövlətlər belə şeylərə ehtiyac duymur. Hüquqi dövlətdə əsas olan odur ki, qanun işləsin. Konstitusiyası var, Cinayət Məcəlləsi var. Bunun üçün əlavə proqramlara ehtiyac yoxdur. Bu proqram sadəcə gözdən pərdə asmaq üçündür”.
L.Yunus deyir ki, məhz proqramın təsdiqləndiyi ildə – 2011-də Azərbaycanda insan haqları sahəsində pozuntuların miqyası ölçüyə gəlməyəcək dərəcədə böyük olub: “Həm demokratik azadlıqlar sahəsində, həm söz azadlığı sahəsində, həm mülkiyyət pozuntuları sahəsində, həm siyasi məhbusların sayı baxımdan və s.”.
Gültəkin