Çünki onun AZADLIĞINI ondan ala bilməmişdilər…
Əfv fərmanı imzalandı və siyasi məhbuslardan yalnız Cabbar Savalanlı həbsxanadan buraxıldı. “Azadlığa çıxdı” demədim, həbsxanadan buraxıldı. Çünki siyasi məhbuslar ruhlarındakı azadlığı həbsxanaya köçürüb məhkumluğu heç edənlərdir. “Azadlıq” deyənləri kimsə azadlıqdan məhrum edə bilməz… Kim kimi azadlıqdan məhrum edəcək, bu dünya malına və yaltaqlığa, yalana, təslimçiliyə ruhunu, insanlığını həbs etmişlərmi?!
Kölə olan kimsəni azad edə bilməz, çünki o, azadlığın nə olduğunu bilmir!
Kimlikləri boşluğa dayanılı olanlar anlaya bilmir ki, azadlıq nə deməkdir və elə bu üzdən də azadlığı bu ölkəyə gətirmək istəyənləri həbsə atır.
Biz, azadlıq istəyənlər, onları, mahiyyəti boşluq olanları, onlar da bizi anlamır.
Mən anlamıram bir insanın ömrünü kağız toplamağa həsr etməsini…
Qarşımdakı, sərvət adı ilə kağız toplayansa anlamır mənin azadlıq eşqimi…
Beləcə bir-birini anlaya bilməyənlər üz-üzə dayanıb bu ölkədə…
Kim qalib olacaq?..
Kim xeyri təmsil edirsə, o!
Düzdür, şər hər zaman böyük, əzəmətli, məğlubedilməz görünür, başlanğıcda xeyiri əzir, həbs edir… Amma bu, son olan deyil, başlanğıcdır, daha doğrusu şərin sonunun başlanğıcıdır…
Indi YAP-ın gənclər təşkilatında yaltaqlana-yaltaqlana, özündən vəzifəcə böyük olanın qarşısında ikiqat əyilib irişən biri Cabbarın azadlıq eşqini anlamır. Düzdür, Cabbarın kasıb evi, maddi çətinlikləri indi onu YAP-ın harınlamış gəncindən zəif göstərə bilər. Hətta bir gün o harınlamış gənc Cabbarın yanından ən bahalı maşında ötüb keçər. Amma gəncliyini yaltaqlığa və irişməyə sərf edib özünün belə özünə hörməti olmayan, heç özünə hörmətin nə olduğunu anlaya bilməyənlər gənc Cabbarın qürur və azadlığı qarşısında nə qədər aciz və cılızdır?!
Cabbarın ilk sözü “o biri məhbusların da azad olmasını istərdim” oldu.
Əziz gəncim! Sən Azərbaycan boyda bir eşqi ürəyində gəzdirirsən, eləcə sənin kimi gənc olanlar, Rüfət, Elnur, Tural, Ülvi və başqaları… Onlar məhbus deyil, azadlığı ürəklərində, həbsxana divarları arasında böyüdüb sonda bu ölkəyə AZADLIQ gətirəcək insanlardı…
Əsil azadlığa ehtiyacı olanlar qəlbini, ruhunu şərə satmışlardı.
Bu ölkənin insanını əzaba düçar edənlər, azadlığı bu ölkənin sərhədlərindən içəri buraxmaq istəməyənlər, bayramda, şad günlərdə ananı övladına, övladı atasına həsrət qoyanlar, bilin, siz belə bir alicənablığı etməyə hazır olmadığınızı, insanların xoş gününü qara etmək niyyətinizi nümayiş etdirdiniz. Indi özünüzü ağgünlü, rahat sayırsınız?
Amma yaxın keçmişi, Qəzzafinin onu həbs edənlərə yalvarıb əvf istəməsini gözlərinizin önündə bir anlığa canlandırın, düşünün…
Sizin də əfv edilməyə ehtiyacınız olacaq… Amma…
o əfv heç bir zaman olmayacaq!