ABŞ səfiri Metyu Brayza jurnalistlərlə vida brifinqi keşirdi
ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza dünən Azərbaycan Dillər Universitetindəki “Amerika mərkəzi”ndə səlahiyyətlərinin başa çatmasına həsr olunmuş brifinq keçirib.
Brayza Azərbaycana səfir gələndə əsasən o vaxt çox gərgin olan ABŞ-Azərbaycan münasibətlərini normallaşdırmağa cəhd etdiyini deyib və əlavə edib ki, ötən 11 ay ərzində buna nail ola bildiyini düşünür.
Səfir bildirib ki, ABŞ-Azərbaycan münasibətlərində üç əsas sahə var: təhlükəsizlik, enerji sektoru və ölkədaxili islahatlar. Brayzanın sözlərinə görə, 11 ayda təhlükəsizlik sahəsində nəinki əməkdaşlığı bərpa etmək, həm də hərbi proqramları canlandırmaq mümkün olub.
Təhlükəsizlik sahəsində Əfqanıstana yük daşınmasının xüsusi yer tutduğunu vurğulayan səfir il ərzində 5 minədək ABŞ təyyarəsinin Azərbaycanın hava dəhlizindən istifadə etməklə Əfqanıstana yük apardığını söyləyib.
Qarabağ probleminin nizamlanmasından danışarkən Brayza Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin vasitəçiliyi ilə bu ilin iyununda Kazan şəhərində keçirdiyi görüşə diqqət çəkib. Brayza hesab edir ki, həmin görüşdə Azərbaycan üçün mühüm olan bir çox məsələyə aydınlıq gəlib: «Bu görüşdə proseslər nəinki yavaşıyıb, əksinə, hər iki tərəf, xüsusilə Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən məsələlərə aydınlıq gətirilib. İnanıram ki, bu tərəflərin bir araya gəlməsinə rəvac verib. Yeni ildə prezidentlərin yenidən görüşəcəyinə inanıram. Həmişə demişəm ki, bu münaqişənin hərbi yolla həlli yoxdur».
Diplomat səfir işlədiyi dövrdə ABŞ-Azərbaycan münasibətlərində enerji sahəsində inanılmaz uğurlara nail olunduğunu bildirib. O, oktyabr ayında Azərbaycan və Türkiyə arasında qaz alqı-satqısına dair müqavilə imzalanmasını alqışlayıb. Deyib ki, bu saziş Azərbaycana qoyulan investisiyaların həcminin artmasına təsir edəcək. Brayza həmçinin qeyd edib ki, «Cənub qaz dəhlizi» layihəsi təkcə Cənubi Qafqaz üçün deyil, bütün Avropa üçün tarixi rol oynaya bilər: «Çünki bu layihə qaz bazarının inhisara alınmasının qarşısını almağa kömək edəcək və onun reallaşmasından bütün tərəflər udacaq».
Ölkədaxili islahatlardan danışanda Brayza deyib ki, bu sahədə çox mürəkkəb vəziyyət hökm sürür. ABŞ-ın, beynəlxalq təşkilatların demokratiya və insan hüquqları məsələsində Azərbaycanı tənqid etdiyini xatırladan səfir bildirib ki, bu sahədə hələ də görüləsi çox iş var. Brayza qeyd edib ki, insanlar həm açıq havada, həm qapalı yerlərdə sərbəst şəkildə toplaşıb öz fikirlərini ifadə edə bilməlidirlər.
ABŞ-ın və beynəlxalq təşkilatların Azərbaycanda öz fikrini açıq ifadə etdiyinə görə tutulan insanları mütəmadi olaraq azadlığa buraxmağa çağırdığını söyləyən, bu il jurnalist Eynulla Fətullayevin və gənc fəal Cabbar Savalanlının həbsdən çıxmasında həmin çağırışların rolunu qeyd edən Brayza daha çox adamın azad olunmasını istədiklərini də vurğulayıb. O deyib ki, Azərbaycan hökumətini buna ruhlandırmaq üçün bəzən aylarla vaxt gedir, Eynulla Fətullayevlə bağlı məsələdə isə hökuməti ruhlandırmağa hətta illərlə vaxt lazım oldu.
Səfir demokratiya, insan haqları sahəsində daha çox addımların atılacağına ümid etdiyini bildirib.
Jurnalistlərin suallarına cavabında isə ABŞ səfiri Azərbaycanda ərəb baharı tipli hadisələrin baş verəcəyini düşünmədiyini deyib: «ABŞ insanların ümumbəşəri hüquqlarını dəstəkləyir. Bura sərbəst toplaşma, söz, ifadə azadlıqları daxildir. Ancaq biz inqilabı, eyni zamanda onun yayılmasını dəstəkləmirik. Şəxsən mən düşünmürəm ki, Azərbaycanda ərəb baharı üçün şərait var. Burada amillər fərqlidir. Tunisdə və Misirdəki insanların acınacaqlı iqtisadi vəziyyəti buradakından fərqlidir. Amma bunların arxasında duran səbəblər təkcə iqtisadi vəziyyət deyildi.
Fikrimcə, Azərbaycan hökuməti daxilində çox parlaq zəkaya malik insanlar var ki, onlar cəmiyyətin daha da liberallaşdırılmasını, cəmiyyətin daha da müasirləşdirilməsinin vacibliyini anlayırlar».
Brayza Azərbaycanı nə vaxt tərk edəcəyi haqda suala cavabında deyib ki, onu səfir təyin etmiş prezidentin qərarını təsdiqləməli olan ABŞ Senatı yanvarın 3-də tətilə çıxır: “Əgər Senat mənim namizədliyimi səsverməyə qoymasa, onda mən Vaşinqtona qayıtmalı olacam”.


