Azərbaycan niyə axırıncı oldu?

Məhəmməd Talıblı: «Azərbaycan iqtisadiyyatı özünü postneft dövrünə hazırlamalıdır»

Bu ilin yanvar-sentyabr aylarında MDB ölkələrinin Ümumdaxili məhsul göstəricisi orta hesabla 4,5% artıb. Avrasiya inkişaf bankının rəsmi saytında dərc olunan hesabata əsasən, iqtisadi artım tempinin ən çox müşahidə olunduğu ölkə Türkmənistan (14.6), ən aşağı isə Azərbaycandır (0.5). Bankın proqnozlarına görə, MDB ölkələrində 2012-ci il üzrə iqtisadi artım 4.6% olacaq.
Ən yüksək göstərici Türkmənistanda (8.4%) və Özbəkistanda (7.4%) gözlənilir. MDB üzrə Belarus (3%) və Rusiyanın (4.1%) orta iqtisadi göstəriciləri isə artacaq. Hesabata əsasən, Ermənistan, Qırğızıstandan və Moldovadan başqa MDB-nin bütün ölkələrində sənayedə istehsalın həcminin artması ləngiyib.
Azərbaycan hakimiyyət təmsilçilərinin ölkəmizdəki iqtisadi inkşafın olduğu ilə bağlı açıqlamalarına baxmayaraq statistik rəqəmlər başqa reallığı ortaya qoyur.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı bildirdi ki, avqustda MDB Statistika Komitəsinin açıqladığı rəqəmlərdə deyilirdi ki, bu il Azərbaycanda sənaye istehsalının səviyyəsi ən aşağı olacaq. Komitənin rəqəmlərində o da vurğulanırdı ki, ilin birinci yarısına olan göstəricilərə əsasən MDB ölkələri arasında ən yuxarı sənaye istehsalı artımı Qırğızıstanda qeydə alınıb – 13.9 faiz. Ikinci yerdə isə nə qədər qəribə də olsa iqtisadi tənəzzül içərisində olan Ermənistan gedirdi – 12.8 faiz. Azərbaycan isə cəmi 1.8 faizlik artımla cədvəlin ən sonunda yer alırdı. M.Talıblının sözlərinə görə, o zaman BVF və DB-a daxil olan banklar qrupu belə açıqlamalar vermişdilər ki, sənayə tempinin belə aşağı düşməsi neft hasilatının azalması ilə bağlıdır: “Ötən ildə Azərbaycanda iqtisadi artım templəri 5 faiz civarında olub. Məlum olduğu kimi, ötən il ÜDM-in artım səviyyəsi 5%-lik qeydə alınmışdır ki, bu, manat hesabı ilə 41,6 milyard manat deməkdir. Bunun 18,4 milyard manatı qeyri-neft sektorunda, 23,2 milyard manatı isə neft sektorunda formalaşıb. Bu ilin yekunlarına da ondan artıq olmayacağı proqnozlaşdırılır. Çünki, neftin hasilatında enmələr var”.
Ilin sonuna təkcə “Əsrin müqaviləsi” üzrə enmələrin 2010-cu illə müqayisədə 12,6 təşkil edəcəyini deyən M.Talıblı vurğuladı ki, bu da ildə 36 milyon tona yaxın neft deməkdir. Nəticədə ÜDM-də 50%-dən çox payı olan neft sektoru iqtisadi artımı ciddi surətdə tormozlayacaq: “Vaxtilə 2006-cı ildə 33,6%-lik iqtisadi artım məsələsi cəmiyyətdə çox ictimaişləmişdi. O zaman biz iqtisadçılar deyirdik ki, bu kövrək və müəyyən zaman kəsiyi üçün fraqmental iqtisadi artımdır, ona çox güvənmək olmaz. Amma obyektivlik hissini itirmiş hökumət mövqeyindən çıxış edən məmurlar isə başqa fikirdə idi. Onlar bəyan edirdi ki, bu iqtisadi artım davamlı olacaq. Amma tenderlərdən və makroiqtisadi təhlillərdən görünürdü ki, ÜDM neft sektorundan, neft sektorunun isə hasilatın həcmindən və dünyadakı neftin qiymətindən asılıdır. Hətta həmin illərdə Iraqın ÜDM-nin bizdən sonra ikinci ölkə kimi ironik qarşılanmasını da misal olaraq göstərirdik. Halbuki, həmin illərdə əldə olunan ÜDM-in səviyyəsi indiki iqtisadi artımı 6 dəfəyək üstələyirdi”.  
M.Talıblının fikrincə, hesabalamalara diqqət yetirən zaman görünür ki, iqtisadi islahatlarda sürətli kurs götürən ölkələrdə iqtisadi artım yüksək, konservatizm hökm sürən ölkələrdə isə iqtisadi artım aşağıdır. Ekspert hesab edir ki, ona görə iqtisadi sahədə əhəmiyyətli islahat kursu götürülməsə, bu zaman ÜDM-in artımı yalnız xammalın hasilatı və ixracatından asılı olacaq: “Mütləq mənada qeyri-neft sektorunun inkişafı prioritet olmalıdır. Ona görə də, Azərbaycan iqtisadiyyatı özünü postneft dövrünə hazırlamalıdır. Çünki Azərbaycanda neftin hasilatı üçün pik dövr 2012-ci ilə qədər hesab olunurdu. Bundan sonrakı iqtisadi inkişaf tendensiyaları yalnız indiyə qədər yaradılan neft relsi və ondan əldə edilən aktivlərin idarə edilməsindən asılı olacaq”.

Xəyal