Bəsti Cəfərova və Zemfira Nərimanova arasında narazılıq yaranıb
Akademik Milli Dram Teatrının aktrisaları, xalq artistləri Bəsti Cəfərova və Zemfira Nərimanova arasında narazılıq yaranıb. APA-nın əldə etdiyi məlumata görə, münasibətlərdə ötən həftələrdə teatrda premyerası keçirilən “Xanuma” tamaşasının məşqi zamanı soyuqluq yaranıb. Bildirilir ki, məhz bu səbəbdən də bu tamaşada rol alan Zemfira
Nərimanova tamaşada öz rolundan imtina edib.
Məsələ ilə bağlı APA-ya açıqlama verən xalq artisti Bəsti Cəfərova münasibətlərdəki soyuqluğun Z.Nərimanova tərəfindən başlandığını deyib. Həmkarı ilə aralarındakı narazılıq barədə ətraflı məlumat verməyən B.Cəfərova Zemfira Nərimanovanın tamaşadakı rolunu yarımçıq qoymasını düzgün addım kimi qiymətləndirməyib: “Münasibətlərin korlanması məndən qaynaqlanmayıb. Çünki tanıyanlar mənim çoxlu işimin olduğunu bilirlər. Kiminləsə intriqa qurmağa nə vaxtım var, nə də həvəsim. O tamaşada rol oynayırdı, istəsəydi gəlib davam etdirərdi. Tamaşaya gəlməməsinin səbəbi bununla bağlı deyil, əgər səbəb axtarırsa, getsin başqa səbəb axtarsın. Ümumiyyətlə, mən o aktrisa haqqında danışmaq istəmirəm. O boyda böyük zəhmət qarşısında, bu hərəkəti etmək heç də yaxşı deyil. Bizim sənətimiz kollektiv sənətdir. Bu təkcə Bəsti Cəfərovanın tamaşası deyil, orada Ramiz də, Mətanət də var, məndən başqa 20-yə yaxın aktyor da var. Birdən-birə bunu yerə vurmaq və heçə saymaq heç də doğru olmadı. Özü də yaxşı iş ortaya qoyulan yerdə bunu necə etmək olar? Kənardakılar təriflədiyi halda, öz içimizdə nə isə pis axtarmağa çalışırlar. Mən Bəsti Cəfərova üçün bunun heç bir fərqi yoxdur, istəyir oynasın, istəyir oynamasın. Məni bu cür intriqa maraqlandırmır”.
B.Cəfərova açıqlamasında “səhnə açılandan sonra hər kəs öz bacarığını göstərir”, – deyə bildirib: “Bu tamaşada mənim rolum əsas obrazdır, onunku isə üçüncü dərəcəlidir. O müxtəlif qəzetlərə də informasiya vermişdi ki, üçüncü dərəcəli rol oynayır. Ona qalsa ”Nişanlı qız”da da o mənim rəfiqəmi oynayardı, Bənövşənin yanında heç o da birinci dərəcəli rol deyildi. Artıq illər keçib mən də xalq artistiyəm, o da. Əgər beləydisə bəri başdan əmr veriləndə oynamazdı. Altı ay məşqə gələndən sonra imtina etmək, mən nə deyim… Böyük rol oynamaq istəyirsə gəlsin desin, çıxsın oynasın. Məgər Bəsti Cəfərova teatrın qapılarını onun üzünə bağlayıb?”.
Qeyd edək ki, Zemfira Nərimanova “Xanuma” tamaşasının iki nümayişində xəstə olduğunu əsas gətirərək səhnəyə çıxmayıb.
Məsələ ilə bağlı xalq artisti Zemfira Nərimanovanın fikirlərini öyrənmək mümkün olmayıb.