Cəsarət böyük ideallara sahib insanlara xas keyfiyyətdir
Artan mübarizlik ordusunda onların rolu misilsizdir
Nurəddin Məmmədli
Sizə təsəlli vermək istəyindən uzağam. Çünki Böyük Insanlar, SEÇILMIŞLƏR insanlığın zirvəsinə doğru pillə-pillə yüksəldikcə təsəlli, təşəkkür və “sağ ol” almaq haqqında düşünmür. Bu cür şəxsiyyətlərin heç kim və heç nə qarşısında öhdəliyi olmur. Bu insanların yeganə istəyi vicdanı qarşısındakı borclarını yerinə yetirməkdir. Vicdanın isə veriləsi nəyisə yoxdur. VICDAN insanın öz nəfsini, şəxsi maraqlarını ictimai maraqlara qurban verdiyi qaladır. Bu qalanın veriləsi mükafatı, orden və medalı, prezident təqaüdü yoxdur, bu qaladan nəsə götürmək mümkün deyil, ona nəsə qoymaq olar.
Son dövrlərdə diqqətimi ən çox cəlb edən məsələlərdən biri insanlaşma problemləri ilə əlaqədardır. Insan özündən milyonlarla işıq ili məsafəsində baş verənlər haqqında dəqiq, səhih və hərtərəfli biliklər əldə etdiyi halda, öz içində mövcud olan, daim insanı müşayiət edən insanlıq problemlərini dərk etməkdə o qədər də maraqlı deyil.
Bu məsələlər barəsindəki araşdırmalarımdan gəldiyim nəticə ondan ibarətdir ki, insanlıq üç xüsusiyyətin birliyindən yaranan keyfiyyətdir – aqillik, cəsarət və ədalət. Məncə, insanlığa aid edilən digər müsbət əlamətlər bu və ya başqa dərəcədə bu üç keyfiyyətin daxilindədir.
Aqillik, mütaliə, təhsil, zəngin dünyagörüşü və həyat təcrübəsi nəticəsində formalaşır. Sizin məhkəmələrdəki lakonik, tutumlu intellektə söykənən və kəskin çıxışlarınız yüksək aqillik nümunəsi olmaqla, yeni dönəmdə yazılan mübarizə tariximizin gələcək nəsillərə dərs olacaq səhifələrindəndir.
Cəsarət yalnız böyük ideallara söykənən, müqəddəs məqsədlər uğrunda mübarizə aparan insanlara aid ola bilən keyfiyyətdir. Nəfsinin qulu olan, məqsəd və amalları yalnız fani dünyanın keyfini çıxarmaqdan ibarət olanlar cəsarətli ola bilməz. Köməksiz, hüquqsuz, qanunların qorumadığı insanların hüquqlarını pozmaq, mülkiyyətini ələ keçirmək, ədalətsiz məhkəmə hökmləri ilə həbsxanalara doldurmaq, ölkədən sürgün olunmağa məcbur etmək, öldürüb qanını batırmaq cəsarətlilik əlamətləri deyil, cinayətdir, rəzillikdir.
Sizi mühakimə edən, bu cür məzhəkə xarakterli məhkəmələrə sifariş verən ölkə rəhbərliyinin hərəkətləri qorxaqlığın ifadəsidir, sizin kimi mübariz, seçilmiş insanları qorxutmaq üçün vasitə ola bilməz. Sizi və sizin mübarizə yoldaşlarınızı qorxutmaq üçün nəzərdə tutulan məhkəmə prosesləri sizin nümunənizdə yeni bir qorxmaz mübarizlər ordusu yaratdı. Bu mənada bu gün artan mübarizlik dalğasında sizin nümunənizin rolu misilsizdir.
Adətən, həbsxanalardan söz düşəndə hamını qulağını çəkərək “uzaq olsun” deyən görmüşük. Lakin sizin şəxsinizdə həbs olunmağın bir qəhrəmanlıq missiyası olduğu nümunəsi yarandı.
Ədalət hissi insanlığın ən yüksək zirvəsidir. Məhkəmələrdəki çıxışlarınız “Mən nə üçün həbsxanadayam” sualına çox tutarlı cavab idi. Yığcam ifadə etsək, bunun yeganə səbəbi ölkəmizi sürətlə faciəyə sürükləyən cinayətkar, korrupsioner rejimə son qoymaq və ədalətli bir cəmiyyət qurmaq uğrunda mübarizənin önündə olmağınızdır.
Müraciətimi Qurani-Kərimdən bir ayə ilə bitirmək istəyirəm: “Biz insanları öz gücünə uyğun olaraq yükləyirik”. Görünür, seçilmişlərin gücü daha çox olduğu üçün əzabları da çox olur. Əsas olan kimin bu əzab və sınaqlara hansı reaksiyanı verməsidir. Sizin göstərdiyiniz reaksiya təkcə özünüz üçün yox, həm də neçə-neçə nəsillər üçün qürur qaynağı olacaqdır.
Sizi, mübarizə qardaşlarımı Dünya Azəraycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə təbrik edirəm. Tezliklə azadlıqda görüşmək arzusu ilə…


