Senyorlar və vassallar

Bəli, bu hakimiyyət deputat mandatlarını necə bölüşdürürsə, elə məhbusları da həmin üsulla əfv edir. Səhv etmirəmsə, müxalifətin həbsdəki üzvlərindən cəmi bircə nəfər əfv olundu. Sözsüz, bir nəfərə görə də necə var sevinmək lazımdır, ən azı ona görə ki, heç olmasa bir nəfər azadlığa buraxılıb və o, tez bir zamanda yenidən müxalifət düşərgəsində öz yerini tutacaq! Mən sadəcə bu hakimiyyət sahiblərinin hansı ürək sahibi olduğu haqda düşünürəm. Bir qayda olaraq geriyə yolu olmayanlar belə edir – heç nəyə baxmır, asır, kəsir və ona çalışır ki, öz fatal aqibətinin gəlişini azacıq olsa da yubatsın! V.Putin bütün varlığı ilə hakimiyyətə can atır. Bu, təkcə vəzifə düşkünlüyüdürmü? O, vəzifə düşkününə oxşamır. Sadəcə, geriyə yolu yoxdur! Bu misalı başqaları haqda da çəkmək olar. Amma mən düşünmürəm ki, V.Putin bizim asiyalı və bəlkə də afrikalı diktatorlar üçün tipik nümunədir. V.Putin bunlara baxanda sözün əsl mənasında mələkdir. Bunlar onun yerində olsaydılar nələr və bir daha nələr etməzdilər?! Bunlar heç kimə bənzəmir, bunlar yalnız özlərinə və bir də bir-birilərinə bənzəyirlər! Mən diktatorların psixologiyası haqda çox yazmışam. O gün Kim Çen Irin rəsmi titullarını nəzərdən keçirirdim. Birdən öz titullarımız yadıma düşdü. Gördüm ki, bizimkilərin fantaziyası daha irəli gedib. Ən azı ona görə ki, genetikanın siyasətə tətbiqi haqda fikirlər, şüarlar səsləndirmək koreyalıların ağlına gəlməyib! Bizimkilər genetika tək qəliz bir elmə də baş vurmaqdan çəkinməyiblər. Hələ koreyalıların ağlına gəlməyib ki, K.Ç.Irə K.I.Senin, yaxud K.Ç.Una isə K.Ç.Irin genlərinin daşıyıcısı titutulu versinlər! Qərəz, nə başınızı ağrıdım, bunlar hətta əfv fərmanlarını sayırlar, çünki düşünürlər ki, bu, onların humanizminin göstəricisidir! Fikirləşirlər ki, kimsə buna inanır! Bəli, düşüncə tərzinə və iş üslubuna görə bunlar hətta o səviyyəyə endilər ki, adam bunlara bir əyalət milisi kimi baxır! Volter Russo kimi adama deyirdi ki, sizin əsərlərinizi oxuyanda insanlar əllərinin üstündə gəzmək istəyir! Indi bunların ittihamlarını eşidəndə, çıxışlarını dinləyəndə o sözlər yadıma düşür, sadəcə əllərimə heyfim gəlir, çünki bu barmaqlar hələ çox şey yaza bilər.
Daha bir neçə il səfirsiz?!
M.Brayzanın da müddəti bitdi. Ola bilsin ki, ölkə daha bir neçə il ABŞ səfiri olmadan yaşamalı olacaq. Mənə belə gəlir ki, bu vəziyyət hakimiyyəti qane edir. Səfir onların nəyinə lazımdır? Istər-istəməz əlavə nəzarətdir. Bunları isə ən çox qeyzləndirən də kiminsə bunların “daxili işləri”nə qarışmasıdır. Bilirsiniz, bu, maraqlı psixoloji məqamdır: heç kim ağasına can sağlığı arzu etmir, senyor nə qədər xəstə, zəif və düşkün olsa, vassallar üçün bir o qədər yaxşıdır, çünki onlar belə vəziyyətlərdə özlərini daha rahat və daha sərbəst hiss edirlər. Kiçik diktaturalar həmişə vassallıq halında olur, onlar özlərini nə qədər müstəqil göstərsələr də əslində belə deyil, bu, sadəcə görüntüdür!
Mənə elə gəlir ki, bunlar istəsəydilər ABŞ-da iki konqressmeni də razı sala bilərdilər. Görünür, bunu ürəkdən istəmirlər. Səbəbini isə bir az əvvəl dedim və əlavə etməyə başqa sözüm yoxdur.
Rusiyada yeni seçici görünür! Bəs bizdə?
Mən Rusiyadakı proseslərdə bir elektoral dəyişiklik hiss edirəm. Dərhal belə bir detal nəzərə çarpır ki, artıq rusiyalı seçici tək təqaüdçülərdən – “babka” və “dedka”lardan ibarət deyil, internet nəsli özünü hiss etdirir. Mən özümüz haqda da mənfi rəydə deyiləm. Bizim müstəqil düşüncəli, Qərb təhsilli gənc insanlarımızla bu hakimiyyət arasında əsl çarpışma hiss olunur, onlar artıq bu hakimiyyətlə bir yolu bölüşmədiklərini sübut ediblər. Bu, təkcə nəsillərin konflikti deyil, söhbət çox ciddi aksioloji fərqlərdən, müxtəlif ictimai-siyasi dəyərlərdən gedir. Gənclərə nə demək olar? Realist olun, mümkün olmayan şeyləri arzu edin! Sizin istədiklərinizin bir çoxu indi qeyri-real görünür! Bir vaxt vardı bizim də arzularımız mümkün olmayan şey təsiri bağışlayırdı. Indi isə əski kommunistlər belə bir vaxt bizim dediklərimizi deməyə cəhd edirlər.