«Gürcüstan hökuməti azərbaycanlılara qarşı məqsədyönlü diskriminasiya siyasəti yürüdür»
Rusiya Xarici Işlər Nazirliyi “Bəzi dünya ölkələrində insan haqlarının vəziyyətinə dair” hesabat açıqlayıb(APA). Hesabatın Gürcüstana aid hissəsində bu ölkədə yaşayan azərbaycanlıların vəziyyəti də təhlil olunub.
Bəyanatda deyilir ki, Gürcüstan hökuməti ölkənin ən çoxsaylı milli azlığı olan azərbaycanlılara qarşı məqsədyönlü diskriminasiya siyasəti yürüdür: “Gürcüstanda etnik azərbaycanlıların ümumi sayı təxminən 300 mindir. (Ölkə əhalisinin 7 faizi). Kvemo-Kartli regionunda orta məktəblərdə Azərbaycan sektoru planlı şəkildə ixtisar olunur, dövlət vəzifələrinə qəbul zamanı isə gürcü millətindən olan şəxslərə üstünlük verilir”.
Hesabatda xatırladılır ki, bu bölgədə 2004 və 2006-cı illərdə millətlərarası durum gərginləşib və azərbaycanlıların cəm halında yaşadığı bölgələrdə gürcü anklavları yaradılır:”Gürcüstan parlamenti tərəfindən qəbul edilən və Tiflisin tarixi məhəlləsinin sakinlərindən əlavə verginin yığılmasını nəzərdə tutan “Mədəni irs haqqında” qanunun qəbulu etnik azərbaycanlıların hüquqlarının pozulması ilə yekunlaşdı. Şəhərin azərbaycanlı əhalisi məhz burada məskunlaşıb və onların çoxu əhalinin aztəminatlı təbəqəsinə aiddir. Azərbaycan icmasının nümayəndələri deyirlər ki, iqtisadi üsullardan istifadə etməkə onları paytaxtdan sıxışdırıb çıxarmağa cəhd göstərirlər”.
Rusiya XIN azərbaycanlılar yaşayan kəndlərə gürcü adlarının verilməsi faktlarını da qeyd edib. Sənəddə Kvemo-Kartlinin Azərbaycan dilində “Borçalı” olduğuna, 50-dən çox yerli qəsəbə və kənd adının dəyişdirildiyinə diqqət yönəldilir: “Gürcüstannın bu hərəkətləri şübhəsiz ki, yerli əhalinin milli hisslərinə toxunur. Bunun nəticəsi kimi azərbaycanlıların qonşu Azərbaycana köçü kütləvi xarakter alır”.


