Rəşid Behbudov əfsanəsi…

Arşınmalçı Əsgər

Onun bənzərsiz səsi sovetlər zamanında uzaq sərhədləri aşıb Azərbaycan musiqisini dünyaya yaymışdı. Dünyanın az ölkəsi tapılardı ki, orada səhnəyə çıxmasın. Yalnız çox sevdiyi Azərbaycanın deyil, onlarla başqa xalqın nəğmələrini də onların öz dilində səsləndirmişdi.
O, bir fenomen, bir əfsanə idi. Səhnəni səsiylə, görkəmiylə cana gətirən, seyirçiylə dolu zalı musiqiylə əsir alan bir əfsanə. Rəşid Behbudov əfsanəsi…
1915-ci il dekabrın 14-də Tiflisdə doğulan Rəşid Behbudov uşaq yaşlarından məktəb xorunda oxuyub. Çətin dolanan ailəyə kömək etmək üçün 12 yaşından işləməyə başlayıb: “Boyca balaca, amma çox cəld idim. Məni nəhəng buxar qazanlarının içərisinə salır, əlimə şlanq verib qazanların ərpini təmizləməyi tapşırırdılar. Orada hərarət çox yüksək olurdu. Istidən az qala boğulurdum”. Evin hər işinə yarayan, dülgərlik, çilingərlik işindən yaxşı baş çıxaran bu çalışqan oğlanın əla xörək bişirmək qabiliyyəti də varmış: “Ailədə uşaqların ən kiçiyi idim, anamın işə getməsi hamıdan çox məni narahat edər, yamac aşağı anamın dalınca qaçar, ağlayar, sonra saatlarla pəncərə qabağında oturub onun gəlişini gözləyərdim. O, xörək bişirəndə deyərdi: ”Oğlum, sən bu işi görməsən də olar, ancaq öyrənsən yaxşıdır. Nə bilirsən, evlənəcəyin qız hər şeyi biləcək, ya yox?”.
1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur. Təhsil dövründə tələbə özfəaliyyət orkestrində çalışır. Hərbi xidməti zamanı ordu ansamblında solistlik edir. Həmin illərdə Tiflisdə “Teo-caz” adlı kiçik ansambl yaradır. Cəbhədə konsertlər verir. Bakıda qastrol səfərində olanda burada qalmaq qərarına gəlir.
Çox keçmir ki, Rza Təhmasib onu “Arşın mal alan” filminə dəvət edir, 1945-ci ildə arşınmalçı rolunda çəkilir və bu film ona böyük şöhrət gətirir. Filmin ssenari müəllifi Sabit Rəhman “Azərbaycan kinematoqrafiyasının təntənəsi” məqaləsində aktyorun oyununu belə qiymətləndirib: “Əsgər rolu Rəşid Behbudovun ilk roludur. Rəşid öz gözəl, lirik səsilə estrada səhnəsində SSRI-nin bir çox şəhərlərində sevilmiş, alqışlanmışdı. Əsgər onun ilk rolu olmasına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir…”.
R.Behbudov söhbətlərinin birində demişdi: “Mən dünyanın hər hansı ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl ”Arşın mal alan” filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. “Arşın mal alan” Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bizim “Arşın mal alan” dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl “vizit vərəqəm” idi”.
1946-ci ildə bu filmə Dövlət Mükafatı verilir. “Arşın mal alan” Behbudova dünya şöhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır. Onun yaratdığı lirik obrazın – Əsgərin könül oxşayan səsi tamasaçını valeh etmişdir.
Yeni uğurlara, yeni zirvələrə doğru
R.Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə “Arşın mal alan” kinokomediyası ilə bitmir. O, həmçinin “Bəxtiyar” filmində, “1001-ci qastrol”, “Doğma xalqımıza”, “Toyda görüş”, “Abşeron ritmləri” film-konsertlərində və bir çox sənədli filmlərdə, kinojurnallarda çəkilir. 1951-ci ildə Rəşid Behbudov Çinə qastrol səfərinə gedir. Bu ölkədə “Arşın mal alan” filmi “Örtüksüz məhəbbət” adı ilə nümayiş etdirilərək çox məşhurlaşmışdı. Rəşidi orada hamı tanıyır, məşhurluq onu addımbaşı izləyirdi. “Bəxtiyar” filmi isə bu populyarlığın yeni dalğası idi.
1945-ci ildən başlayaraq Rəşid yaradıcılığının yeni dövrü, yeni erası başlanır. Görkəmli bəstəkar Tofiq Quliyevlə Rəşid Behbudov misli görünməmiş bir tandem yaradaraq Azərbaycan musiqisinin yeni, daha parlaq səhifələrini yaradırlar. Bu dövrdə onların yaradıcılığında xalq mahnıları əsas yer tutur. Rəşid bir çox xalq mahnılarını tamamilə yeni sərgidə, o zaman dəbdə olan caz üslubunda ifa edir. Əlbəttə ki, Tofiq Quliyevin müşayiəti ilə. Əldə etdiyimiz məlumatlara görə, Rəşid Behbudovla Tofiq Quliyev Azərbaycan xalq mahnılarından ibarət bir neçə silsilə hazırlayıblar. 12 mahnı tamamilə yeni formada, yeni redaksiyada və yeni ifa tərzində dinləyicilərin ixtiyarına buraxılıb. Əfsuslar olsun ki, bu gün həmin silsilədən yalnız beş mahnı – “Qalalı”, “Qalanın dibində”, “Ağacda leylək”, “Güloğlan” və “Yar bizə qonaq gələcək” mahnıları bizə gəlib çatmışdır.
Müasir estrada janrının inkişafı məhz bu dövrdən başlayır. Əlbəttə ki, xalq mahnıları ilə yanaşı Rəşid Behbudov Tofiq Quliyevin özünün bəstələdiyi mahnıları da gözəl, böyük məharətlə ifa edirdi. “Züleyxa”, “Gözəldir Vətənim”, “Bakı”, “Nəsrəddin və kölgəsi” və s. mahnılar o dövrdə nəinki Azərbaycanda, keçmiş SSRI ərazisində də çox məşhur idi.
Rəşid Behbudov Tofiq Quliyevin müşayiəti ilə ifa etdiyi xalq mahnılarını mütləq bir neçə variantda ifa edirdi. Ən maraqlı cəhət isə ondan ibarətdir ki, görkəmli sənətkar uşaqlıqdan əzbər bildiyi və həddən artıq çox sevdiyi xalq mahnılarını tamamilə yeni formada təsdiq edirdi. 1945-ci ildən Rəşidin şöhrəti bütün dünyaya ildırım sürəti ilə yayılır. O, SSRI-nın müxtəlif şəhərlərinə tez-tez qastrol səfərlərinə dəvət olunur və bu səfərlər zamanı onu Tofiq Quliyev müşayiət edir. Hər iki sənətkar ənənəvi Azərbaycan xalq mahnılarını müasir dinləyicinin millətindən asılı olmayaraq başa düşə bildiyi musiqi dilində və tərtibatında ifa edir və onları təbliğ edirdilər. Eyni zamanda görünməmiş bir hal idi ki, Rəşid xalq mahnılarımızın bir hissəsini orijinalda, yəni Azərbaycan dilində, digər hissəsini isə rus dilində ifa edirdi.
Böyük bir məktəb
1946-ci ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. 1949-cu ildə Budapeştdə Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. T.Quliyevlə sənət əlaqələri daha da möhkəmlənir. Behbudovun repertuarında “Azərbaycan”, “Neftçi”, “Züleyxa” və b. mahnılar yer alır. O, F.Əmirovun romans və mahnılarını ifa edir.
1946-56-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuş R.Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrları üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını yaratmış və onun bədii rəhbərli olmuşdur. Bu, SSRI-də ilk belə teatr idi. Müğənni həmin ansamblla 56 ölkəni gəzmiş, Mərkəzi Amerikadan başqa dünyanın hər yerində olmuşdu. Ansambl bəzi ölkələrdə bir neçə dəfə, təkcə Hindistanda 6 dəfə qastrol səfərində olmuşdu. Rəşid Behbudov  nəinki Azərbaycandan, ümumiyyətlə, bütün SSRI-dən ilk sənətkar idi ki, Hindistana qastrola gedirdi. Bombeydə verilən ilk konsertdən müğənni zalı ələ ala bilmişdi. O, gözləmədiyindən də böyük uğurlara nail olur. Bombeydən başqa o, Dehli, Kəlküttə, Amritsar, Madras və başqa şəhərlərdə də onlarla konsert verir. Hindistanda olduğu ilk gündən Rəşid yerli xalqların mahnılarını öyrənməyə başlayır. O, hər konsertdə Tamilli, Hindi, Pencabi, Urdu, Benqali və başqa dillərdə mahnılar oxuyur və tamaşaçıları heyrətə gətirirdi. Rəşid bu dillərdə o qədər səlis oxuyurdu ki, konsertdən sonra hamı ona yaxınlaşıb əsl hindistanlı kimi oxumasını qeyd edirdi.
Səni tərənnüm edirəm, Azərbaycanım!
O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, Iran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər Evinin konsert salonunun tikintisinə hədiyyə edir. Iran gənclər naziri çıxışında bildirir ki, 1962-ci ildə Tehranda dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə “Rəşidiyyə” adlandırılıb. Çilidə olarkən R.Behbudov bir çox şəhərlərdə konsertlər verir. Hətta partizanlar onu öz kollektivi ilə birgə dağlara aparırlar. Burada R.Behbudov və onun həmkarları 4200 metr hündürlükdə konsert verir, fasilələrdə isə isti çay içmək əvəzinə oksigen yastığı ilə nəfəs alırdılar.
Həmin səfərdə iştirak edən Boris Brunovun dediyinə görə, üç ay ərzində kollektiv 85 konsert verib və həmin konsertlərdə bir neçə yüz min tamaşaçı iştirak edib. R.Behbudov dünyanın məşhur ölkəsinə səfəri haqqında “Uzaq Hindistanda” kitabını yazır. 1954-cü ildə yenidən ekranda göründü – “Doğma Xalqıma” sənədli filmində, Azərbaycanın elə bir şəhəri və rayonu və kəndi yoxdur ki, sənətkarın ayağı oraya dəyməmiş olsun. Dünyanın hər yerində, bütün keçmiş sovet respublikalarında yüz minlərlə adam onun ecazkar səsinə valeh olmuşdur. Böyük mügənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi hesab edilirdi. Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRI xalq artisti, SSRI və Azərbaycan Dövlət mükafatları laureatı, 2 “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunmuşdur, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüşdür.
Böyük sənətkar 1989-cu il iyunun 9-da vəfat edib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir