İran yenə dünyaya meydan oxuyur

Müdafiə naziri Türkiyəni xəbərdar etdi; prezident və vitse-prezident isə Qərbi Hörmüz boğazını bağlamaqla hədələdi

Iran NATO-nun Raket Əleyhinə Müdafiə (RƏM) sisteminin öz ərazisində yerləşdirilməsinə icazə verdiyinə görə növbəti dəfə Türkiyənin ünvanına xəbərdarlıq ünvanlayıb. Iranın müdafiə naziri Əhməd Vahidi qeyd edib ki, Türkiyə verdiyi razılığa görə məsuliyyət daşıyır: “NATO-nun Türkiyədə quraşdıracağı raketdən müdafiə sistemi bir növ güc nümayişidir. Ancaq əslində, düşmənin zəifliyini və çarəsizliyini göstərir”.
Əhməd Vahidinin sözlərinə görə, öz ərazisində belə bir sistemin quraşdırılmasına icazə verən ölkə mütləq lazımi qabaqlayıcı tədbirləri də nəzərə almalıdır.
NATO-nun RƏM sisteminin Malatya şəhərində quraşdırılacağı açıqlanandan sonra Iran rəsmilərinin Türkiyəyə yönəlmiş təhdidləri iki ölkə arasında gərginliyə səbəb olub. Iran prezidenti Mahmud Əhmədinejad isə ölkəsinin düşmənlərinin Iran xalqına və iranlıların hüquqlarına hörmət etməkdən başqa çıxış yolu olmadığını bildirib. Əhmədinejad Iranın istənilən xarici təhdidə hazır olduğunu və bunlara qarşı çıxmaq üçün heç nədən çəkinməyəcəyini söyləyib. Tehranın digər dövlətlərin beynəlxalq suverenlik və əsas hüquqlarına hörmətlə yanaşdığını deyən Əhmədinejad digər ölkələrin də Iranın bu dəyərlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulayıb. O, Iran xalqının heç zaman ABŞ-ın ekspansionist siyasətinə imkan verməyəcəyini bəyan edib. Mahmud Əhmədinejad ABŞ və onun müttəfiqlərinin 32 ildir Iran əleyhinə işlədiyini qeyd edib.
Əhmədinejadın müavini Məhəmmədrza Rəhimi Qərbi və bölgə ölkələrini Hörmüz boğazını bağlamaqla təhdid edib. Rəhimi bildirib ki, Iran neftinin satışına sanksiya qoyulacağı təqdirdə Tehran Hörmüz boğazını bağlayacaq, hər hansı gəminin buradan keçməsinin qarşısını alacaq: “Iran neftinə sanksiya qoysalar, Hörmüz boğazından bir damla neft də keçməyəcək. Düşmənlər yalnız o zaman bizi rahat buraxacaqlar ki, daxildə güclü olub onların qarşısında qətiyyətlə dayana bilək”.
Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Həbibulla Səyyari də Iranın ingilis dilində verilişlər yayan “Press TV” kanalına açıqlamasında bəyan edib ki, xarici təhdid olarsa, Hörmüz boğazını bağlayacaqlar: “Hörmüz boğazını bağlamaq bizim üçün su içimi kimi bir şeydir. Lakin biz bu gün bu boğazı bağlamağa ehtiyac duymuruq. Çünki Oman dənizi bizim nəzarətimizdədir və biz bu dənizdə gəlib-gedən gəmilərə nəzarət edə bilirik”.
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner isə jurnalistlərə açıqlamasında Iranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhiminin Hörmüz boğazının bağlana biləcəyi haqda dediklərini “boş-boş lovğalanmaq” adlandırıb.
Xatırladaq ki, Iran rəsmiləri bundan əvvəl də dəfələrlə bildiriblər ki, ölkə xarici hücuma məruz qalacağı təqdirdə Hörmüz boğazını bağlayacaqlar. Iran Silahlı Qüvvələri ölkəyə qoyulan sanksiyalara və ABŞ-la Israilin Irana qarşı mümkün hərbi hücumuna hazırlıq məqsədilə dekabrın 24-dən Iran körfəzində 10 günlük hərbi təlimlərə başlayıb.
Vitse-prezident Iranın Birləşmiş Ərəb Əmirlikləri ilə bütün əlaqələri kəsəcəyini də söyləyib. Rəhiminin sözlərinə görə, əgər Birləşmiş Ərəb Əmirlikləri Iranda xarici valyutanın bahalaşmasına təsir göstərməyə davam etsə, bu ölkə ilə bütün əlaqələr dondurulacaq. O, son zamanlar Iranda dolların məzənnəsinin artmasına toxunaraq ölkədə xarici valyutanın bahalaşmasına görə Birləşmiş Ərəb Əmirliklərini günahlandırıb: “Birləşmiş Ərəb Əmirliklərinin bütün ərazisi Iranın bir vilayəti qədər olmasa da, ölkəmizin iqtisadiyyatına mənfi təsir göstərə bilir. Iranda xarici valyutanın bahalaşmasında Birləşmiş Ərəb Əmirliklərinin əli var. Irandan hər həftə ora 160 təyyarə reysi həyata keçirilir və Birləşmiş Ərəb Əmirliklərinə ticarət məqsədilə gedib-gələn xeyli sayda vətəndaşımız var”.

Informasiya şöbəsi