Cavid vəhşi bolşevizmin qurbanı olmuşdu. Elə bolşevizmin qurbanı olaraq da, Azərbaycandan çox-çox uzaqlarda, Rrusiyanın Sibir ucqarında – Kolımada uyuyurdu. Cavid uzun-uzadı, dözülməz bolşevizm işgəncələrindən sonra sevgili Ölkəsindən çox-çox uzaqlarda olsa belə, dinclik tapmışdı. Heydər Əliyev onu çox sevirmiş kimi sonralar Azərbaycana, lap Cavidin doğma yurdu Naxçıvana gətirdi. Ölkəsinə, doğma yurduna gətirilən Cavid daha böyük dincliyə qovuşdumu? Yox! H.Əliyevin 1993-dən sonra Azərbaycanda, ən çox da Naxçıvanda qurduğu yeni, stalinçi bolşevik rejimindən daha pis, bütünlüklə idealsız rejim bu gün Cavidi Naxçıvanda, demək olar, tək – kimsəsiz qoyub: ANTIMILLI siyasət, amansız repressiyalar üzündən Cavidin soydaşları-yurddaşları Naxçıvandan baş götürüb gedəsi olublar. Cavid indi Naxçıvanda, demək olar, tək – kimsəsiz qalıb!
Cavid çağında bolşevik Azərbaycanının mənəvi-psixoloji portretini yaratmışdı:
“Rəqsi təlim ediyor axsaqlar,
Əzəmət düşkünüdür alçaqlar…
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa – səbəb alçaqlıq…”.
Oxuyun, dönə-dönə dörd yanınıza, aşağı-yuxarı baxın, boylanın: görün nə görəcəksiz. Uzaq Sibirdə olsaydı, daha yey deyildimi? – Cavid indi yenidən bizimlədir; yenidən bizimlə birlikdə, bir yerdə… keçən çağlarda mənəvi-psixoloji portretini yaratdığı günləri, çağları yaşayır. Cavidin indiki başlıca obrazlarından biri akademik Rafiq Əziz oğludur. Rafiq Əzizoğlu Cavidin mənəvi-psixoloji portretini yaratdığı gerçəkliyə qarşı çıxdığına görə rejimin özümlü LINÇ siyasəti ilə üzləşdi. Rejimin bilim-akademik LEGIONU antik Roma ordusundakı DƏMIR DÜZƏNLƏ onun üzərinə yürüdü. Niyə görə? Uzaq keçmişlərə bağlı gerilikçi görsənişlərə bugünkü Azərbaycanda çağdaşlıq statusu qazandırılması faktı ilə barışmadığına, bu fakta qarşı çıxdığına görə!
Çox ilginc bir görsənişdir: Rafiq Əzizoğlu da, onun qatıldığı Ziyalılar forumu da hamılıqla, birlikdə bizim bu rejimlə bağlı illərlə dediklərimizin onda birini də deməyib. Onda nə olub? Rejim nədən belə qorxuya düşüb? Ziyalı forumu, Rafiq Əzizoğlu ilə bağlı baş verənlərdən indiyədək çox yazılıb. Çeşidli yönlərdən yanaşmalar, ayrı-ayrı səpkilərdən sərgiləmələr (eləcə də sərkiləmələr!) çox olub. Di gəl, qonu bitməmiş qalır – başlıca deyiləcək deyilmədiyindən. Başlıca deyiləcək nədir? Rejimin Ziyalılar forumu, Rafiq Əzizoğlu ilə bağlı qorxusunun kökündə nə dayanır? Bilindiyi kimi, rejim müxalifətlə bağlı KVOTA ayırıb. Politologiyada “sistem müxalifəti” anlayışı var. Çağdaş dünyada “sistem müxalifəti” avtoritar rejimlər üçün qalxan rolunu oynayır. Demokratik dünya gücləri qarşısında çətinliklə duruş gətirən avtoritar rejim “sistem müxalifəti” yaradaraq, çeşidli manipulyasiyalar yoluyla bu müxalifətin arxasında illərlə gizlənə bilir. Istər ölkə içində, istər ölkə dışında gerçək müxalifət adı ilə tanınan bir neçə partiya, bir neçə qəzet “sistem müxalifəti” olaraq, rejim üçün yetərli sayılır. Rejim içindən qırıla-qırıla olsa da, demokratik dünyanın qorxusundan ayırdığı müxalifət kvotasına dözməli olur – dişi bağırsaqlarını kəsə-kəsə.
Baxın, görün bunlar necə bir hakimiyyəti tənqid kvotası ayırıblar. Kriminal-korrupsioner rejim ideoloqu bizə göstəriş verir: “Mətbuat hakimiyyətin siyasi maraqlarından kənara çıxmamalıdır”. Başqa cür desək, bunların düşüncəsinə – yolgöstərənliyinə görə, mətbuat bir sıra yalançı müxalifət qəzetləri kimi, uzaqbaşı, “Prezident yaxşıdır, ətrafı pis” ideyasına qulluq etməlidir. “Xural” qəzeti son çağlar özünü kvotadan qıraq bir qəzet olaraq göstərdiyindən, bağlandı. Bunlar donluq, pensiya verəndə, seçki keçirəndə bizə Afrikanln ən gerilikçi ölkələrinin standartlarını uyğulayırlar, kommunal xərclərə, yolpulu kimi işlərə gələndə Avropa standartlarını. Birincidə xalqa vermək var, ikincidə xalqdan almaq – buna görə!

Rafiq Əliyev faktoru I yazı
•