Əziz oxucular, Ilham Əliyev hakimiyyəti indi də Xəzərin üstündə şəhər tikir. Hər halda, konfet kağızı ilə yox. Hər halda neft pulları ilə! Sizin cibinizdən qamarladıqları, sizin övladlarınızın boğazından kəsdikləri pullar ilə!
Açığı, bilmirəm, bunların Xəzərin üstündə şəhər tikmək fikrinə düşmələrindən nə yazmaq lazımdır. Bu harınlıq, bu talançılıq qarşısında nə demək olar, bilmirəm.
Sənin vətəndaşların bir qarın çörək üçün Rusiya çöllərinə düşsün…
Sənin vətəndaşlarının iniltisi Dubayın, Bodrumun, Antalyanın otellərindən gəlsin…
Sənin ölkənin cocuqları yatağa ac girsin…
Sənin ölkəndə anasına dərman almaq üçün pul tapa bilməyən bir qızcığaz evindən soyuducunu, sobanı, televizoru, bunlar da yetməyəndə qışın ortasında əynindəki pencəyi satsın…
Sənin ölkəndə övladına toy etməyə pul tapa bilməyən ata gedib özünü assın…
Sənin hər rayonunda, hər şəhərində XXI əsr üçün üzqarası olan, utanc olan “qul bazarları” alsın başını getsin…
Sənin ölkəndə həkimin gözü xəstənin cibinə baxsın…
Müəllimin gözü şagirdin əlinə baxsın…
Amma sən get, bu millətin pulu ilə Xəzərin üstündə şəhər tik. Nə var, nə var, əlahəzrətin könlünə Havay adaları düşəndə bir də el basa-basa burdan ora getməsin, elə könlünü öz Havay adalarımızda xoş eləsin.
Nə var, nə var, çoxlu pullarımız var və belə düşük, mənasız, amma çox bahalı layihələr də o çoxlu pulların başına daş salmağın, neftdən, qazdan gələn milyardları dədə malı kimi sümürməyin, büdcənin altından girib üstündən çıxmağın ən asan yoludur.
Sonra da bu rejimin devrilməsindən qorxanlar, dəyişikliyə allergiyası olanlar, içlərindəki köləlik hissinə yenik düşənlər, qul kimi yaşamağa vərdiş edənlər və Azərbaycanı bir ailənin işğalından kənarda təsəvvür etməyə ağlı çatmayanlar utanıb qızarmadan deyirlər ki, bunlar yeyib doyublar, təzə gələnlər isə acdırlar, basıb yeyəcəklər. Oysa, kor-kor, gör-gör, bunlar doyub-zad eləməyiblər, əksinə, hələ təzə-təzə acırlar. Neftin, qazın pulları gəldikcə tamahları yenidən itilənir, iştahları yenidən açılır. Qarınları doyub bəlkə, amma gözləri acdır hələ.
Kosmosa peyk göndərmələrinin, Xəzərin üstündə şəhər tikməyə başlamalarının, Qubada süni qar meydançası düzəltmələrinin, daha neçə-neçə bu cür səfeh və pullu layihələrin arxasınca qaçmalarının səbəbi də budur: daha çox talamaq, daha çox sümürmək, daha çox yemək.
Yüz dəfə yazdıq, yenə yazaq yüzbir dəfə olsun: bunlar ciblərinin ağzını tikməyincə tikdikləri hər şey yağmaçılıqdan, büdcə oğurluğundan başqa bir şey deyil. Millətin sərvətlərini daha çox qamarlamaqdan, cibişdanını daha çox doldurmaqdan başqa bir şey deyil.
Sizsə…
Sizsə deyirsiniz ki, bunlar yeyib doyublar.
Bunların gözlərini qara torpaqdan başqa heç nə doyurmaz, havayı yerə oturub gözləməyin.

Nə oldu, bəs deyirdiniz, bunlar yeyib doyublar?
•
•