Müxalifət liderləri Ziyalılar Forumuna dəstək verdi

“Azərbaycan hakimiyyəti siyasi plüralizm, rəqabət, diskusiya şəraitində idarəetməyə qadir deyil”

Ziyalılar Forumunun dekabrın 29-da “Hyatt Regency” otelinə təyin olunan toplantısının qarşısı alınıb. Otelin, o cümlədən tədbirin keçirilməli olduğu “Bakı” zalının yerləşdiyi korpusun işıqları söndürülüb, qapıları bağlanıb. Müxalifət partiyalarının liderləri – AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər bu olaya münasibət bildiriblər.

“Cəmiyyət susmaq istəmir”

Əli Kərimli Ziyalılar Forumunun toplantısına imkan verilmədiyinə görə təəssüfünü ifadə edib: “Texniki problemin siyasi hakimiyyətin təlimatı ilə yaradıldığına şübhə etmirəm. Məqsəd Ziyalılar Forumunun tədbirinin qarşısını almaq olub. Hələ bir neçə gün bundan qabaq ölkənin tanınmış ziyalılarına qarşı hakim partiyanın funsionerlərinin başlatdığı qaraguruhçu kampaniya belə qənaət yaradırdı ki, Ziyalılar Forumunun fəaliyyətinə maneə yardılmağa cəhd olunacaq. Azərbaycan hakimiyyəti siyasi plüralizm, rəqabət, diskusiya şəraitində idarəetməyə qadir deyil. Azərbaycan hakimiyyəti öyrənib ki, yalnız öz məhdud intellektual imkanları ilə düşündüyü təlimatları zorla, inzibatı üsullarla yeritsin və qarşısında heç kimin alternativ səsini eşitməsin. Ancaq cəmiyyət susmaq istəmir. Həm müxalifət partiyaları öz fəaliyyətlərini genişləndiriblər, həm də cəmiyyətin ayrı-ayrı təbəqələri artıq bu status-kvo ilə barışmır. Azərbaycan ziyalıları da son aylarda nümayiş etdirdilər ki, cəmiyyətin demokratikləşməsi, cəmiyyətimizdə proqressiv tendensiyaların artırılması üçün öz səslərini ucaldacaqlar.

“Hakimiyyət qaranlıq heyranı olduğunu təsdiqlədi”

Azərbaycan gənclərinin, hüquqşünaslarının, dindarların öz haqları uğrunda başlatdığı hər bir mübarizə Azərbaycan hökumət tərəfindən sərt, kobud hərəkətlə qarşılanır. Təsadüfü deyil ki, ziyalılara qarşı eyni üsuldan istifadə olundu. Azərbaycan hökuməti bununla bir daha göstərdi ki, özgə fikirliyə, müstəqil düşüncəyə olduqca dözümsüzdür. Azərbaycanda artıq klassik avtoritar üsil-idarə yaranıb. Tənqidə dözümsüz, hər hansı rəqabəti özünə düşmən hərəkəti kimi qəbul eləyən bir zehniyyət var. Onlar ətrafında, regionda baş verənlərdən və Azərbaycan xalqının hər gün daha uca səslə öz haqqını tələb etməsindən  həyacanlanıblar, təlaş içindədirlər. Buna görə də məntiqsiz hərəkət edirlər.
Son günlər iki dəfə belə bir absurd hərəkətin şahidi olduq. “Azadlıq” kimi bir qəzetin ad gününü keçirməyə işıqları söndürərək imkan vermədilər. İndi də Azərbaycan ən tanınmış, ən hörmətli ziyalılarının keçirtmək istədiyi tədbirin qarşısını səviyyəsiz üsulla aldılar. Azərbaycan hökuməti qaranlıq heyranı olduğunu, işığa, ziyaya, işıqlığa düşmən olduğunu növbəti dəfə təsdiq eləmiş oldu.
Çox şadam ki, Azərbaycan ziyalıları bu kimi hərəkətlərdən qorxmurlar, mövqelərini dəyişmirlər. Yaydıqları bəyanatda bildirirlər ki, onların fəaliyyəti davam edəcək. Biz Xalq Cəbhəsi, İctimai Palata olaraq ölkədə həqiqəti deyən hər bir vətəndaşımıza, xüsusi ilə də ziyalılarımıza hər zaman dəstək verməyə hazırıq, onların mübarizəsini haqlı hesab edirik”.

“Bu hakimiyyətlə Azərbaycanın gələcəyi yoxdur”

İsa Qəmbər “Yeni Müsavat”a açıqlamasında deyib ki, bu tədbirin qarşısının alınması Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hakimiyyətin xalqa, cəmiyyətə münasibətinin daha bir biabırçı mənzərəsidir: “Hakimiyyət cəmiyyətin fəallığından, ziyalıların bir araya gəlməsindən və ortaya mövqe qoymasından qorxur. Ona görə biabırçı mənzərələr bir-birini əvəz edir. Hesab edirəm ki, artıq Azərbaycanın gələcəyini düşünən hər bir kəs başa düşməlidir ki, bu hakimiyyətlə Azərbaycanın gələcəyi yoxdur”.
“Ziyalılar Forumu tədbirlərini Müsavat qərargahında keçirmək üçün müraciət etsələr onlara şərait yaradıla bilərmi” sualına İsa Qəmbər belə cavab verdi: “Ziyalıların müraciətinə ehtiyac yoxdur. Onlar özləri bilirlər ki, Müsavat qərargahı xalqın qərargahıdır, ziyalılarımızın öz evidir, istədikləri vaxt gəlib tədbirlərini keçirə bilərlər. Bu qərargah onların üzünə açıqdır”.

Ramin DEKO