Devrilmiş diktator bu dəfə də məhkəmə zalına xərəkdə gətirilib
Israilli nazir Mübarək ailəsinə verdiyi 300 milyon dollar rüşvəti geri istədi
Misirin devrilmiş diktatoru Hüsnü Mübarəkin məhkəməsi 3 aylıq fasilədən sonra dünən yenidən Qahirədə davam etdirilib. Hüsnü Mübarək yenə də məhkəmə zalına xərəkdə gətirilib. Məhkəmə iclasının keçirildiyi Polis Akademiyasının qarşısında təhlükəsizliyin mühafizəsinə 5 mindən çox polis əməkdaşı cəlb olunub. Hüsnü Mübarəkin tərəfdarları isə binanın qarşısına toplaşıb. Devrilmiş diktatorun əleyhdarları da orada olub. Onlar Mübarəkin edam olunmasını tələb ediblər.
83 yaşlı Hüsnü Mübarəkin bu ilin fevralında anti-hökumət nümayişlərində kütləvi iğtişaşlar zamanı 850 nəfərin ölümündə günahkar olduğu sübuta yetirilsə, onun barəsində ölüm hökmü çıxarılacaq. Mübarəkin vəkilləri isə onun ittihamlardan təmiz çıxacağına ümid edirlər. 4 küveytli vəkilin daxil olduğu müdəfiə komitəsinə başçılıq edən Yussri Abdel Razek bildirib ki, Hüsnü Mübarəkin günahsız olduğunu sübut edən yeni sənədlər əldə edib. Vəkillər həmçinin Mübarəkin devrilməsindən sonra da etirazçıların öldürüldüyünü iddia edərək, bu dəlillərin də işə daxil edilməsini istəyiblər və dinc sakinlərin ölümünə görə təkcə keçmiş ölkə başçısının məsuliyyət daşımadığını deyiblər. Diktatorun devrilməsindən sonra Misirdə etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda 100-dən çox adamın öldürüldüyü bildirilir.
Mübarəklə yanaşı, keçmiş daxili işlər naziri Həbib əl Ədli və daha 6 nəfər yüksək rütbəli təhlükəsizlik rəsmisi də eyni ittihamlarla üzləşib. Hüsnü Mübarək və onun iki oğlu korrupsiyada da ittiham olunur.
Mübarəkin devrilməsini əlində fürsət edən Israil isə keçmişdə diktatorun ailəsinə verdiyi rüşvətin geri qaytarılmasını istəyib. Israilin keçmiş sənaye və ticarət naziri Benyamin ben Elizer Mübarək ailəsinə dolayı yollarla verdikləri 300 milyon dolları tələb edib.
“Əl Ərəbiyyə” telekanalı xəbər yayıb ki, Elizer ikitərəfli münasibətlərin yaxşılaşdırılması məqsədilə Hüsnü Mübarəkin həyat yoldaşı Suzan Mübarək başda olmaqla, ailənin müxtəlif üzvlərinə 300 milyon dollar rüşvət verib. Məlumatda deyilir ki, Elizer verdiyi rüşvət qarşılığında Misirdəki orta məktəblərdə istifadə olunan dərsliklərdən Israil əleyhinə ifadələrin çıxarılmasını istəyib. Israilli keçmiş nazir Mübarəkin devrilməsindən sonra ölkənin müvəqqəti rəhbərliyindən də 300 milyon dolların geri qaytarılmasını tələb edib.
Xatırladaq ki, Hüsnü Mübarəkin məhkəməsi avqustun 3-də başlayıb. Sentyabrda keçirilən sonuncu dinləmənin isə mediada işıqlandırılması qadağan edilmişdi. Kütləvi iğtişaş qurbanlarının vəkilləri məhkəmə prosesinə sədrlik edən hakim Əhməd Refaatın dəyişdirilməsini tələb etdiyindən, məhkəmə üç aydır ki, təxirə salınmışdı.
Məhkəmənin növbəti iclası yanvarın 2-də keçiriləcək.
Informasiya şöbəsi