Əliyev tələbələrə necə baxır, başqaları necə?

Ən pis yaşayan tələbələr Azərbaycandadır

Ölkə başçısının sərəncamına əsasən, doktorantların, ali təhsil, orta ixtisas və peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlər 10 faiz artırılıb. Xatırladaq ki, artıma qədər bakalavr pilləsi üzrə əla qiymətlərlə oxuyan tələbələr 80 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələr 65, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələr 40 manat təqaüd alırdı.
Magistr pilləsi üzrə təhsil alanların təqaüdləri bakalavrlardan cəmi 5 manat artıq idi. Orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələr isə 30-40 manat təqaüd alırdı. Göründüyü kimi, on faizlik artım heç on manat deyil. Xatırladaq ki, Azərbaycanda tələbələr üçün heç bir imtiyaz yoxdur. Üstəlik, yataqxanaların olmaması əyalətlərdən oxumağa gələnlər üçün əlavə problemlər yaradır. Tələbələrin aldığı təqaüd onların heç kirayə haqqına bəs etmir. Çünki paytaxtda 100 manatdan ucuz kirayə ev tapmaq, demək olar, mümkün deyil. Xatırladaq ki, ölkədə minimum yaşayış həddi, rəsmi statistikaya görə, 96 manat, iqtisadçıların hesablamasına əsasən isə 168 manatdır. Belə şəraitdə tələbənin 80-90 manatla necə yaşamalı olduğu isə əhalinin sosial rifahına yönəlmiş addımları ilə öyünən, ölkəni regionun lider dövləti kimi təqdim edən hökumət rəsmilərini narahat etmir. Bu vaxta qədər qəzetimizdə müxtəlif sosial təbəqələrə ayrılan diqqətə nəzər salıb bunu başqa ölkələrlə müqayisə etmişik. Nəticədə əksər göstəricilərə görə Azərbaycan istər regionun, istərsə də dünyanın başqa ölkələrindən geri qalır. Hətta YAP iqtidarının geridə qalmış və ac ölkə kimi təqdim etdiyi Ermənistanda əhaliyə diqqət daha çoxdur.
Bu dəfə tələbələrin aldıqları təqaüdləri müqayisə edəcəyik.
Bəs digər ölkələrdə, xüsusilə də Azərbaycan rəsmilərinin ölkəmizi müqayisə etdiyi dövlətlərdə tələbələr nə qədər təqaüd alır?

Ermənistanda tələbələrə ərzağa güzəşt var

Rusiyada tələbələrin aldığı təqaüd 40-50 dollardır. Ancaq bu ölkədə tələbələr yataqxanalarla təmin edilib. Bu da azərbaycanlı tələbələrdən fərqli olaraq onları əlavə xərcdən azad edir. Ermənistanda tələbələr üçün nəzərdə tutulan təqaüdlər minimum yaşayış həddinə bərabərləşdirilib. Xatırladaq ki, bu ölkədə minimum yaşayış həddi 70 dollardır. Azərbaycan ali məktəblərinin diplomları xaricdə tanınmasa da, Ermənistanın ali məktəb diplomu bütün Avropada etibarlıdır. Ali məktəbə qəbul olunan tələbəyə yataqxanada yer verilir. Bundan əlavə, tələbə yataqxanalarında ərzaqların qiyməti də xeyli ucuzdur. Bir məqamı da qeyd etmək lazımdır. Azərbaycanda təqaüdü yalnız ödənişsiz fakültələrdə təhsil alan tələbələr alır. Ermənistanda isə ödənişli fakültələrdə təhsil alanlar da təqaüd alır. Eyni zamanda aztəminatlı ailələrdən olan tələbələr üçün xüsusi imtiyazlar nəzərdə tutulub. Belə tələbələr üçün dövlət sosial yardım paketi ayırıb.
MDB-nin digər dövləti olan Belarusda tələbələrin təqaüdü 55 dollardır. Ancaq Belarusda yaşayış minimumu bu həddən aşağıdır. Eyni zamanda tələbələr yataqxanalarla da təmin edilir.  
Ukrayna tələbələri də yataqxana təminatı ilə yanaşı 80 dollar təqaüd alır.
Qazaxıstanda isə tələbə təqaüdü orta hesabla 184 dollardır.

Avropada üçüncü ölkələrdən gələnlərə xüsusi təqaüd verilir

Türkiyədə iki növ tələbə təqaüdü var. Bunlardan biri 150 dollar miqdarındadır və bütün tələbələrə verilir. Digəri isə 5 dollara qədərdir. Belə təqaüdü tələbələr öz istəyi ilə ala bilər. Lakin ali məktəbi bitirib işləməyə başlayandan bu məbləğ dövlətə qaytarılır.
Eyni zamanda Avropanın digər ölkələrində və ABŞ-da da tələbələr üçün xüsusi təqaüd proqramları var. Hətta inkişaf etmiş ölkələrin əksəriyyətində üçüncü ölkələrdən gələn tələbələr üçün xüsusi təqaüdlər nəzərdə tutulub. Müxtəlif məbləğlərdə olan təqaüd tələbənin aylıq xərclərini ödəmək üçün yetərlidir. Məsələn, Fransada belə təqaüdlər 350 avrodan aşağı olmur.
ABŞ universitetlərində isə bu tip təqaüd proqramları tələbələrin xərclərini 80%-ə qədər azaldır. Belə ki, təqaüd alan tələbə hətta təhsil haqqı ilə bağlı güzəşt də əldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr komfortlu yataqxanalarla təmin edilir. Təhsil müddətində onlar dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən də istifadə edə bilər.
Göründüyü kimi, bu sahədə də Azərbaycanın inkişaf etmiş dövlətlərə çatmasına hələ çox var. Hər halda hökumət bu istiqamətdə lazımi addımlar atmağa tələsmir.

Ərəb tələbələri 700 dollar alır

Ölkəni inkişaf etmiş dünya ilə müqayisə etməyi xoşlayan YAP rəsmiləri inqilabların baş verdiyi, yaxud üsyanların davam etdiyi ərəb ölkələrindəki durumla bağlı da fikir söyləməyi unutmur. Onlar bu üsyanların sosial şəraitin ağırlığından baş verdiyini deyir. Lakin son bir neçə gündə apardığımız müqayisələr bu fikrin də həqiqətdən uzaq olduğunu göstərir. Ən azı ona görə ki, bu ölkələrin hər birində bütün təbəqələrə göstərilən diqqət Azərbaycanda olduğundan xeyli yüksəkdir. Tələbələr də istisna deyil.
Məsələn, Omanda tələbələr 170 avro təqaüd alır. Liviya və Səudiyyə Ərəbistanında bu göstərici 700 dollardır. Küveytdə isə subay tələbələr 700, ailəlilər isə 1200 dollar təqaüd alır. Qeyd edək ki, bu dövlətlərdə qiymətlər xeyli ucuz, yaşayış minimumu isə çox aşağıdır.
Gördüyünüz kimi, növbəti müqayisəmiz yenə də Azərbaycan hökumətinin əhaliyə göstərilən qayğı ilə bağlı dediklərinin yalan olduğunu üzə çıxardı…

Fizzə