«Sərkisyanla əlbəyaxa olmaq» xəbərinin pərdəarxası məqamları barədə…
Türkiyənin iki siyasi partiyası – AKP və MHP Azərbaycan hökumətinə müraciət edib. Onlar Azərbaycan hökumətinin Fransa Senatının qəbul etdiyi məlum qərara mövqe bildirməsini istəyirlər. Bu müraciətə ehtiyac var idimi?
Düşünürəm ki, hətta Qazaxıstan və Özbəkistan da baş vermiş hadisəyə reaksiya verməli, Türkiyə ilə həmrəylik nümayiş etdirməliydilər. Olmadı. Deməli, “Türk dünyası” adlandırdığımız “dünyanı” sazdan başqa heç nə birləşdirmir, onu da hərə bir cür çalır.
Azərbaycana gəlincə, vəziyyət fəlakətdir. Fransanın qəbul elədiyi qərara “Türkiyənin yanındayıq” deməklə münasibət bildirib, vəziyyəti yola vermək, sadəcə, Sarkoziyə “yaxşı eləmisən, bizim də bu Türkiyədən və türklərdən (türkiyəli və azərbaycanlı) çəkəcəyimiz vardı, işində uğurlar” deməkdən başqa bir şey deyil. Bəs Xocalı faciəsindən kitab yazıb, təbliğat qururdunuz… Indi o kitablarda olanları oxumaq vaxtıdır. Azərbaycan hakimiyyətinin bu cür davranışına izah tapa bilməmək acizlik deyil, sadəcə, bu olayın izahı yoxdur. Hər şey ortadadır. Əliyevlər “biz sizdən deyilik” mesajını verdilər.
Bu dilemma hardan başlayır?
Azərbaycan hakimiyyəti Türkiyəyə münasibətdə sınağa çəkildi və Israilin ətəyini buraxa bilmədi. Biz o zaman da yazdıq və dedik ki, dostun dost yeri var, amma qardaş başqadır. Indi isə məsələ Türkiyəyə münasibət deyil, Ermənistana, onun Türk dünyasına olan iddialarına münasibətdir. Fransa Senatının bu qərarına susmaq o deməkdir ki, Azərbaycan hökuməti, bu ölkəni təmsil edən parlament üzvləri Ermənistanın bu iddialarının yalan olduğunu Fransada dilə gətirməyəcəklər. Məsələn, Londonda deyəcəklər ki, bu yalandır, Parisdə isə susacaqlar, Strasburqda vəziyyət çətinləşəndə, hətta “etiraf” belə edə bilərlər. Bu “milli maraqlar”dan çıxış edərək, xalqa güc tətbiq etməyin mümkünlüyünü sübut etmək istəyən Əli Həsənovun məntiqi daxilində olduğu üçün bizim ağlımız kəsməz. Bu cür absurdu anlamaq üçün insan nə hallara düşməlidir, görəsən? Ilham Əliyev elə bilir ki, bu da daha öncəki olaylar kimi ötüb keçən məsələdir. Bir-iki günə həll olunacaq və bitəcək. Amma hesablaya bilmir ki, “erməni məsələsi” tarixi məsələdir. Onun ortaya atılması böyük oyunçuların hansısa yeni fırıldaqları pərdələmək cəhdidir. Ona görə də bu pərdə hələ bir müddət bu səhnədən asılı qalacaq. Ilham Əliyev o pərdənin arxasında gizlənməyə razı olsa, onu nə gözlədiyini bilirmi?
Sərkisyanla əlbəyaxa olmaq…
Belə məqamlarda insan özünü mat qalmaqdan saxlaya bilmir. Tarix bütünlükdə siyasi rəngkarlıqdan ibarət olsa da, bəzən tabloda elə eskizlər görünür ki, insan quruyub qalır. Söhbət “Ilham Əliyev Sərkisyanla əlbəyaxa olub” xəbərindən gedir. Fransa parlamentinin qərarına sözlə etiraz edə bilməyən Ilham Əliyev sən demə, Sərkisyanı tapdayırmış. Bu xəbəri də kim yazsa yaxşıdır? Ermənistanda hakimiyyətə yaxın media… Özü də Rusiyaya istinadən…
Biz bir nəçə gün əvvəl “Fransa dünyaya qarşı” yazımızda qeyd eləmişdik ki, Fransanın bu qərarı Rusiyanın çörəyinə bal sürtdü. Elə də olub. Yoxsa, erməni mediası niyə Ilham Əliyevin Sərkisyanı döymək istəməyindən yazsın ki? Çünki Fransa parlamentinin qərarına dinə bilməyən Əliyevi vəziyyətdən çıxarmaq lazımdır. O, strateji məsələdə susduğu üçün hansısa görüşdə xırda mübahisə epizodunun olduğunu yazmaqla, guya vətən üçün savaşa hazır olduğuna eyham vururlar. Amma bu xəbərin də bir ilginc yanı vardı – Medvedev, “cənablar, nə edirsiz?” deyən kimi, hər ikisi sakitləşib, guya. Moskva “piar” mətnini hazırlayanda onu da mesaj verib ki, “hər ikisi mənim bir sözümə bənddir”.
Seymur Həzi