İnsanov “Azadlıq”ın xəbərini təsdiqlədi

Vəkil Ağaveyis Şahverdi: “Əli müəllim dedi ki, həqiqətən də əfvlə bağlı ona yaxınlaşıblar, ancaq o, təklifdən qəti şəkildə imtina edib”

Keçmiş səhiyyə naziri Əli İnsanov sonuncu əfv sərəncamı ərəfəsində ona əfv ərizəsi yazmaq üçün təklif olduğunu və onun bundan imtina etdiyi haqda “Azadlıq” qəzetinin ötən gün yaydığı xəbəri təsdiqləyib.
Keçmiş nazirin vəkili Ağaveyis Şahverdi “Yeni Müsavat”a açıqlamasında deyib ki, dekabrın 28-də sabiq nazirlə görüşərkən yazılanlar barədə soruşub: “Əli müəllim qəzetin yazdıqlarını təsdiqləyərək dedi ki, bu, həqiqətdir. Onun sözlərinə görə, həqiqətən də əfvlə bağlı ona yaxınlaşıblar. Ancaq Əli müəllim təklifdən qəti şəkildə imtina edib. Deyib ki, heç bir cinayət törətməmişəm, təqsirim yoxdur. Ona görə də əfvlə bağlı müraciət etməmişəm və etməyəcəyəm. Xahiş etdi ki, onun dediklərini olduğu kimi mətbuata çatdırım”.
Ə.İnsanov onunla görüşən şəxsin kimliyini açıqlamayıb.
Vəkil bir məsələni də vurğulayıb: “Qanunla əfvin verilməsi prezidentin səlahiyyətindədir. Orda da göstərilməyib ki, kimsə ərizə yazmalı, yaxud müraciət etməlidir. Qanunda sadəcə yazılıb ki, prezident məhkumları əfv edə bilər. Yəni orda ərizəsi, yaxud müraciəti ilə əfv etməsi söhbəti yoxdur. Bunu kim ortaya çıxarıb, mən bilmirəm”.
Vəkil sabiq nazirin səhhətinin normal olduğunu və hər hansı ciddi şikayətinin olmadığını bildirib.
Sabiq nazirin Avropa İnsan Haqları Məhkəməsinə ünvanladığı müraciətə gəldikdə, vəkil yazışmaların başa çatdığını deyib: “Kommunikasiya 2010-cu il iyul ayının 9-da başa çatıb. Yəqin ki, məhkəmə qərarını verəcək”.
İddiadan imtinanın əvəzində kompensasiya ödənilməsi və ya azadlıq təklifi ilə sabiq nazirə müraciət edib-etmədiyinə gəldikdə isə vəkil “mənim xəbərim yoxdur” deyib.