Bu məbləğə Azərbaycanda hansı problemləri həll etmək olardı?
Qubad Ibadoğlu: “Tarkanla bir günlük əyləncəyə xərclənəcək pula 1 yaşadək uşaqlara görə verilən 33 manatlıq müavinəti 130 manat etmək olardı”
Dekabrın 31-də “Baku Expo Center”də çıxış edəcək Türkiyənin tanınmış müğənnisi Tarkanın konserti ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır. Konsertin təxirə düşməsi ilə bağlı gəzən söz-söhbəti təkzib edən təşkilatçılar indiyə qədər görünməmiş şou vəd edirlər. Tarkan səhnədə 90 dəqiqə mahnı ifa etməsinə tamaşa etmək istəyənlər ən azı 100 manatlarından keçməlidirlər.
“Yeni Müsavat” qəzetinin araşdırmasına görə, adi biletin qiyməti 100 manatdır. Bu bileti alan şəxsə iki bilet də hədiyyə olunur. Yəni 100 manat xərcləməklə üç nəfər konsertdə iştirak edə bilər. Bundan əlavə, 300 manatlıq biletə ayaqüstü yemək də daxildir. Oturaraq yemək yeməklə bərabər VIP biletlərin qiyməti isə 500 manatdır. Təsdiqlənməmiş məlumata görə, Tarkan Bakıya gəlişi üçün 400 min dollar alacaq. Amma Türkiyə mətbuatı bu barədə fərqli inofrmasiyalar verməkdədir. Türkiyənin tanınmış “Show TV” kanalının maqazin proqramlarının birində türkiyəli sənətçilərin dekabrın 31-də qazanacağı qonorarlar elan olunarkən şok məlumat yayılıb. Türkiyədən yalnız iki müğəninin – Tarkan və Hadisənin Bakıda konsert verəcəyi bildirilib. Və açıqlanıb ki, Tarkan buna görə 800 min, Hadisə isə 200 min dollar qonorar əldə edəcək.
Artıq birinci dəfə deyil ki, dünya ulduzları Azərbaycan üçün fantastik məbləğə paytaxta dəvət olunurlar. Bundan əvvəl Elton Con və digər məhşurların Bakıya təşrif buyurmasına külli miqdarda pul xərclənmişdi. Azərbaycan kimi ölkədə isə bu cür bahalı layihələri sıradan bir sahibkarın reallaşdırması mümkün olmadığından bu sifrişlərin daha çox hakim ailənin təşəbbüsü olduğu məlumdur. Elə “Baku Expo Center”in hakim ailəyə məxsus kompleks olduğu məlumdur. Amma Azərbaycanı kifayət qədər ciddi sosial-iqtisadi problemlər narahat etdiyi bir zamanda bu cür proyektlərə fantastik məbləğlər xərclənir. Amma büdcə təşkilatlarında çalışanların əmək haqqının, pensiyaçıların, tələbələrin təqaüdlərinin artırılmasına vəsait tapılmır.
Iqtisadç Qubad Ibadoğlu bildirdi ki, yeni ildə türk sənətçilərinin Bakıya gəlişinə xərclənən vəsaitə 600 nəfər məcburi köçkünün hazırda dövlətdən aldığı çörək pulunu 2 dəfə artırmaq olar. Dekabrın birindən 16 manat çörək pulu alacaq məcburi köçkünlərin vəsaitlərini 32 manat etmək mümkün olardı. Həmin vəsaitə eyni zamanda sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlara verilən sosial müavinətləri artırmaq olar. Q.Ibadoğlunun sözlərinə görə, hazırda 58 min uşaq 60 manat 50 qəpik alır ki, bu məbləği 78 manat etmək mümkündür. Ailə başçısını itirməyə görə ailə üzvlərinə verilən sosial müavinəti 49 manat 50 qəpikdən 78 manata qaldırmaq mümkündür. Tarkanla bir günlük əyləncəyə xərclənəcək pula bundan başqa, gəliri aşağı olan ailələrdə 1 yaşadək uşaqlara görə verilən 33 manatlıq müavinətin üzərinə 97 manat gələrək onu 130 manat etmək olardı. Bütövlükdə ölkədə hazırda vərəmli xəstələr üçün dövlət büdcəsindən maliyyələşən proqramın ümumi büdcəsi 2 milyon manatdır və biz bu proqramın büdcəsini 3 milyon manata qədər qaldıra bilərdik. Bu da həmin xəstələrin pulsuz dərmanlara olan çıxışını azaltmış olardı. “Azərbaycanda hazırda qan donorluğunun inkişafına 1 milyon 300 min vəsait ayrılıb. Biz Tarkanın konsertinə xərclənən vəsait hesabına bu layihənin büdcəsini 75 faiz artıra bilərdik”,- deyə Q.Ibadoğlu vurğuladı.
Hikmət


