Fərhad Əliyev niyə azadlığa çıxa bilməyib?

Kərəm Həsənov Kəmaləddin Heydərov vasitəsilə sabiq nazirin əfvə düşməsinin qarşısını alıb

Sabiq səhiyyə naziri Əli Insanovun əfvdən imtina etməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, Yeni Il ərəfəsində əfv məsələsi gündəmə gələndə Əli Insanova əfv olunmaq ərizə yazılması təklif olunub. Ona bildirilib ki, ərizə yazacağı təqdirdə azadlığa buraxılacaq. Lakin sabiq nazir ərizə yazmaqdan imtina edib və bunu ona təklif edənləri kobudluqla qovub.
Indi bəlli olur ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə və qardaşı Rafiq Əliyevlə də anlaşma olub. Lakin hakimiyyət bu anlaşmanı pozub. “Yeni Müsavat” yazır ki,  bu anlaşmaya görə, qardaşlar, ya da ən azı onlardan biri (Rafiq Əliyev) əfv fərmanı ilə azadlığa çıxmalı imiş.
Qardaşlardan Ilham Əliyevin ünvanına yazılmış ərizə də alınıb ki, ilin sonunda azadlığa buraxılacaqlar. Daha sonra isə Fərhad Əliyevə deyilib ki, öncə (bu il) qardaşı Rafiq Əliyev, 2012-nin martında isə onun özü azadlığa çıxacaq.
Yada salaq ki, “Azadlıq” da Əliyev qardaşlarının azadlığa buraxılması məsələsinin müzakirə olunması və əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun bundan ciddi narahat olması barədə məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, Kərəm Həsənov xüsusilə Rafiq Əliyevin azadlığa çıxmasından ehtiyat edir. Komitə sədri Əliyev qardaşlarının onunla bağlı bəzi məlumatları açıqlayacağından narahatlıq keçirib. Kərəm Həsənov ciddi-cəhdlə çalışırdı ki, Əliyev qardaşlarının azadlığa çıxmasının qarşısını alsın. Görünür, komitə sədri istəyinə nail olub. Bu məsələdə ona fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəstək verdiyi bildirilir.

Informasiya şöbəsi