Erməni qanunu Fransa üçün başağrısına çevrilib

Qanun layihəsi Senatın gündəliyinə daxil edilmədi; məşhur futbolçu Sarkoziyə sərt xəbərdarlıq ünvanladı

Fransada “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsi ölkə daxilində ciddi fikir ayrılığı yaradıb. Hakim Xalq Hərəkatı uğrunda Ittifaq partiyasından olan senator Roje Karuçu bildirib ki, qanun layihəsi müzakirə edilməsi üçün Senatın gündəliyinə salınmayıb.
Parlamentlə əlaqələr üzrə nazir postunu tutmuş senator Roje Karuçu bildirib ki, Senatın fevralın əvvəlinədək olan fəaliyyət proqramında qanun layihəsinin müzakirəsi yoxdur. Dekabrda keçirilən Nümayəndələr konfransı sənədi gündəliyə daxil etməyib. Senator onu da qeyd edib ki, əgər yanvarın sonunadək məsələ gündəliyə salınmayıbsa, qanun layihəsini parlament qəbul etməyəcək. Çünki, prezident seçkisi kampaniyası ilə əlaqədar martın əvvəllərində parlament fəaliyyətini dayandıracaq: “Senatın nümayəndələr konfransı yanvarın 10-da keçirilən toplantıda məsələnin gündəliyə salınması barədə qərar qəbul edə bilər”.
Qondarma erməni soyqırımı iddiasını rədd edənlərin cəzalandırılmasını nəzərdə tutan qanuna Fransanın tanınmış simaları da öz etirazlarını davam etdirir. Bu arada bir zamanlar Türkiyənin “Beşiktaş” futbol klubunun oyunçusu olmuş fransalı futbolçu Paskal Nouma qondarma erməni soyqırımı haqqında qanun layihəsini qəbul edən Fransa Parlamentinə sərt təpki göstərib. Qanun layihəsi ilə bağlı sualları cavablandıran Nouma artıq Fransaya getmək istəmədiyini deyib: “2003-cü ildən bu yana Türkiyədəyəm. Türkiyə mənim vətənimdir. Bundan əlavə, Türkiyə vətəndaşı olmaq üçün müraciət edəcəm. Türkiyə pasportunu alan kimi Fransa pasportumu çırıb atacam”.
Dünyanın müxtəlif ölkələrinı yaşayan türk və qeyri türklərin də Fransa hökumətinə etirazları davam edir. Qazaxıstanda yaşayan Ahıska türkləri də Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara etirazlarını bildiriblər. Dünya Ahıska türkləri Birliyinin prezidenti, Qazaxıstan Ahıska türkləri Milli Mədəniyyət Mərkəzinin sədri Ziyatdin Kassanov Fransa parlamentinin qəbul etdiyi qərarı ədalətsiz, haqsız və türk xalqına qarşı qərəz kimi dəyərləndirib. Ahıskalılar Fransa hökumətini ədalətsizlikdə və insan haqlarını məhdudlaşdırmaqda günahlandırıb.

Informasiya şöbəsi