Əbiyevşinanın qurbanları

Silahlı qüvvələri bir ailəyə təslim edən nazirdən nə gözləyək?

Ötən həftə ardıcıl olaraq iki dəfə Müdafiə Nazirliyinin bir hərbi hissəsində oldum. Bu yazını yazmaqdan özümü saxlaya bilmədim. Bütün müşahidələrim məni vadar elədi ki, daha bir həyəcan siqnalına müəlliflik edim.
Sözün həqiqi mənasında “SOS” vaxtıdır. Siyasi hakimiyyətin “lazım gələrsə” torpaqları azad edəcəyi iddiasında bulunduğu silahlı qüvvələrdə taqət, güc deyilən heç nə yoxdur. Silah var, amma qüvvədən danışmağın heç bir anlamı yoxdur. Ilk olaraq onu deyim ki, “dedovşina” bölmə və hissələrdən hospitallara qədər gəlib çıxıb. Silahlı qüvvələrin müalicə müəssisələri “türmə qanunları” ilə idarə olunur. Xəstə əsgərlər özlərinin təyin etdikləri qaydalarla öz “starşi”lərinə hesab və hesabat verirlər. Bu isə o deməkdir ki, müalicə müəssisəsinə dolayı yolla, dincəlmək üçün gəlmiş “xəstə”lər həqiqi xəstələr üzərində hakimiyyəti quraraq onların durumlarını daha da pisləşidirirlər. Bütün bunların baş verdiyi ordu isə, deyilənlərə görə, “lazım gələrsə”, Qarabağı azad edəcək. Bunların səbəbkarı kimi həmin hadisələri birbaşa törədən əsgərləri, ya da həmin müəssisələrin, hissə və bölmələrin kimandir heyətini suçlamaq  olar. Amma təbii ki, icraçı qismində. Fəqət problemin haradan qaynaqlandığını aydınlaşdırmaq təbii ki, vacibdir.
Səfər Əbiyev nə düşünür?
Hərçənd bu sual çox verilib, amma bir də təkrar etməkdə fayda var. Səfər Əbiyev nə vaxtsa diplomatik bəyanatlardan xilas olub öz işini görəcəkmi? Onun başçılıq etdiyi orduyla, əcaba Qarabağda hara kimi getmək olar? Düşünürəm ki, ən yaxşı halda Ağcəbədiyə kimi. Çünki, Səfər Əbiyev çoxdan Ağdamı yadından çıxarıb. Onun bütün fəaliyyəti Ilham Əliyevin bəyanatlarını təkrar etmək, bütün bir millətin, dövlətin taleyinə bağlı olan silahlı qüvvələri bir ailənin korrupsiya maraqlarına qurban verməkdir. Hərçənd 2008-ci ildə silahlı qüvvələrin Ilham Əliyevin prezidentliyə namizədliyini dəstəklədiyini bəyan etməklə Səfər Əbiyev ordunun hansı “bespredel”lə idarə olunduğunu ortaya qoydu. Ilham Əliyevə də Qarabağı alacaq yox, ona xidmət edəcək nazir lazım olduğu üçün Səfər Əbiyev hələ də məclisin başındadır. Bu vətənin gəncəcik övladları isə korrupsiyanın, “dedovşina”nın qurbanı olmaqda davam edir.  

Seymur