Analoqsuz inkişaf çökdü

2006-cı ildə Bakı-Ceyhan kəmərinin işə düşməsi ilə ölkəyə daxil olan neft gəlirlərindən dəhşətə gələn hakimiyyət mənsubları Ümumi Daxili Məhsulun 34,5 faizlik artımını təkcə xalqın yox, həm də beynəlxalq qurumların gözünə üfürüb “analoqsuz inkişaf” adlı bir istilah da uydurdular. Izahata, açıqlamalara, şərhlərə qulaq asan vardımı? Başa düşürdülərmi ki, dünyada “analoqsuz inkişaf” deyilən bir zad mümkün deyil, bu eybəcər termin ancaq iqtisadi savadsızlığın nəticəsidir.
Heç aradan bircə il də keçmədi, bəlli oldu ki, “analoqsuz inkişaf” faciəvi durumla üzləşir. Və indi, 2011-ci ilin nəticələrinə görə, Azərbaycan nəinki dünyada, hətta MDB məkanında Ümumi Daxili Məhsulun inkişaf tempinə görə, ən sonuncu yerdə qərarlaşdı – Avrasiya Inkişaf Bankının hesabatında belə göstərilir.
Ilham Əliyevsə elə “dünən” Mixail Qusmana verdiyi müsahibəsində “Azərbaycanın həqiqətən çox səmərəli və dinamik inkişaf etdiyini” demişdi, iqtisadi inkişafı “düzgün seçilmiş strategiya”, “səmərəli idarəetmə” ilə əsaslandırmışdı. Nooldu? Ötən ilin eyni dövrü ilə müqayisədə 9 dəfə (!) azalma “dinamik inkişaf” sayılır? “Düzgün seçilmiş strategiyanın” nəticəsidirmi ki, neft ixracına 50 milyon barrellik məhdudiyyət qoyulan kimi Ümumi Daxili Məhsulun inkişafı kəlləmayallaq oldu?
Bundan da artıq faciələrin anonsunu çoxdan vermişik. Əlbəttə, gözləniləndir: əzizlərim, ildə heç olmasa, bir neçə dəfə öz kiçik ailəsinin əhəmiyyətli problemini həll etmək üçün səhərə qədər yuxusuna haram qatıb çək-çevir aparmayan normal ailə başçısı göstərə bilərsinizmi? Amma 10 milyonluq xalqa rəhbərlik edən əlahəzrət açıq-açığına deyir ki, əhəmiyyətli qərarların heç biri məni narahat etməyib, arxayın yıxılıb yatmışam. Elə arxayın yatdığıdır ki, minlərlə ailənin evi başına uçurulur, insanların mülkiyyət hüququ it yerinə qoyulmur, ölkə iqtisadiyyatı sürətlə batır da; qərarı heç düşünmədən, ovqatına uyğun verdiyindəndir ki, Azərbaycan bu günlərə gəlib çıxıb da! Bir dəfə narahat olsa, tərəddüd eləsə və düşünsə, təzə təmirdən çıxan uşaq bağçasının, yenidən asfaltlanan “Avropa standartlarına uyğun” 450 metrlik yolun, 20 nəfəri işlə təmin edən kiçik bir sexin qırmızı lentini kəsmək üçün yola düşərmi?
Ölkənin, işğal altında olan Qarabağın və 10 milyonluq vətəndaşın taleyini həll edən prezident rahat-rahat yatırmış. Elə bu yatışın təzahürüdür ki, ölkənin gündəlik qəzetlərindən birinin baş redaktoru Əvəz Zeynallını nə üçün türməyə soxduqlarını müəyyənləşdirə bilmirlər. “Külli miqdarda rüşvət tələb etmə” maddəsi ilə (311) həbs ediblər, sübut yox; Ədliyyə Nazirliyinin qaldırdığı və dərhal da bağladığı “məhkəmə qərarlarının icrasına mane olma” maddəsini (306) işə qoşmağa çalışırlar, sübut yox… Indi də Vergilər Nazirliyinin müfəttişi telefon açır ki, əmlakı müsadirə olunan, möhürünə qədər götürülən, ofisindən çıxarılan redaksiyada vergi yoxlaması aparmalıyam. Çünki “Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin müstəntiqi deyib ki, 5 gün müddətində işi yekunlaşdırıb təcili bizə təhvil ver”. Adamı həbs ediblər, amma bilmirlər hansı maddəni üstünə yükləsinlər. Ölkə başçısı narahat olsaydı, qərar verməzdən əvvəl yuxusuna azacıq haram qatsaydı, belə hüquqi biabırçılıq üzə çıxardımı?
Hüququ da, siyasəti də, iqtisadiyyatı da bu gündədir ölkənin. Bəs, arxayın yatan prezidentin “idarə etdiyi” dövlət necə olmalıdır ki?!
Prezidentlərin əlbəyaxa olmağı
Erməni mətbuatının Ilham Əliyevlə Serj Sərkisyan arasında mübahisə düşməsi, hətta stuldan qalxaraq itələşmələri, Dmitri Medvedevin bir işarəsi ilə sakitləşmələri haqda yazdıqları diqqətimi çəkdi, amma inanmadım. Daha doğrusu, hadisənin mümkünlüyünü istisna etməsəm də, məhz bu axarına inanmadım. Çünki Ilham Əliyev idmana çox meyllidir və turnikdə 10 dəfə dartınmağı bacardığını hamıya nümayiş etdirib. Onun tabeliyində olanlarla bəzən şillə və təpik dilində danışdığı haqqında da ara-sıra məlumatlar gəzir. Yəni, bir növ adətkərdədir və yuxarıda da bir “Quran”lıq söz danışdıq ki, əlahəzrətimiz qərar verəndə fikirləşmir. Ola bilər ki, əsəbini cilovlaya bilməyib və stuldan qalxıb. Amma siz inanırsınızmı ki, Ilham Əliyev doğrudan da Sərkisyanı itələsəydi, Serjik ayaq üstə qala və müqavimət göstərə bilərdi?
Doğrudanmı inanırsınız ki, Ilham Əliyev Serjiklə əlbəyaxa savaşa girsəydi, savaş əmrini verməzdi?
“Verməzdi” deyənlərin nəzərinə: axı, o, mühüm qərarların qəbulunda tərəddüd etmir. Bəlkə, Qarabağın qaytarılması “qərarlar” rasionunda yoxdur…