Alışanovun məşhurluq sevdası

AzTV sədrinin özünü tanınmışlara sırımaq istəyi nədən qaynaqlanır?

Ötən həftə Bakının fərqli mədəniyyət müəssisələrində, kitabxana, muzey və ali təhsil ocaqlarında Azərbaycan sovet jurnalistikasının parlaq nümayəndələrindən biri, görkəmli redaktor və mətbuat təşkilatçısı, yaddaşlarda layiqli insan kimi qalmış Nəsir Imanquliyevin 100 illik yubileyi qeyd olundu. Əlbəttə, layiq olanlara yubileylər düzənlənməsi yaxşıdır, amma yaxşı olmayan hal belə tədbirlərdə təsadüfi adamların gözə girməsi, cəmiyyətdə hec bir hörməti olmayan, əksinə, bəd əməlləri ilə insanların nifrətini qazanmış kəslərin belə toplantılardan faydalanmağa cəhd etməsidir.
Bu mənada adını çəkdiyimiz yubiley də istisna olmadı. Nəsir müəllimin vaxtilə rəhbərlik etdiyi, indi ayda-ildə bir dəfə çıxan “Bakı”-“Baku” qəzetlərinin əməkdaşları boynu bükük vəziyyətdə bir kənarda qaldılar, onların səsini eşidən olmadı. Əvəzində heç Nəsir müəllimin üzünü görməmiş bəzi dil pəhləvanları meydan suladı. Onunla bağlı mətbuatda gedən bəzi yazılarda və buraxılmış kitabçalarda da belə yad notlar səsləndi…
Tədbirlərin birində əlimə yubilyarın nəfis tərtibatla buraxılmış “Biblioqrafiya”sı keçdi. Girişdən və bəzi imzalardan belə anladım ki, bu nəşr BDU-da hazırlanıb, xırda-para nöqsanlarına baxmayaraq, insafən ilk baxışda xoş təsir bağışladı. Amma bir böyük “əmma” qanımı xeyli qaraltdı… Kitabçanın “Nəsir Imanquliyev xatirələrdə” adlı bölməsində (səh.55-67) bir xeyli görkəmli mədəniyyət, mətbuat və incəsənət xadiminin yubilyar haqqında maraqlı fikirləri çap olunub. Burada Bəxiyar Vahabzadə, Anar, Balaş Azəroğlu, Arif Məlikov, Şirməmməd Hüseynov kimi ziyalılarla bir səhifədə kimin “ürək sözləri” verilsə yaxşıdır? Mədəniyyətə, mətbuata, jurnalistikaya heç bir aidiyyatı olmayan, bugünkü “fəaliyyətilə” mətbuatın “qəhrəmanı”na çevrilən, adı davamlı çəkildə maliyyə pozuntularında hallanan və ən başlıcası ictimai davranış baxımından N.Imanquliyevin ruhuna zidd olan AzTV-nin mühasib-sədri Arif Alışanovun. Onun adından yazılmış çox mənasız cümlələri oxuyandan sonra düşündüm ki, ilahi, görəsən indiyə kimi hələ bir bitkin cümləsi eşidilməyən A.Alışanovun bu cəfəngiyyatlarını kitabçaya daxil edənlər hansı məqsədi güdüblər? Axı Alışanovun kimliyi, hansı məzhəbə qulluq etməsi, hansı səviyyənin yiyəsi olması BDU rektoruna da, kitabı hazırlayanlara da yaxşı məlumdur. Görəsən, Nəsir müəllim haqqında danışmaqla (xüsusən də öz sözləri ilə yox) A.Alışanovun imici dəyişirmi? Yaxud kitabın buraxılışına məsul olan Cahangir Məmmədli AzTV rəhbərinin adını professor Şirməmməd Hüseynovla eyni statusda təqdim edəndə mühasib-sədrin ictimaiyyətə məlum olan obrazı itirmi? Bəlkə bu adamlar üçün insanın kim olmasının, dünənə qədər (və elə indi də) hansı adı daşımasının və ümumiyyətlə, şərəf, ləyaqət anlayışının heç bir önəmi yoxdur?
Təəssüf ki, dəyərlərin tapdalandığı bir vaxtda bu məsələ ayrıca önəm daşıyır. Xalqın mənəviyyatına təcavüz edənlər əllərinə fürsət düşən kimi özlərinin mələk obrazını yaratmağa, ləkəli adlarını dürüst insanların adlarına calamağa çalışırlar. Indi Alışanovlar da bu yolla gedirlər. Hələ il yarım əvvəl onlar özlərini Vaqif Mustafazadənin qohumları kimi qələmə verərək, onun ev muzeyini ələ keçirməyə çalışrdılar. Lakin muzeyin direktoru Afaq xanım vaxtında duyuq düşərək AzTV sədrinin bəd niyyətinin qarşısını ala bildi.
Bu gün bəzi mədəniyyət tədbirlərində, həm də mahiyyətini açıq-aşkar anlamadığı toplantılarda AzTV rejissorları A.Alışanovun sifətini ttamaşaçılara tez-tez iri planda göstərməyə çalışırlar. Guya, onu bizlərə tanıdıb məşhur edəcəklərmiş. Lütfən, əziyyət çəkməyin, cənablar! Xalq onu çoxdan tanıyır və AzTV-dəki “səmərəli fəaliyyətindən” də gözəl xəbərdardır…

Azər Türkel