Aslan Ismayılov: «Imkan verməsələr, mağar alıb tədbirimizi orada keçirəcəyik»
Eldar Namazov: “Iclasın keçirilməsi üçün yer tapılacağına inanıram”
Azərbaycan Ziyalılar Forumunun dekabrın 29-da keçirilməsi planlaşdırılan toplantısı ilə bağlı ziddiyyətli informasiyalar yayılmaqdadır. Belə ki, bəzi informasiyalara görə, cəmiyyətdə böyük maraqla gözlənilən toplantının keçirilməsi ilə bağlı yer problemi yaşana bilər. Ziyalılar Forumunun üzvü, tanınmış vəkil Aslan Ismayılov “Bizim yol”a açıqlamasında bildirib ki, Forumun növbəti toplantısının keçirilməsi üçün müvafiq yerin əldə edilməsi ona tapşırılıb.
Və o, artıq bir neçə yerə müraciət etsə də, razılaşma olmayıb: “Bu gün mən heç bir tədbiri olmayan və Əli Həsənova məxsus olan Beynəlxalq Mətbuat Mərkəzinə müraciət etdim. Məqsədim Ziyalılar Forumunun iclasını burada keçirmək idi. Ancaq bizə yer verməkdən imtina etdilər. Bir zalı istəyəndə bəhanə gətirdilər ki, dekabrın 29-da tədbir var. Baxmayaraq ki, bu tarixdə heç bir tədbir yoxdur. Başqa zalı istəyəndə isə dedilər ki, ora təmirə dayanıb. Şübhəsiz ki, bu da yalandır”.
Axtarışların davam etdiyini deyən A.Ismayılov vurğulayıb ki, Ziyalılar Forumunun bir neçə üzvü də məkan axtarışındadır: “Indiyə qədər heç bir prosesi siyasiləşdirmək istəmirəm. Ona görə ki, siyasət olan yerdə olmaq istəmirəm. Amma bu münasibəti görəndə gördüyümə yox deyə bilmərəm. Əgər bizə də yer ayırmasalar, yəqin mağar alıb tədbirimizi orada təşkil edəcəyik. Hələlik bu məsələ müzakirə mövzusu deyil”.
Azərbaycan Ziyalılar Forumunun qurucularından biri olan Eldar Namazov isə deyib ki, tədbir baş tutacaq. E.Namazovun sözlərinə görə, artıq bütün təşkilati işlər yekunlaşıb, müzakirəyə çıxarılacaq mövzular, məruzəçilərin kimliyi müəyyənləşdirilib. Politoloq iclasın keçirilməsi üçün yer tapacaqlarına inanır: “Yeni il qabağı tədbirlər çox olduğundan böyük tədbir üçün yer tapmaq həmişə müəyyən qədər çətin olur. Hazırda forumun 29 dekabr toplantısı üçün icarəyə yer götürmək məqsədilə danışıqlar aparırıq. Ümid edirəm ki, arzuladığımız ünvanlardan biri ilə müqavilə imzalayacağıq”.
Xatırladaq ki, Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Qurumun missiyası ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır. Cəmiyyətdə kifayət qədər böyük səs-küyə səbəb olan təşkilatın son toplantısından sonra tanınmış ziyalı Rafiq Əliyev hakimiyyətin basqıları ilə üzləşmişdi.


