Polis qəsəbə sakinlərini dədə-baba mülkündən zorla çıxarır
Dekabrın 24-dən etibarən Türkan qəsəbəsində sökhasök başlayıb. Səbəbsə qanunsuz yerə insanların evlərinə hücum edib, mülklərini əllərindən almaqdır. “Camaatın evlərini veriblər traktorun ağzına. Bu gün bazardır. 30-40 polisi töküblər, həyətləri sökürlər. Adını da qoyublar ki, keçmiş qəsəbə soveti sədrinin sərəncamları qanunsuzdur. Danışanı da həbs edir, 5 sutka verirlər. Qəsəbədə özbaşınalıqdır” – deyir, qəsəbə sakini Vüqar Əmirov.
Vüqar Əmirov bu işlərin arxasında qəsəbə “soveti” sədrinin durduğunu bildirir: “Qəsəbə sovetinin sədri camaata qan ağladır. Gəlir deyir ki, sənin torpağına 20 min manat verirəm. Biz bununla razılaşmırıq. Mülkümüzü verir traktorun ağzına”.
Başqa bir sakin Məmmədağa Mayılovun sözlərinə görə, ötən gün polis onun da hasarını sökmək istəyib: “Mən burada tək yaşamıram, bir neçə ailə yaşayır. Qohumlarım – qaynım, qardaşım, oğlum ev tikib. Hüquq-mühafizə orqanlarının əməkdaşları deyir ki, nəyiniz var yığışdırın, evi tərk edin. Buranın satıldığını deyirlər. Heç nə anlamaq olmur. Necə satıla bilər ki, 15 ildir burada yaşayırıq. Əlimdə sənədim də var. Bura mənim dədə-baba torpağımdır. Etiraz etdiyimizə görə oğlumu da tutmuşdular, 5 sutka saxlayıb buraxdılar. Mənimlə bağlı cinayət işi də qaldırıblar ki, guya öz dədə-baba torpağımı zəbt etmişəm. Arxivdən sənədlər çıxartdım ki, bura bizim mülkümüzdür”.
Ötən gün qəsəbə sakinləri torpaqlarının əllərindən alınmasına etiraz olaraq Hövsana gedən yolu bağlayıblar. Əraziyə polis gəlsə də, yolu asanlıqla aça bilməyib.
“Dədə-baba torpaqlarımızı polis bölməsi məmurlara satır. Əraziyə gələn polis əməkdaşları bir söz demirlər. Rəisin gələcəyini desələr də, ancaq heç kim gəlmədi. Əlimizdə arxiv sənədlər var. Ancaq polisdə bizə Abşeron Rayon Icra Hakimiyyətindən alınmış yeni sənədlər təqdim edilib. Bizdən tezliklə evlərimizdən çıxmağı tələb edirlər” – deyir, qəsəbə sakinləri.
Sakinlər deyir ki, onların torpaqlarını polis rəisi alıb baha qiymətə satır: “Torpaqlarımızı 20-30 min manata satır. Abşeron Rayon Icra Hakimiyyəti onların 90-cı illərdə aldıqları şəhadətnamələri tanımır və torpaqları bir başqasına satıb. Xəzər Rayon Polis Idarəsi isə bizdən tələb edir ki, bu ərazini tərk edək. Çünki bu torpaqları alan sahibkar ərizə ilə polisə müraciət edib. Bütün bu işlərin başında Xəzər rayon polisinin səlahiyyətliləri durur, başqa sözlə, torpağı qeyri-qanuni satan onlardır. Nə məhkəmə qərarı var, nə sökülən əmlakın siyahısı. Aidiyyəti qurumlardan xahiş edirik ki, komissiya göndərib bu haqsızlığa son qoysunlar”.
Sakinlər problemləri həll edilməyənə qədər, yenə evlərinə hücum olacağı təqdirdə bu cür etiraz aksiyaları keçirəcəklərini deyirlər.
Türkan qəsəbə icra nümayəndəsinin müavini Firudin Məmmədov isə “Azadlıq” radiosuna münasibət bildirərkən deyilənləri təkzib edib: “Torpaq Abşeron rayonunundur. Düzdür, kənd sakinləri o torpaqları zəbt eləyib. Amma bizə aidiyyəti yoxdur, biz nə torpaq, nə də ev satırıq. Biz heç kimin yerini də zəbt etmirik”.
Hadisə yerinə gələn Xəzər rayon Polis Idarəsinin rəis müavini Mehman Isayev də torpaqları polis rəisinin satması ilə bağlı deyilənləri əsassız sayır: “Bu torpağı bir vətəndaş alıb, sənədi də var, bu barədə istintaqda materiallar da var. Bunlar isə heç bir sənəd təqdim etməyiblər. Polis bölməsində istintaqda material var ki, bu torpaqlar zəbt olunub. Sənədləri varsa, gətirsinlər təqdim etsinlər”.
Sözügedən torpaqlara cavabdeh olan Abşeron Rayon Icra Hakimiyyətindən isə hadisə yerinə gələn olmadı. Xəzər Rayon Icra Hakimiyyəti başçısının müavinləri isə narazı sakinləri qəbul edib onlara məsələni araşdıracaqlarını vəd verdilər. Vədə görə, məsələyə aydınlıq gətirilməyənədək həmin ərazidə hər hansı tikinti aparılmasının qarşısı alınacaq.
Ramin DEKO