TQDK sədri yenə təhsil nazirini “vurdu”

Məleykə Abbaszadə-Misir Mərdanov qarşıdurması niyə alovlanıb?

“2009-cu ildən başlayaraq biz orta məktəblərdə keçirilən mərkəzləşmiş test imtahanları ilə bağlı təkliflərimizi Təhsil Nazirliyinə göndərmişik, lakin bu 3 il ərzində həmin imtahanların nəticələrində irəliləyiş görmədik. Bu problemlər birgə müzakirə olunmalıdır.
2002-ci ildən biz attestat qiymətləri ilə qəbul imtahanlarının nəticələrini müqayisə edib Təhsil Nazirliyinə məlumat vermişik. 2003-cü ildən isə bununla bağlı ictimaiyyəti məlumatlandırmağa başlamışıq. O zaman əlaçıların sayı 4500-dən çox idi. Indi əlaçıların sayı xeyli azalsa da, 0-100 bal nəticə göstərən əlaçılar hələ də var”. Modern.az saytınən məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O həmçinin qeyd edib ki, mərkəzləşdirilmiş imtahanlarda attestat ala bilməyən gəncin taleyindən də narahatdır: “2011-ci ildə orta məktəbi bitirən 100 min məzundan 20 faizi attestat almayıb. Attestat alan 19,63 faiz məzun imtahanlarda iştirak üçün sənəd versə də, iştirak etməyib. Məzunların 32 faizi qəbul olmayıb, qalanları isə müxtəlif ballarla ali təhsil müəssisələrinə və orta ixtisas məktəblərinə daxil olublar. Belə çıxır ki, 70 faizdən çox məzun əmək bazarınaorta məktəbdə aldığı biliklərlə daxil olur. Gələcəkdə həmin şəxslər əmək bazarındakı rəqabətə davam gətirə bilməyəcəklər”
Məleykə Abbaszadə bu açıqlamaları ilə növbəti dəfə təhsil Misir Mərdanovu pis vəziyyətdə qoyub. Bundan əvvəl TQDK sədri təhsil nazirinin ünvanına bir sıra ittihamlar səsləndirmişdi. Hətta dolayısı ilə Misir Mərdanovu rüşvətxorluqda suçlamışdı.
Mətbuatda dəfələrlə TQDK sədri ilə təhsil naziri arasındakı münaqişənin əsl səbəbləri barədə yazılıb. Bir daha xatırladaq ki, Məleykə Abbaszadə-Misir Mərdanov qarşıdurması əslində hakimiyyətdaxili ziddiyyətlərin təzahürüdür. Bu savaşın əsası Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev tərəfindən qoyulub. Sonradan PA-nın şöbə müdiri Fatma Abdullazadə və Məleykə Abbaszadə bu qarşıdurmaya cəlb edilib. Misir Mərdanova qarşı birləşən adıçəkilən şəxslər bir neçə ildir ki, onun vəzifəsindən uzaqlaşıdırılmasına çalışırlar. Gözlənilirdi ki, bu il sonuna qədər Misir Mərdanov istefaya göndəriləcək. Lakin gözlənilmədən təhsil naziri 3 müavinini işdən azad etdi.  Bəzi məlumatlara görə, Misir Mərdanov bu addımı ilə özünü sığortalayıb. Onun Paşayevlərə sığınaraq postunu qoruduğu bildirilir. Görünür, elə bu səbəbdəndir ki, Misir Mərdanov müavinlərini azad etdikdən sonra qarşı tərəf – Ramiz Mehdiyev, Fatma Abdullazadə və Məleykə Abbaszadə ona qarşı açıq hücuma keçib.

İnformasiya şöbəsi