Sarkozi Bakıya Fransanın mənfəəti üçün gəlmişdi

Hulusi Kılıç: «Fransa özünün həmsədrlik missiyasını şübhə altına alır, mən də belə düşünənlərə qatılıram»

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçın APA-ya müsahibəni ixtisarla dərc edirik.

– Fransa Milli Assambleyasında “qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə” cəza nəzərdə tutan qanun layihəsinin qəbul edilməsini necə qiymətləndirirsiniz?
– Fransa Milli Assambleyasının bu qərarını qınayıram. Qanun layihəsi 577 deputatdan ibarət Milli Assambleyanın 55 millət vəkilinin iştirakı ilə qəbul edilib. Bu iclasa qatılan və qərarın lehinə səs verən fransız millət vəkillərinin tarixçi olmadıqlarına görə tarix qarşısında böyük məsuliyyət daşıyacaqlarını düşünürəm. Qərarın lehinə səs verənlərin maddi qazanc əldə etdiyi barədə də bilgilər var. Bu qərar tək Türkiyəyə deyil, bütün türk xalqına qarşı edilmiş hörmətsizlikdir. Dolayısı ilə hər kəsin bu qərara etiraz etməsi lazımdır. Fransız xalqının 68 faizinin bu qərarı qəbul etmədiyi görünür. Bu qanun layihə Senatdan keçərsə Fransa 1789-cu il inqilabının öncəsinə qayıtmış olacaq. Düşüncə azadlığı, fikir azadlığı, ifadə azadlığı aradan qalxacaq. Bu qərarla tarixçilər də öz işlərini həyata keçirə, tarixi hadisələri sərbəst şəkildə müzakirə edə bilməyəcəklər. Hesab edirəm ki, Milli Assambleyanın qəbul etdiyi qərar Fransa üçün ləkədir. Çünki fransız xalqı bu qərarı qəbul etmir və fransız xalqı həmişə azadlıq
istəyində olub. Mən Fransa Senatının daha ağıllı davranacağına inanıram. Bizim istəyimiz budur ki, tarixçilərin işini siyasətçilər görməsin.

– Sizcə, Fransa belə bir qanun qəbul etməklə hansı məqsədləri güdür?
– Düşünürəm ki, bu qərar Fransada keçirilməsi planlaşdırılan prezident seçkiləri zamanı Sarkozi tərəfindən erməni diasporunun səsini almağa hesablanıb. Bu qərar Sarkozinin siyasi bir manevridir.

– Bu qanunun qəbulu Türkiyə-Fransa, eləcə də Türkiyə-Ermənistan münasibətlərinə necə təsir göstərəcək?
– Ilk növbədə bu qanun Türkiyə-Fransa münasibətlərinə mənfi təsir göstərəcək. Təsdiqlənməsi halında isə tərəfimizdən əlavə addımlar atılacaq. Artıq baş nazirimiz Rəcəb Tayyib Ərdoğan Ankaranın atacağı addımları açıqladı. Bu qanunun Türkiyə-Ermənistan münasibətlərinə də heç bir faydası olmayacaq, əksinə, Türkiyənin Ermənistanla münasibətlərinə mənfi təsir göstərəcək. Bu nifrət, kin və düşmənlik aşılayan qərarı ilk təqdir edən Ermənistan prezidenti oldu. Bir daha deyirəm ki, qərarın heç kimə xeyri olmayacaq.

– Fransanın belə bir qanun qəbul etməklə ATƏT-in Minsk Qrupundakı vasitəçilik missiyasını da şübhə altına saldığını düşünmək olarmı? Sizcə, bu vəziyyətdə Azərbaycan hansı addımı atmalıdır?
– Azərbaycanın atacağı addımlar barədə fikir bildirə bilmərəm. Bu mövzuda prezident Abdullah Gül açıqlama verdi. Azərbaycandan da çox sayda millət vəkili, ziyalı bununla bağlı fikirlərini açıqladılar. Gördüyümüz kimi, 20 ildir Qarabağ problemi həllini tapmayıb. Minlərlə qardaşımız, bacımız evlərindən köçkün düşüb. Bu addımı ilə Fransa özünün həmsədrlik missiyasını şübhə altına alır. Mən də belə düşünənlərə qatılıram. Fransa prezidenti Sarkozinin oktyabr ayında bölgəyə etdiyi səfər göstərdi ki, Fransa tərəf tutur. Ermənistanda bir gün qaldığı halda, Azərbaycanda 3 saat oldu. Sarkozi Bakıya Fransanın mənfəəti üçün, fransız məktəbinin təməlqoyma mərasiminə gəlmişdi.

– Necə düşünürsünüz, yaranmış vəziyyətdə Türkiyə və Azərbaycan hansı birgə addımları ata bilər?
– Türkiyə ilə Azərbaycanın siyasəti bir-biri ilə uzlaşır. Biz ortaq xarici siyasət yürüdürük. Bu məsələdə hansı addımları atacağımız barədə qərar isə qarşıdakı dövrdə üst səviyyədə keçiriləcək görüşlərdə alınacaq. Ümid edirəm ki, Senat bu qanunu təsdiq etməz, biz də yolumuza bu şəkildə davam edərik. Qoy tarixlə tarixçilər məşğul olsun.
Mən Azərbaycanda Fransanın bu haqsız qərarına etiraz edən  hər bir kəsə ölkəmiz adından təşəkkürümü bildirirəm.