ABŞ prezidentliyinə namizəd Rusiya baş nazirini «köhnə düşüncəli» adlandırdı
Rusiyanın baş naziri Vladimir Putin müxalifətin keçirdiyi aksiyalar zamanı səsləndirilən etiraz və tələblərə münasibət bildirib. O, Rusiya müxalifətini sərt tənqid edərək, hazır proqramı və vahid lideri olmamağa görə qınayıb. Baş nazir tərəfdarlarıyla keçirdiyi görüşündə deyib ki, Rusiya müxalifətinin məqsədi məlum deyil.
Putin bəzi dairələrin gələn ilin martında keçiriləcək prezident seçkilərinin legitimliyinə zərər vurmağa hazırlaşdığını söyləyib. Baş nazir prezident seçkilərinin tamamilə şəffaf olmasını istədiyini deyib. O, seçkilərin ədalətli keçirilməsinin yolları barədə də danışıb. Baş nazir prezident seçkilərində qalib gəlmək naminə saxtakarlıqlara yol verilməməli olduğunu vurğulayıb.
Rusiya baş nazirinin müxalifətə yönəlik sərt ittihamlarına cavab verən müxalif liderlərdən biri, tanınmış blogger Aleksey Navalnı bildirib ki, Putinin fikirləri onun avtoritar düşüncəsindən qaynaqlanır. Navalnı Rusiya müxalifətinin hədəfinin hazırkı rejimin dəyişdirilməsi olduğunu xatırladıb. Müxalif lider Rusiya hakimiyyətində təmsil olunanları həbslə hədələyib: “Kreml və Ağ evdə oturanlar qəsbkardırlar. Onlar hakimiyyətin yuxarı eşelonunda qanunsuz əyləşiblər. Orada əyləşənlərə qarşı cinayət işi qaldırıb, hamısını həbsxanaya göndərmək lazımdır”.
Rusiya baş nazirinə qarşı növbəti ağır ittiham ABŞ-dan gəlib. Məşhur amerikalı siyasətçi, Respublikaçıların prezidentliyə ən şanslı namizədi Mitt Romni Vladimir Putini bütün dünya üçün böyük təhlükə adlandırıb: “Putin prezidentliyə köhnə düşüncəsi ilə qayıtmaq istəyir. O, bütün dünyanın sabitliyinə ciddi təhlükələr yaradacaq”.
Informasiya şöbəsi