Qazaxıstan hakimiyyəti Janaozen hadisələrini başqalarının boynuna qoymaq istəyir
Qazaxıstanın elektron mediası hökumətin Janaozen hadisələrini ciddi araşdırmaq və əsl səbəbləri ortaya çıxarmaq niyyətində olmadığı xəbərini yayıb. Müxalifətə yaxın mənbələrin məlumatına görə, hüquq-mühafizə orqanları silahsız etirazçılara atəş açanları axtarmaq əvəzinə, olaylarda Qərbin “barmağı”nın olub-olmamasını araşdırır.
Müxalifyönlü “Respublika” portalı redaksiyaya daxil olmuş naməlum məktuba istinad edərək məlumat yayıb ki, Prezident Administrasiyası Dövlət Təhlükəsizlik Komitəsinə tapşırıq verib ki, Qazaxıstanın tanınmış iş adamı Muxtar Ablyazovun Janaozen olaylarının əsas təşkilatçısı kimi günahlandırılmasına dair plan hazırlasın. Ablyazov “BTA Bank”ın rəhbəri olub və Qazaxıstan hakimiyyəti onu 4 milyard dolları mənimsəməkdə ittiham edir.
“Janaozendəki hadisələrlə bağlı cinayət işinin istintaqının tezliklə başa çatması üçün xüsusi xidmət orqanının bütün heyəti gücləndirilmiş iş rejiminə keçib. DTK tərəfindən öyrədilmiş xüsusi qrup Muxtar Albyazova qarşı qoyulacaq. Istintaq işində tanınmış sahibkarın Nazarbayev hakimiyyətinə qarşı demokratik institutları məhdudlaşdırmaqla bağlı sərt ittihamları da yer alır”, – deyə portala daxil olan naməlum məktubda qeyd olunub.
Xatırladaq ki, dekabrın 16-da Maqnitsk adminstrativ rayonunun Janaozen vilayətində maaşlarının artırılması tələbilə etiraz aksiyası keçirən neftçilərlə polislər arasında yaranmış qarşıdurma zamanı 16 nəfər dünyasını dəyişib. Bundan sonra vəziyyətin nəzarətdən çıxmaması üçün ölkə başçısı Nursultan Nazarbayev bölgədə fövqəladə vəziyyət elan edib. Prezident olaylarla bağlı Maqnitsk rayonunun qubernatorunu, maaşlarını tələb edən neftçilərin çalışdığı şirkətin rəhbərini və onlarla yanaşı, öz kürəkəni və eyni zamanda, ölkənin neft sektorunun ən böyük kampaniyasının prezidenti Timur Kulibayevi tutduğu postdan uzaqlaşdırıb.